Tribuna İnformasiya Agentliyi

Ziya Məmmədovun tilsimlənmiş kreslosu – Hələ də Nəqliyyat Nazirliyi ləğv olunmayıb

18 May

Ötən ilin fevralında prezident İlham Əliyevin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqda imzaladığı sərəncamla Azərbaycanda 2 nazirlik birləşdirildi. Sərəncama uyğun olaraq, Ramin Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olundu

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Nəqliyyat Nazirliyinin birləşdirilməsindən sonra 2002-ci ildən nəqliyyat naziri işləyən Ziya Məmmədov faktiki olaraq nazir postundan uzaqlaşdırılmış oldu. O, nəqliyyat naziri postunu tutduğu illər ərzində ölkədə nəqliyyat problemi “xroniki xəstəlik” halını almışdı. 15 illik nazirliyi dövründə Bakı və Bakıətrafı qəsəbələrə gedən marşrutlarda bitməyən problemlərin həlli istiqamətində kəsərli addımlar atılmırdı. Ziya Məmmədov marşrut problemlərinin həllinə deyil, onların idarə edilməsinə daha çox həvəs göstərirdi. Hər il bu məqsədlər üçün dövlət büdcəsindən ayrılan böyük vəsaitlərin izlərini də itirməyi bacarırdı. 2017-ci ilin fevralında onu tutduğu postdan çox incə şəkildə uzaqlaşdırdılar. Bundan sonra Bakı və Bakıətrafı qəsəbələrə gedən marşrutlarda problemlərin aradan qaldırılacağına ümidlər yaranmışdı. Hazırda şəhərdaxili nəqliyyatda vəziyyət yaxşılığa doğru dəyişsə də, Bakıətrafı qəsəbələrə gedən marşrutlarda Ziya Məmmədovdan qalma problemlər yaşanmaqdadır.

Axşamtərəfi Bakıətrafı istiqamətə yolu düşənlər də şahiddirlər ki, şəhərdənkənar marşrutlar üzrə hərəkətdə olan avtobusların qapıları açıq, sərnişinlər qapılardan sallanmış şəkildə mənzil başına daşınırlar.

Yada salaq ki, Ziya Məmmədovun ailə holdinqi “Garant Holdinq”in bir vaxtlar Bakının sərnişindaşıma nəqliyyatında inhisarçı mövqedə olan “Transgate” MMC-yə sahib idi. Ziya Məmmədovun kreslosu laxlayandan sonra “Transgate”ə məxsus avtobuslar istifadəyə yararsız adı ilə Bakını əhatə edən marşrut xətlərindən çıxarıldı. MMC-yə məxsus 10-dan çox marşrut başqa daşıyıcılara təhvil verildi. Amma bununla da marşrut problemi həll edilmədi. Maraqlıdır ki, Ziya Məmmədovdan qalma, Bakının mərkəzində ucaldılan və bir vaxtlar hər kəsin onun klanı üçün “xilas kəməri” hesab etdiyi “Trump Tower” də artıq özgəninkiləşdirilib. Amma sabiq nazirdən miras qalan nəqliyyat probleminə isə hələlik tam olaraq sahib çıxan yoxdur.

Xatırladaq ki, Ziya Məmmədov hakimiyyətdəki mövqelərini itirdiyi günlərdə onun oğlu Anar Məmmədovun özünə dost elan etdiyi Donald Tramp ABŞ-da prezidentliyə namizəd idi. Trampın prezident seçilməsindən sonra Azərbaycanda buna ən çox sevinən Məmmədovlar ailəsi idi. Ziya Məmmədovun karyerasının qürub etdiyi bir zamanda oğlu Anar Məmmədovun dostu Trampın supergüc dövlətin prezidenti seçilməsi ciddi tramplin ola bilərdi. Belə iddialar da vardı ki, Ziya Məmmədov Trampın prezident seçilməsi şərəfinə ziyafət təşkil edib. Oğlu Anar Məmmədov da ABŞ seçkilərinin nəticəsini toy-bayrama çevirmişdi. Hətta belə xəbərlər dolaşırdı ki, Ziya Məmmədov yolunun vitse-prezidentliyə açıldığını düşünür, revanşa hazırlaşırmış. Lakin çərxi-fələk tam əksini ortaya qoydu. Tikinti maqnatı olan milyarder Donald Tramp azərbaycanlı məmur-oliqarx oğlu Anar Məmmədova görə ölkəsində kəskin tənqidə məruz qaldı, iş o yerə çatdı ki, Donald Trampın adını daşıyan dəbdəbəli hotellər şəbəkəsinin Azərbaycandakı binası üzərindən “Trump Tower” sözləri söküldü.

Halbuki 2014-cü ildə Tramp bəyan etmişdi ki, “Trump İnternational Hotel & Tower Baku” “Trump Organization”un standartlarını daşıyan ən yaxşı qlobal inkişaf layihələrindən biridir. Trampın adını daşıyan binaların çoxu kimi Bakıdakı hotel də ona məxsus deyildi. Bina Məmmədovun nəzarət etdiyi “Garant Holdinq” tərəfindən tikilmişdi və onun şirkətinə məxsus idi.

Tramp adının bu hoteldə istifadə edilməsinə və layihə ilə bağlı təcrübəsinə görə sərfəli komissiyon haqqı olaraq 2,5 milyon dollar alıb. Yayılan maliyyə sənədlərindən məlum olurdu ki, Anar Məmmədovun hotelini idarə etmək üçün “THC Baku Hotel Manager Services LLC”, “THC Baku Hotel Manager Services Member Corp.” , “THC Baku Services LLC” və “THC Baku Services Member Corp.” adlı şirkətlər təsis edilib. Həmin şirkətlərin ikisində Donald Tramp 100 faiz, ikisində isə 99 faiz paya malikdir. Hotelin Trampın dəbdəbəli hotellər zəncirinin bir hissəsi kimi idarə olunacağı haqda da xəbərlər vardı. Amma bu baş vermədi. Hoteldən “Trump Tower” sözləri söküləndən sonra Ziya Məmmədovun rəhbərlik etdiyi nazirlik də yenidən təşkil edildi. Ziya Məmmədov və komandası işsiz qaldı. Ziya Məmmədov nəqliyyat naziri kreslosunu sanki tilsimləyib. Yeni yaradılan nazirlikdə məhz nəqliyyat sektoru üzrə əsaslı dönüş o qədər də nəzərə çarpmır. Problemlər qalmaqdadır. “Yeni Müsavat”