Tribuna İnformasiya Agentliyi

Zəhər saçan pambıq sahələri – məsuliyyət kimindir…

21 İyun

Nazirlik: “Fermerlərə, sahibkarlara, icra hakimiyyətlərinə məktub ünvanlanıb ki, bu məsələdə bir qədər ehtiyatlı olsunlar, təhlükəsizlik qaydalarına əməl etsinlər”

Pambıq tarlasında son bir ayda ikinci dəfə kütləvi zəhərlənmə baş verdi. Belə ki, iyunun 19-da İmişli rayonunda pambıq sahəsində becərmə işləri aparan işçilər arasında kütləvi zəhərlənmə olub. Zəhərlənənlərin sayının 80-ə yaxın olduğu bildirilib. Hadisə ilə bağlı xəbər yayıldıqdan sonra kənd təsərrüfatı naziri İnam Kərimov zəhərlənənlərin olduğu xəstəxanaya yollanıb, onlarla görüşdü.
Nazir bildirdi ki, məsələ ilə bağlı cinayət işi başlanılıb.  İmişli rayon icra başçısı Vilyam Hacıyev  isə söyləyib ki, fəhlələr işləyən sahədə hər hansı dərman preparatından istifadə olunmayıb:  “Yaxınlıqdakı digər sahə dərmanlanıb, həmin sahəyə kimyəvi maddənin təsiri keçmədən heç kim buraxılmır, sadəcə, küləyin təsirindən bu sahədə işləyən bir neçə nəfər yüngül baş gicəllənmə və ürəkbulanma hiss edib, ona görə də fəhlələr dərhal xəstəxanaya gətiriliblər”.
Onu da qeyd edək ki, İmişli rayonu küləkli ərazi kimi tanınmır. Orada insanlar küləkdən deyil, daha çox istidən şikayətlənirlər…
Bu hadisədən 9 gün öncə, yəni iyunun 10-da Saatlı rayonunda da pambıq sahəsində kütləvi zəhərlənmə olmuşdu. Rayonun Simadakənd kəndi ərazisində fermer Lətif Xəlilova məxsus torpaq sahəsində əkilmiş pambıq tarlasında işləyən 24 nəfər Sabirabad rayon sakini “Kimyəvi dərman zəhərlənməsi” diaqnozu ilə Saatlı mərkəzi rayon xəstəxanasına daxil olmuşdu. Hadisədən dərhal sonra ölkə başçısının tapşırığına əsasən zəhərlənmiş şəxslərin müalicəsi nəzarətə götürülmüş, zəhərlənmənin səbəblərinin araşdırılması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı, Səhiyyə və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin əməkdaşlarından ibarət komissiya rayona ezam edilmişdi. İmişli hadisəsindən sonra nazir İnam Kərimov bildirib ki,   həm  İmişlidə baş vermiş hadisə, həm də bundan əvvəl Saatlı və Tərtərdə pambıq sahəsində baş verənlərlə bağlı Baş Prokurorluq tərəfindən cinayət işi başlanıb, hadisənin əsl səbəbi araşdırılır. Nazir  aşağıdakıları bildirib:
“Pambığın ərsəyə gəlməsi üçün həşəratlara qarşı kimyəvi maddələrin tətbiqi qaçılmazdır, zəruridir. Amma burada özəl şirkətlərin də üzərinə ciddi öhdəlik düşür. Özəl şirkətlər və fermerlərin həm biçində, həm də qulluqda texniki təhlükəsizlik qaydalarına ciddi riayət etməklə bağlı məsuliyyəti var. Həmçinin dərmanların keyfiyyəti ilə bağlı məsələ də araşdırılır. Biz istintaqın nəticələrini gözləməliyik. Ehtimala görə, bu hadisələr idxal olunan dərmanların keyfiyyəti və yaxud özəl şirkətlər tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmamasından baş verə bilər”.
Məsələ sosial şəbəkələrin də gündəminə çevrildi. Müxtəlif ictimai şəxslər bildirdilər ki, sovet dönəmində də ölkə ərazisində pambıq əkilsə də, bu cür zəhərlənmə halları müşahidə olunmurdu. Bildirilir ki, əsas problem mütəxəssis çatışmazlığıdır.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirib ki, pambıq bitkisinin 200-dən çox ziyanvericisi və 10-dan çox xəstəliyi var:
“Ziyanverici həşəratlara, xəstəliklərə, alaq otlarına qarşı kimyəvi zəhərli maddələrdən uzun müddət istifadə edilsə də, əvvəllər pambıq sahələrində işləyənlərin zəhərlənməsi halları heç zaman müşahidə olunmayıb”.
Mütəxəssis indiki zəhərlənmələri məsuliyyətsizlikdə, qeyri-peşəkarlıqda və kadr problemində görür.
“Yeni Müsavat”a danışan həkim-mütəxəssis Tofiq Ələsgəroğlu bildirib ki, əvvəllər pambıq sahələrinin dərmanlanması xüsusi qurğular, təyyarələr vasitəsilə aparılırdı:
“Həşəratlara qarşı dərman vasitələrindən istifadə hər zaman olub. Lakin əvvəllər bu, xüsusi təyyarələr vasitəsilə aparılırdı. Heç bir zəhərlənmə hadisəsi də müşahidə olunmurdu. İndi isə bunu əllə aparırlar. Bu cür işlərin görülməsində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən xüsusi texnika verilməlidir. İnsanlar da son dərəcə ehtiyatlı olub, təhlükəsizlik qaydalarına əməl etməlidirlər”.
Məsələ ilə bağlı məlumat almaq üçün Kənd Təsərrüfatı Nazirliyi ilə də əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov “Yeni Müsavat”a bildirib ki, İmişlidə “MKT” adlı şirkətin innovasiyalar təsərrüfatı var ki, texnika işinə onlar baxırlar:  “O şirkətin öz hesabına və ”Aqrolizinq”dən aldığı texnikaları mövcuddur.  Orada bəzi səlahiyyətlər artıq iyul ayının 1-dən etibarən Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçiriləcək. Bizim tərəfimizdən isə artıq fermerlərə, sahibkarlara, icra hakimiyyətlərinə məktub ünvanlanıb ki, bu məsələdə bir qədər ehtiyatlı olsunlar, təhlükəsizlik qaydalarına əməl etsinlər. Bu məsələdə təhlükəsizlik qaydalarına doğru-düzgün əməl olunması vacib haldır. Hazırda müvafiq qurumlardan ibarət yaradılan komissiya da öz işinə davam edir. Araşdırmanın nəticəsi məlum olduqdan sonra bu barədə ictimaiyyətə məlumat verəcəyik”.