Zəngilanda xərclənən İnam Kərimovun və ya kiminsə şəxsi vəsaitidirmi ki… – ekspert etiraz etdibackend

Zəngilanda xərclənən İnam Kərimovun və ya kiminsə şəxsi vəsaitidirmi ki… – ekspert etiraz etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Ötən ilin son günlərində Zəngilanda “Ağıllı kənd”i tikənlər etiraz aksiyası keçirdilər. Hadisə ilə bağlı çox yazıldı-pozuldu, ona görə də mən detallara varmaq istəmirəm, diqqətinizi bir məqama çəkmək istəyirəm. O məqama ki, dövlət vəsaitlərinin şəffaf xərclənməsi ilə birbaşa bağlıdır”.

AFN xəbər verir ki, bu haqda iqtisadçı ekspert Qalib Toğrul yazıb. O, qeyd edib ki, etiraz aksiyası ilə bağlı “Turan” İnformasiya Agentliyi məlumat yayıb. İşin sifarişçisi olan Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri, görün “Turan”a nə deyir: “Kənd Təsərrüfatı Nazirliyi ilə müqavilə bağlayan və subpodratçıları işə götürən baş podratçının adını açıqlaya bilmərəm”.

Xub, açıqlama! Amma əsaslandır, görək, niyə açıqlamırsan? Zəngilanda xərclənən nazir İnam Kərimovun və ya kiminsə şəxsi vəsaitidirmi, sən onu açqlamamaq lüksünə (səlahiyyətinə) sahib olasan?

Kənd Təsərrüfatı Nazirliyindən “nümunə” götürən baş podratçı da məsələ ilə bağlı “aparıcı” adlandırdığımız KİV-lərdə açıqlama verməyə məcbur oldu. Ancaq o da adını açıqlamadı. İctimai vəsaitləri xərcləyənlərin belə davranışları insanda qarışıq duyğular yaradır: Bilmirsən, güləsən, yoxsa ağlayasan.

O “aparıcı” KİV-lərimiz də bir başqa həngamədir, açıqlama verən şirkətin adı olmadan, nöqtəsinə-vergülünə toxunmadan tam mətni çap edirlər. Təbii ki, aydındır, nəyin müqabilində edirlər bunu. Bu arada onu da deyim ki, FB-a girməyə peşman olursan, “ustad”ın biri bir qəpikdir. Bəs, hara baxır, bu “ustad”lar, bilmirlər ki, belə məsələ ilə bağlı rəsmi, eyni zamanda anonim (!) məlumat dərc etmək jurnalistikanın prinsiplərinə ziddir?

Yeri gəlmişkən, dünən iri un və çörək istehsalçıları da bəyanat veriblər, bəyanatın altında birinin də adı yoxdur. Yenə qabaqlar belə durumlarda “Karat”ı, “Gilan”ı, “Neon”u qabağa verirdilər. Bəyanatı təqdim edən bir sayt lap gül vurub: “Dünən adlarını gizli saxlayan Azərbaycanın iri un və çörək istehsalçıları müraciət yayıblar”

Kimsə deyə bilər ki, onlar adlarını açıqlamağa borclu deyillər, özəl şirkətlərdir, özləri bilərlər. Birincisi, o müraciəti, bəyanatı, adını nə qoyursunuz, qoyun, mahiyyət dəyişmir, o şəkildə yaymaq KİV-in bədbəxtçiliyidir. İkincisi, 2020-ci ildən başlayaraq dövlət un istehsalçılarına ictimai vəsaitlər hesabına müxtəlif dəstəklər – subsidiyalı kredit, subsidiya verir, hələ ƏDV-dən azad olunmanı demirəm. Ən azı dövlət dəstəyini aldıqlarına görə adlarını gizlətməməlidirlər.

Bütün bu yazılan və yazılmayan neqativliklərin fonunda ictimai vəsaitlərin xərclənməsi ilə bağlı olduğumuzu nöqtəni təyin eləməyə çalışıram”.