Tribuna İnformasiya Agentliyi

“Zərər qəpiyinə kimi qaytarılıb”- türkiyəli iş adamının məhkəməsi

19 İyun

72 nəfəri aldatmaqdan ittiham edilən türkiyəli iş adamı hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Türkiyə vətəndaşı Hikmət Yiğitdölün cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər ifadə verib.

Zərərçəkmiş Akif Mirzəliyev ifadəsində bildirib ki, aldığı mənzilin başqa şəxsə də satıldığını öyrənib. Buna görə də Hikmət Yiğitdöldən şikayətçi olub.

A.Mirzəliyev əlavə edib ki, hazırda şikayəti yoxdur, çünki problemi həll edilib.

Digər zərərçəkmiş Eyvaz Mustafayev də şikayətçi olmadığını deyib. Bildirib ki, problemi həll edilib, mənzili geri qaytarılıb. Eyvaz Mustafayev söyləyib ki, istəyi binanın Hikmət Yiğitdölə qaytarılmasıdır: “Binada şərait yoxdur. Qaz, su, işıq problemdir. Hikmətə qayıtsa, bilirik ki, həll olacaq”.

Məhkəmədə Rasim İbrahimov da dindirilib. Məlum olub ki, İbrahimov hazırda binanın tikildiyi ərazidən bir neçə ev almaq istəyib. Amma Bakı Şəhər İcra Hakimiyyətindən öyrənib ki, həmin ərazi başqa şirkətə satılıb və sərəncam belə verilib.

İbrahimov əlavə edib ki, həmin tikinti şirkəti ilə danışaraq mənzil almaq istəyib:

“Mən oradan birinci, ikinci və daha yuxarı mərtəbələrdə üç mənzil aldım. Ümumilikdə 5 mənzilə görə müqavilə bağladıq, ödəniş etdik. 5 ilə yaxın vaxt keçsə də tikinti çox asta gedirdi. Sonra biz razılaşdıq ki, binanın tikintisi üçün bunlara kömək edək. Qarşılığında da binadan mənzil götürüləcəkdi. Bir müddət keçəndən sonra mənzilimizin başqa şəxsə satıldığını, apardığımız tikintinin söküldüyünü eşitdim. Buna görə də bizə ziyan dəydi. İndi tələbimiz budur ki, problem həll edilsin”.

Hikmət Yiğitdöl isə problemin başqa səbəblərdən qaynaqlandığını deyib. Bildirib ki, zərərçəkənlərin hamısı binanın Xocalı prospektinə baxan hissəsindən mənzil almaq istəyir”.

Prokuror isə Hikmət Yiğitdölə xatırladıb ki, o, bir mənzilə görə bir neçə nəfərlə müqavilə bağlayıb. Yəni, problem binadakı mənzillərin eyvan mənzərəsi ilə bağlı deyil.

H.Yiğitdöl bir daha əməlini etiraf edib və söyləyib ki, mənzillər bilərəkdən iki nəfərə satılmayıb. O, hər kəsin zərərinin qəpiyinə kimi qaytarıldığını deyib.

Qeyd edək ki, Hikmət Yiğitdölün rəhbərlik etdiyi “Hom Paş Prestij” MTK 2008-ci ildə Bakı Şəhəri İcra Hakimiyyətinin sərəncamı ilə Xocalı prospekti, 1181-ci məhəllədə torpaq sahəsi alaraq çoxmərtəbəli bina tikintisinə başlayıb.

İttihama görə, MTK-nın sahibi, türkiyəli iş adamı H.Yiğitdöl Bakıda 72 vətəndaşın etibarından sui-istifadə edərək onların külli miqdarda vəsaitini dələduzluq yolu ilə ələ keçirib. Bir mənzil 3-4 nəfərə təkrar sataraq külli miqdarda pulu ələ keçirib.

Bildirək ki, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilən Hikmət Yiğitdöl barəsində həbs qətimkan tədbiri seçilməyib. O, ev dustaqlığındadır.