backend

Zaxarovanın gizlətmədiyi erməni sevgisi – Bəs Xocalı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri, sosial şəbəkələrin fenomeninə çevrilən Mariya Zaxarova ermənilərə olan hədsiz sevgisini gizlətmir, əksinə bunu hər dəfə qabarıq şəkildə nümayiş etdirir. 

Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri, sosial şəbəkələrin fenomeninə çevrilən Mariya Zaxarova ermənilərə olan hədsiz sevgisini gizlətmir, əksinə bunu hər dəfə qabarıq şəkildə nümayiş etdirir.

Zaxarovanın 1915-ci il hadisələri ilə bağlı “Facebook” səhifəsində yazdığı status bu fikirləri təsdiqləyir.

Rusiya XİN rəsmisinin ermənipərəstliyi hər kəsə məlumdur. O, özü də heç vaxt bunu gizlətməyib. Əksinə, fəxr edirmiş kimi davranır və minlərlə sosial şəbəkə istifadəçisini (Virtual dostlarını-red) ermənilərin tarixi uydurmasını “soyqırım” kimi tanımağa sövq edir. Rusiyalı siyasətçi “soyqırım” məsələsində ermənilərdən heç nə ilə fərqlənmir. Əksinə, 41 yaşlı diplomat bu məsələdə bəzi erməni dostlarından daha aktiv görsənir.

Zaxarovanın 102 il əvvəlki hadisələrə siyasi don geyindirərək “erməni soyqırımı” adlandırılması onun özünü “ulduz” hesab etdiyi “Facebook” səhifəsində haqlı suallara və etirazlar səbəb olub. 

“24 aprel “erməni soyqrımı” qurbanlarının anım günüdür. Kimsə “soyqırım”ı tanımır, kimsə faciə qurbanlarının sayını şübhə altına alır. Harada olmağımızdan asılı olmayaraq bu gün bütün ürəyimlə erməni xalqının yanındayam”, – deyə Zaxarovanın statusuna ilk reaksiya verənlərdən biri Rusiya Erməni ittifaqının vitse-prezidenti Levon Manukyan olub.

Manukyan yazıb: “Mariya Vladimirovna sizin ürəyinizin bizimlə olduğu kimi, bizim də ürəyimiz sizinlədir”.

Daha sonra həmin paylaşıma xeyli şərhlər gəlib. Azərbaycanlı istifadəçilər rus diplomata Dağlıq Qarabağ müharibəsi, o cümlədən 1992-ci ildə Xocalıda dinc əhaliyə qarşı törədilən əsrin soyqırımını xatırladıblar. 

Zaxarova aktiv şəkildə onu dəstəkləyən erməni istifadəçilərin şərhlərini bəyənib, hətta onlara təşəkkür etsə də azərbaycanlı istifadəçilərin fikirlərinə əhəmiyyət belə verməyib.

Zaxarova Krım türkləri və azərbaycanlılara qarşı törədilən soyqrım faktlarını görməzdən gəlir. Nəinki fikir bildirir, hətta belə faciələr yaşanmamış kimi davranır.

Görünən budur ki, xanım Zaxarova hansı qurumu təmsil etdiyini və yazdığı fikirlərin nələrə səbəb ola biləcəyini tam olaraq anlamır. Ya da anlamaq istəmir. O, özünü böyük bir dövlətin XİN rəsmisi kimi deyil, qatı ermənipərəst bloqqer kimi aparır. Zaxarova heç də həbsdə olan Aleksandr Lapşinin yoxluğunu hiss etdirmir.

Bəs Qarabağ münaqişəsi, Xocalı, Dilqəm Əsgərov? 

Zaxarova bir əsr əvvəl baş verən hadisələri “soyqırım” kimi ürək yanğısı ilə anırsa, niyə Xocalıda günahsız, əliyalın azərbaycanlıların amansızlıqla ermənilər tərəfindən qətlə yetirilməsinə susur, biganə yanaşır.

Diplomatiyanın təməl prinsiplərində obyektivlik, humanizm və vicdanlılıq dayanırsa, Zaxarova Xocalını da ürəkyanğısı ilə anmalı deyilmi? Yoxsa qeyd etdiyimiz prinsiplərin heç biri onda yoxdur?

Yaxud erməni sevgisini gizlətməyən Zaxarovanın həftəlik brifinqlərdə Qarabağ münaqişəsi ilə bağlı suallara tərəfsiz yanaşacağına necə inanaq?

Digər bir sual: Zaxarova öz yurdunu ziyarət edən Kəlbəcər girovlarını, özü də Rusiya vətəndaşı olan Dilqəm Əsgərovu niyə müdafiə etmir? Buna səbəb nədir?

Yəqin ki, o, digər suallar kimi buna da baş yelləyib keçəcək, cavab verməyəcək. Etiraf etməyəcək ki, Dilqəmi erməni olmadığına görə müdafiə etmir. Etiraf etməyəcək ki, Xocalı soyqırımını ermənilər törədib. Bilirsiniz niyə? Çünkü, Xocalıda şəhid olanlar, Kəlbəcərdə girov düşənlər azərbaycanlılardır. Onların damarından azərbaycanlı qanı axır, erməni yox.

Axı Zaxarova ermənipərəstdir…

azvision.az