Tribuna İnformasiya Agentliyi

Ziya Məmmədov “geri dönür” – Yeraltı keçiddədir

27 Dekabr
Sabiq nəqliyyat naziri Ziya Məmmədov və onun yaxın ətrafındakı şəxslərlə bağlı yeni qalmaqal yaranıb.
TİA.AZ xəbər verir ki, “Yeni Müsavat”ın yazdığına görə, bir neçə sahibkarın verdiyi məlumatdan aydın olur ki, Ziya və Anar Məmmədovlar bir müddətlik taym-autdan sonra yenidən ənənəvi prinsipləri ilə hərəkətə keçiblər. İş adamları qeyd edir ki, Məmmədovlar saxta olduğu şübhə doğurmayan sənədlər ortaya çıxarmaqla, özbaşınalıqlar etməklə metronun “28 May” stansiyasının qarşısındakı yeraltı keçiddəki ticarət mərkəzindəki icarədar olan bir neçə sahibkarın obyektini mənimsəməyə çalışırlar.
Sahibkarlar söyləyir ki, Ziya Məmmədov nəqliyyat naziri olarkən vəzifəsindən sui-istifadə etməklə, metronun 28 may stansiyasının qarşısındakı dövlət vəsaiti ilə inşa olunan keçidi ticarət mərkəzi edərək, öz mülkiyyətinə çevirib. Faktiki olaraq həmin keçiddəki ticarət mərkəzi bu gün də Ziya Məmmədovun sərəncamındadır.
Vaxtilə keçidi ələ keçirdikdən sonra Məmmədovlar orada obyektləri icarəyə vermək üçün sahibkarlardan mülk ölçüsünə görə 30-200 min manat civarında “şirinlik” də alıblar. Sahibkarlar bildirir ki, bunun müqabilində onlarla müddətsiz müqavilə bağlanıb: “Hazırda keçid ”Royal İstate” şirkətinin balansındadır və bu şirkətin də icraçı direktoru Ziya Məmmədovun bacısının kürəkəni Anar Novruzovdur. Vaxtilə “Royal İstate” Anar Məmmədova məxsus “Qarant Holdinq”in balansında yaradılmışdı. Hazırda Məmmədovlar saxta sənədlərlə keçiddəki arxasız hesab etdikləri, əzə biləcəklərini düşündükləri bir neçə obyekt icarədarı ilə müqaviləni qanunsuz olaraq pozmaqla, obyektləri mənimsəmək istəyirlər. Belə ki, icarədarlardakı müqavilədə icarə müddəti “müddətsiz” göstərilsə də, indi Anar Novruzov bizə saxta və qanunsuz olduğu şübhə doğurmayan sənəd göstərir və orada icarə müddətinin 2018-ci ilin dekabrında tamamlandığı əksini tapır”.