“Zərnigar Ağakişiyevaya dedim ki, sən mənim başıma nə oyunlar açmadın ki?”backend

“Zərnigar Ağakişiyevaya dedim ki, sən mənim başıma nə oyunlar açmadın ki?”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mən xalqın içində Meral Konratam, amma evimdə, adi həyatda sadə bir insanam. Heç bir dəfə də olsun burnumu yuxarı gəzdirib gəzmədim. Çünki mən insanlarla ünsiyyət saxlamağı, onlarla əlaqə yaratmağı çox sevirəm, doğuluşdan beləyəm. Bəzən sənətçilərin şəxsi həyatı, yaşayışı hamıya maraqlı gəlir. Amma inanın ki, mən sadə bir həyat yaşayıram. Öz evimdə yemək də hazırlayıram, təmizlik də edirəm. Pandemiyada evdə oturanda hər şeyi məcbur özüm edirdim. Hətta ilk dəfə idi ki, çörək bişirirdim. Karantin günləri bizə nəyi öyrətmədi ki? Təbii ki, birinci dəfədən yaxşı alınmamışdı, birinin başına atsaydın başı yarılardı (gülür). 2-ci dəfə etdim yenə də yaxşı alınmadı, amma 3-cü dəfə yaxşı alındı. Sanki ev dustağı idik. Ömrümdə heç bu qədər film və serial da izləməmişdim. Çox şükür ki, artıq çətin günlər arxada qalıb”

Bunu Moderator.az-a açıqlamasında məşhur türkiyəli aktrisa Meral Konrat deyib. O daha sonra Azərbaycana gəlmək istəyindən söz açıb.

“Təhminə obrazı sizlərin, sizlər isə mənim qəlbimdə taxt qurmusunuz. Yaxşı ki, bu obrazı oynamışam, yaxşı ki, o illərdə Təhminə obrazını mənə həvalə ediblər. Buna görə Rasim Ocaqova hər zaman rəhmət oxuyuram. Filmin bütün kollektivi mənim üçün çox əzizdir, Bakıya gələndə vaxtaşırı görüşürük də. Qaynanamı oynayan Zərnigar xanım rəhmətə gedib, ruhu şad olsun. Onu bir dəfə görəndə zarafatca dedim ki, sən mənim başıma nə zülmlər açmadın ki? (gülür). O isə mənim bu sözümə ürəkdən gülüb keçdi. Bu gün də Azərbaycandan istənilən təklif gələndə “gözümüstə” deyib qəbul edirəm. Çağırdığınız zaman Azərbaycana qaça-qaça gəlirəm. Özümü artıq azərbaycanlı hesab edirəm. Hətta Türkiyədə bir müsahibə də vermişdim ki, mən Azərbaycanlıların ulduzuyam. Azərbaycana gələcəkdim bu xəstəliklərlə bağlı qaldı. İnşallah ki, hər şey yolunda getsə çox sürprizlərim olacaq” deyə aktrisa bildirib.

Meral Konrat şəxsi həyatından da danışıb.

“18 yaşında evləndim, heç kim məni məcbur etməmişdi. 1 il evli qaldım, sonra da ayrıldım. Daha sonra heç vaxt evlənmədim. Çünki evlənə biləcək insan yox idi. Bəlkə də var idi, amma mənim qarşıma çıxmadı. Çıxdısa da aramızda sevgi, məhəbbət olmadı. Sevgidə həqiqətən də Təhminə kimiyəm, çünki sevdiyim insan üçün canımı belə verməyə hazıram. Bəlkə də ona görə Təhminəni bu qədər içdən, təsirli oynamışam. Bizim Təhminə ilə xarakterlərimiz üst-üstə düşür. Sevgim üçün ölümə qədər gedərəm. Mənim bir qızım var. Uzun illər onu mətbuatdan gizlətdim, çünki sənətçinin qızı mətbuatda çox incidilir. Bu da onun psixologiyasını pozur. İndi artıq ayaqlarının üstündə dura bilir, ona görə də daha gizlətmirəm. Artıq ailə həyatı qurub, xoşbəxtdir” deyə aktrisa bildirib.