Yüksək bal toplaya bilməyən abituriyentlər narazıdır – Minlərlə şikayət varbackend

Yüksək bal toplaya bilməyən abituriyentlər narazıdır – Minlərlə şikayət var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il ali məktəblərə keçirilən qəbul imtahanlarının nəticələri bir çox abituriyentləri narazı salıb. İddia edilir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi imtahanlarda test sualları əvvəlki illərlə müqayisədə çətin olub və bu səbəbdən əksər abituriyenlər arzuladıqları nəticəni əldə edə bilməyiblər.

Nəticəsindən narazı qalan məzunların şikayətləri barədə Modern.az-a danışan təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, buraxılış imtahanının mart ayında keçirilməsi qəbulda nəticələrə öz təsirini göstərib.

Ekspert hesab edir ki, imtahanların proqnozlaşdırıldığı vaxtdan tez keçirilməsi səbəbindən abituriyentlərin daha yaxşı hazırlaşmasına kifayət qədər vaxtları olmayıb:

“Biz nəticələri müqayisə etdikdə görürük ki, buraxılış imtahanında maksimum nəticə göstərən yalnız iki nəfər idisə, blok imtahanında təkcə birinci qrupda 10 nəfər maksimum bal toplayıb. Bu imtahanlar iyun ayında keçirildi. Abituriyentlərin kifayət qədər vaxtı oldu ki, qəbul imtahanlarına daha yaxşı hazırlaşsınlar. Buraxılış imtahanı mayda keçirilsəydi, nəticələr kifayət qədər yüksək olacaqdı. Qəbul imtahanlarının nəticələrinin daha yaxşı olmasının səbəbi birmənalı olaraq abituriyentlərin ali təhsil müəssisələrinə hazırlaşması üçün kifayət qədər vaxt ayrılması ilə bağlıdır”.

K.Əsədovun sözlərinə görə, ikinci vacib məqam ondan ibarətdir ki, abituriyentlər pandemiya səbəbindən imtahanlara hazırlaşmaqda çətinlik çəkirdilər:

“Onların repetitor yanında hazırlaşmağa daha çox vaxtları olmayıb, eyni zamanda, Dövlət İmtahan Mərkəzi  sınaq imtahanlarını çox az keçirib. Əvvəllər 3-4 dəfə, bəzən daha çox sınaq imtahanları olurdu və imtahan iştirakçıları yaxşı hazırlaşırdılar. Sınaq imtahanları imkan verirdi ki, məzunlar hansı mövzuları zəif bilirlərsə, onu düzəltsinlər. Bundan başqa, sual kitabçasından düzgün cavabların cavab kartına köçürülməsi ilə bağlı özlərində müəyyən bacarıqları formalaşdırırdılar. Çünki yeni tip test modelləri var. Bəzi hallarda biz görürük ki, abituriyentlər doğru bildikləri sualları cavab kartına düzgün köçürə bilmirlər və sürüşdürürlər. Yaxud hansısa cavabı bilirlər, amma cavab kartının üzərində işləyə bilmirlər. Sınaq imtahanları bu baxımdan vacibdir”.

Təhsil ekspertinin fikrincə, bu il birinci ixtisas qrupu üzrə nəticələr əvvəlki illərlə müqayisədə yaxşıdır:

“Artıq bizim təhsilimiz müsbət göstəriciləri ilə pandemiyadan əvvəlki dövrə çatıb. Məsələn, pandemiyadan əvvəl 2019-cu ildə 1-ci ixtisas qrupu üzrə rekord sayda 700 bal toplayan var idi. Bu il bir imtahanda 10 nəfər yüksək nəticə göstərib. Eyni zamanda, 4-cü ixtisas qrupunda 697 bal toplayan da var. Bu, onu göstərir ki, Azərbaycan təhsil sistemi pandemiyanın ortaya çıxardığı çətinlikləri aradan qaldırıb. Düzdür, qəbul imtahanlarında 3-cü ixtisas qrupu ilə bağlı əvvəlki illərin nəticələrinin təkrarlandığını görürük”.

 

İmtahanlarla bağlı şikayətlərə gəlincə, ekspert ona çoxsaylı müraciətlərin daxil olduğunu söyləyib:

“Bizə gələn şikayətlər daha çox situasiya tipli sualların yoxlanılması ilə bağlıdır. Bu sualları markerlər yoxlayır.  Təkcə mart ayının 5-6-da keçirilən imtahanla bağlı 6000-dən çox şikayət var. Şikayətlər daha çox situasiya tipli sualların yoxlanılması zamanı markerlərin aşağı bal verməsi, yaxud ümumiyyətlə, bal verməməsi ilə əlaqədardır. İkinci şikayət Ədəbiyyat fənni ilə bağlı müəyyən əsərlərdən olan fraqmentlərlə bağlı idi ki, bunlar da çətin tipli test tapşırıqları hesab edilir. Bu istiqamətdə DİM şikayətlərə operativ reaksiya verib. Ortaya çıxan problemlərin həllində operativlik göstərilib. Digər tərəfdən Tarix fənni ilə bağlı bir test tapşırığında mübahisəli məqam olub. “Daşaltı əməliyyatı”, yaxud “Daşaltı döyüşü” ifadəsi ilə bağlı şikayətlər var idi, amma DİM elmi tədqiqatlara və orta məktəb dərsiliklərinə əsasən test tapşırığı ilə bağlı öz mövqeyini ortaya qoydu. İmtahanlarda bəzi texniki səhvlər olur. Bunlar da qısa müddət ərzində aradan qaldırılır”.

 

Xatırladaq ki, ötən gün Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə 4-5 iyun 2022-ci il tarixlərində keçirilən qəbul imtahanlarının nəticələrini açıqlayıb.

Qəbul imtahanında I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 10 nəfər – Bakı şəhər 53, 111 və 258 saylı orta məktəblərinin, Bakı Türk Liseyinin (Türkiyə Dəyanət Vəqfi) və Kimya-Biologiya Təmayüllü Liseyin, Sumqayıt şəhər 13 saylı orta məktəbinin, Abşeron rayon Saray qəsəbəsi 1 saylı orta məktəbinin, Qəbələ şəhər 1 saylı orta məktəbinin, İsmayıllı şəhər 5 saylı orta məktəbinin, Biləsuvar şəhər internat orta məktəbinin məzunları göstəriblər.

Ümumilikdə I ixtisas qrupu üzrə ən yüksək nəticəni Bakı şəhəri 111 nömrəli məktəbin məzunu Qurbanov Fuad Polad oğlu əldə edib. O, ümumilikdə 695 bal toplayıb.  IV ixtisas qrupu üzrə isə rekord göstərici 125 nömrəli məktəbin məzunu Ağazadə Nigar Əhədulla qızına məxsusdur. O, 697 bal yığıb.