“Yuliya, sən məni xilas etdin…” – Navalnı xanımından yazdıbackend

“Yuliya, sən məni xilas etdin…” – Navalnı xanımından yazdı

Komadan çıxdıqdan sonra reabilitasiya kursuna davam edən rusiyalı müxalifətçi Aleksey Navalnı feysbuk səhifəsində həyat yoldaşı Yuliaya müraciət etdiyi yeni bir yazı paylaşıb.

TİA.AZ xəbər verir ki, paylaşımında Navalnı sağalma prosesində həyat yoldaşının ona necə kömək etməsindən bəhs edib.

O, avqustun sonunda evliliklərinin 20-ci ildönümü olduğunu, ancaq həmin vaxt komada olduğu üçün bu günü qeyd edə bilmədiklərini bildirib. Navalnı komada ikən həyat yoldaşının daim onun qayğısına qaldığını, ona mahnılar oxuduğunu və mütəmadi olaraq onunla danışdığını qeyd edib. Navalnı bunları sonradan öyrəndiyini və heç bir şeyi xatırlamadığını etiraf etsə də, cihazlardan ayrıldıqdan sonra ilk xatirəsinin həyat yoldaşını gözləməsi olduğunu bildirib.

“Heç kimi tanımıram, nə baş verdiyini anlamıram… Bütün vaxtımı keçirməyim onu gözləməkdən ibarət idi”,- deyə Navalnı qeyd edib.

Onun sözlərinə görə, həyat yoldaşının gəldiyini dərhal anlayıb: “Yanımda olanda axmaq halüsinasiyalar geri çəkilir… Sonra o gedir, mən yenə kədərlənir və yenidən onu gözləməyə başlayıram”.

Navalnı, bu fenomenin elmi izahının olduğunu, həyat yoldaşının səsini tanıdıqda beyninin dopamin istehsalına başladığını və bu səbəbdən onun yanında özünü daha yaxşı hiss etdiyini bildirib. Qeyd edib ki, elmi nəzəriyyələrin nə deməsindən asılı olmayaraq, bu təcrübə ilə “sevginin şəfa verdiyini və həyata qaytardığını” öyrənib.

“Yuliya, sən məni xilas etdin və qoy bu neyrobiologiya dərsliklərində qeyd olunsun”,- deyə Navalnı yekunlaşdırıb.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki