Tribuna İnformasiya Agentliyi

Yol polisi gənc ananı və körpəsini ölümdən xilas etdi

19 Fevral

Fevralın 18-də, saat 19:00 radələrində Bakı-Qazax yolunun Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisində Yol Patrul avtomobilində xidmət aparan yol polisi əməkdaşları Natiq Hüseynov və Ruslan Həsənov leysan xarakterli yağışlı havada qarşıdan gələn “Mercedes” markalı avtomobilin idarəetməni itirərək yoldan çıxaraq qamışlığa tərəf getdiyini və gözdən itdiyini görüblər.

DİN-in mətbuat xidmətindən  verilən məlumata görə, həmin istiqamətə yollanan yol polisi əməkdaşları həmin maşının su kanalına aşdığını aşkar ediblər.

Dərhal bu barədə xidmət rəhbərliyinə, FHN-ə və Təcili Tibbi Yardıma xəbər verərək avtomobildə olanları xilas etmək üçün kanala giriblər.

Suya qərq olmuş və salonu tamamilə su ilə dolmuş maşının qapısını güclə açaraq oradan qadını və azyaşlı uşağı xilas ediblər. Uşaq boğulmuş vəziyyətdə olduğundan onu bu vəziyyətdən xilas edərək çətinliklə həyata qaytarıblar. Təəssüf ki, bütün cəhdlərə baxmayaraq, sürücünün həyatını xilas etmək mümkün olmayıb.

Qadın və uşağı yolun kənarına çıxaran yol polisi əməkdaşları əyinlərindəki paltarlarla onları bükərək yoldan keçən maşınla Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yola salıblar.

Baş Dövlət Yol Polisi İdarəsinin 8-ci taqımının komandiri, polis mayoru Etibar İbrahimov bildirib ki, yol polisi əməkdaşları hadisənin şahidi olmasaydı, yəqin ki, onların kanala düşməsindən xəbər tutanda çox gec olardı və onları xilas etmək mümkün olmazdı.

Avtomobil FHN-in xilasetmə qüvvələri tərəfindən avtokran vasitəsilə kanaldan çıxarılıb. Orada sıxılmış vəziyyətdə qalmış sürücü – Oruc Hümmətzadənin meyiti xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.