Tribuna İnformasiya Agentliyi

Zaur Baxşəliyev reklam etdiyi saxtakar həkimdən danışdı (VİDEO)

02 May
Xəbər verdiyimiz kimi, ötən gün Baş Prokurorluq dərman mafiyası qurmuş şəxslərin həbsi ilə bağlı məlumat yaymışdı. Xəbərdə bildirilirdi ki, mafiya rəhbərləri ölkədə 100-ə yaxın həkimlə əlbir olublar və onları da insanların sağlamlığını təhlükəyə atan bu prosesə cəlb ediblər. Qanunsuz, lazımsız və bahalı dərmanları xəstə insanlara satılmasına kömək edən, bu yolla böyük məbləğdə pul qazanan həkimlərin arasında tanınmış ginekoloq Natiq Məhərrəmov da var. O, həbs edilən cinayətkarlarla əlbir olub, onlardan mütəmadi pul alaraq şirkətin dərmanlarını satdırıb. Onların sonuncu dəfə 1000 manatlıq ödəniş prosesi gizli kamera ilə çəkilib.
TİA.AZ unikal.org-a istinadən xəbər verir ki, Natiq Məhərrəmovun bu qədər məşhur olmasının səbəbi isə ATV telekanalında, aparıcısı Zaur Baxşəliyevin olduğu “BizimləSən” verilişidir. Dünən yayımlanan “Bizimləsən” verilişində aparıcı Zaur Baxşəliyev dərman mafiyası ilə əlaqəsi olan Natiq Məhərrəmovla bağlı onu qınayanlara bu cür cavab verib:
“İstəyirəm sizə hesabat verim. Mən sizə gələn həkimlərimizlə, təmənnasız müalicələr və müayinələrlə, edilən o yaxşılıqlarla bağlı hesabat verirəm. Mən kiməsə yaxşılıq etsəm onu heç vaxt burda nümayiş etdirmərəm ki, baxın filankəsin cibinə bu qədər pul qoydum. Bunu mən etmərəm. Mən vasitəçiyəm deyə onu göstərirəm ki, filankəs filankəsə yaxşılıq elədi. Həkim bu xəstəni təmənnasız sağaltdı , baxın. Bizə bu tərəfi maraqlı və önəmlidir. Mənim üçün bizə müraciət edən xəstələrin sağalması önəmlidir. Qalan heç nə mənə maraqlı deyil. Mən bizə müraciət edən insanları təhvil verirəm və sağlam alıram. O baxımdan burda həkimlərə “qardaş mən sizə göndərdiyim xəstələrə bu cür köməklik etdiyinizə görə minnətdaram” deyirəm. Bax bu kişidir, bunu edəni deyirəm. Anladınızmı? Sözüm anlayanlara və hara gedirsə o ünvanlaradır”.