Yüz il öncəki ispan qripindən Kovid-19-a: Qarşısı alındıqca yeni dalğalar gəlirbackend

Yüz il öncəki ispan qripindən Kovid-19-a: Qarşısı alındıqca yeni dalğalar gəlir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
100 il öncə Birinci Dünya Müharibəsi zamanı ortaya çıxan və milyonlarla insanın həyatını itirməsinə səbəb olan İspan qripindən bu gün yaşanan Kovid-19 pandemiyası üçün bir sıra dərslər çıxarılmalıdır.
TİA.AZ BBC-yə istinadən xəbər verir ki, 1918-ci ildə yayılan ispan qripi 2 il boyunca 3 böyük dalğa şəklində davam edib və 50 milyon insana böyük sosial və iqtisadi zərbə vurub.
Bu gün tibb 1 əsr əvvəllə müqayisədə böyük inkişaf yolu keçsə də, ispan qripi epidemiyasından öyrəniləcək şeylər yenə də var.
Aparılan araşdırmalar zamanı məlum olub ki, 1918-ci ilin martında ortaya çıxan ispan qripi ilk 6 ay ciddi qəbul edilmədiyindən dünyanın hər yerinə yayılıb. Buna baxmayaraq, avqust ayından etibarən görülən tədbirlər nəticəsində dekabra qədər virusu nəzarət altına almaq mümkün olub. Lakin tədbirlərin vaxtından tez yumşaldıldığı ölkələrdə virus üçüncü dalğa şəklində yenidən geri qayıdaraq, minlərlə insanın ölümünə səbəb olur və 1920-ci ilə qədər davam edir.
Birinci, ikinci və üçüncü dalğa necə başladı?
Xəstəliyin ispan qripi adlandırılmasına baxmayaraq, ilk yoluxma hadisəsi 1918-ilin 4 martında ABŞ-ın Kanzas ştatında qeydə alınıb. Fyuston düşərgəsində aşpaz Albert Qitçel qızdırma, başağrısı və öskürmə şikayətilə tibb məntəqəsinə yerləşdirilir. Ardınca 3 həftə içərisində 1100 hərbçi də eyni əlamətlərlə xəstəxanaya yerləşdirilir və əlavə minlərlə də insan xəstəliyi ayaqüstə keçirir.
Epidemiya Avropada Birinci Dünya Müharibəsi davam edərkən Fransa, İngiltərə, İtaliya və müharibəyə qoşulmasa da, İspaniyada sürətlə yayılır.
1918-ci ilin yazında Fransa qoşunlarının dörddə üçü, ingilis silahlı qüvvələrinin yarıdan çoxu qripə yoluxur. May ayında infeksiyaya Şimali Afrikada, daha sonra Hindistanın Mumbay şəhərində rast gəlinir, iyunda Çində, iyulda isə Avstraliyada yoluxanların olduğu bildirilir.
Lakin ilk dalğa adlandırılan bu dövrdə virusun simptomları zəif və müddəti qısa olduğu kimi öldürücülük qabiliyyəti də normal mövsümi qripdən fəqli deyildi. Bəlkə də elə bu səbəbdən heç bir ölkədə ciddi tədbirlər görülməmişdi. Amma avqust ayında ispan qripi ikinci dalğa şəklində yenidən şaxələnir, ABŞ, Avropa və Afrika limanları, daha sonra isə Avropa daxilindəki hərbi əməliyyatlar üzərindən yenidən yayılır.
6 həftəyə qədər davam edən ikinci dalğa Şimali, Mərkəzi və Cənubi Amerikaya, sentyabrda Qərbi və Cənubi Afrikaya və Avropanın önəmli bir qisminə yayılır. Buradan Rusiyaya və onun üzərindən Asiyanın şimalına çatan infeksiya noyabrda Çində ikinci dalğanın yayılmasına yol açır. Xəstəlik çox sayda ölümə səbəb olduğundan bir çox ölkələrdə ciddi karantin rejimi tətbiq edilir və 1918-ci ilin dekabrında dünyanın demək olar ki, hər yerində qripin qarşısının alındığı düşünülür. Ta ki Avstraliya 1919-cu ildə cənub yarımkürəsində yay mövsümü ilə əlaqədar karantin rejimini ləğv edənə qədər. Beləliklə, epidemiya yenidən alovlanmağa və yenə dünyaya yayılmağa başlayır.
Yanvarın sonunda müharibədən sonra danışıqların davam etdirildiyi Nyu York və Parisdə yenidən epidemiya ilə boğuşma başlayır. Bu son dalğada çox az sayda insan xəstələnsə də, infeksiyanın eyni dərəcədə öldürücü olduğu müşahidə edilir.
1919-cu ilin mayında pandemiyanın tam sona çatdığı elan edilərkən, tədbirlərin azaldılması ilə birlikdə ispan qripi bu dəfə Yaponiyada yenidən başlayır və 1920-ci ilə qədər davam edir.
İspan qripi də koronavirus kimi müxtəlif yaş qruplarına müxtəlif şəkildə təsir göstərirdi. Amma ölümcül təsirləri əsasən uşaqlar və yaşlılar üzərində görülürdü. Müharibə dövründə bir çox hökumətlər ölüm və yoluxma sayını açıqlamağı rədd etdiklərindən xəstəliyin yayılma və öldürücülük miqyası tam şəkildə aydın olmayıb. İspan qripinə bir virusun səbəb olduğu belə 1930-cu ildə aydınlaşdırıla bildi və ilk virusun laboratoriyada tədqiq edilməsi 1933-cü ildə mümkün oldu.
Xəstəliyin adının İspan qripi olaraq qalması belə yanlış məlumata görədir. Belə ki, İspaniya Birinci Dünya Müharibəsində tərəfsiz qaldığı üçün pandemiya ilə əlaqədar xəbərləri mətbuatda azad şəkildə səsləndirə bilən tək-tük ölkədən biri idi. Qəzetlərin birinci səhifələrində epidemiya səbəbindən ölənlərin adları siyahı şəklində verilirdi. Bu səbəbdən dünyanın bir çox ölkəsində xəstəliyin İspaniyada ortaya çıxdığı düşünülüb.
Peyvənd olmadığı halda görülməli olan tədbirlər:
Koronavirus epidemiyasında olduğu kimi İspan Qripi pandemiyasında da peyvənd və müalicə metodunun olmadığı bir vəziyyətdə xəstəliyin qarşısını almaq üçün ən yaxşı yol müvafiq tədbirlərin alınması, karantin rejiminin tətbiqi idi. Pandemiyaya qarşı ilk rəsmi tədbirlər xəstəliyin ortaya çıxdığı andan 6 ay sonra 1918-ci ilin avqustunda tətbiq olunmağa başlanılıb. Bir çox Avropa ölkəsində şübhəli əlamətlər barədə məlumat verilməsi məcburiyyəti qoyulub, məktəblər, internatlar və baraklar nəzarətə götürülüb. Oktyabr ayına qədər bir çox Avropa ölkəsi bu tədbirləri daha da ciddiləşdirmişdi. İnsanların kütləvi toplaşdığı məkanlar bağlanır, ictimai tədbirlər qadağan edilirdi. Bir çox ölkələrdə kilsələrdəki bazar ayinləri ləğv edilir və ya müddəti azaldılırdı.
Bu gün olduğu kimi ictimai-mədəni obyektlərin, toplu nəqliyyat vasitələrinin dezinfeksiya edilməsinə başlanılırdı. Səhiyy işçiləri iqtisadi vəziyyəti aşağı olan şəxslərə pulsuz sabun və təmiz su paylayır, zibillərin təmizlənməsi məsələsində ciddi addımlar atılır, qida məhsullarının yoxlanışına daha ciddi yanaşılırdı.
Bu tədbirlərin nə qədərinin təsirli olduğunu ölçmək çətindir, amma şübhəli hadisələrin müəyyən edilərək izlənməsinin önəmli olduğu düşünülür. İki ilə yaxın davam edərək dünyanın dörd bir yanına yayılan və milyonlarla insanın ölümünə səbəb olan o virusun bu gün üçün böyük dərs buraxdığı danılmazdır. Lakin qeyd olunduğu kimi, bu tədbirlərin vaxtından əvvəl yumşaldılması və karantin rejimlərinin pozulması ağır nəticələrə gətirib çıxarıb.
Çingiz Səfərli