Tribuna İnformasiya Agentliyi

“Zirə” və “Sumqayıt” bu gün futbolçularını dəyişəcək

27 Dekabr

Azərbaycan Premyer Liqasında çıxış edən “Zirə” və “Sumqayıt” klubları futbolçu yerdəyişməsinə dair razılığa gəliblər.

“Report”un əldə etdiyi məlumata görə, əvəzləmə prosesi bu gün rəsmən həyata keçiriləcək. “Zirə” mərkəz müdafiəçisi Adil Nağıyevin əvəzində “Sumqayıt”da eyni mövqedə çıxış edən Bəxtiyar Həsənalızadəni heyətinə cəlb edəcək.

Qəsəbə təmsilçisinin hazırkı baş məşqçisi Samir Abasov ötən mövsüm “Sumqayıt”a rəhbərlik edib. Onun “gənclik şəhəri” təmsilçisindəki həmkarı Ayxan Abbasov isə “Zirə”dən bu ilin avqustunda ayırılıb. Dəyişikliyin əsas səbəbi hər iki mütəxəssisin potensialına daha yaxşı bələd olduqları oyunçunu öz sərəncamlarında görmək istəyidir.

Qeyd edək ki, daha əvvəl “Sumqayıt” “Neftçi”dən ayrılan qapıçı Rəşad Əzizlini heyətinə qatıb.