Tribuna İnformasiya Agentliyi

Yeni vergi qaydaları fərdi sahibkarlar üçün problem yaradır

29 Yanvar

Ekspert Nazirlər Kabinetinin qərarına dəyişiklik olunmasını təklif edir

Vergi Məcəlləsinə edilən dəyişikliklər fərdi sahibkarlıq subyektləri üçün problemlər yaradır. Belə ki, fərdi sahibkarlıq subyektlərinin böyük bir qismi sadələşmiş vergi ödəyicisi ola bilmir: sadələşmiş verginin əhatə dairəsi məhdudlaşdırılıb.

Gözlənilirdi ki, muzdlu işçisi olmayan fərdi sahibkarlar mikrosahibkarlıq subyektləri üçün nəzərdə tutulan güzəştlərdən yararlana biləcəklər. Lakin Nazirlər Kabinetinin qəzbul etdiyi sahibkarlıq subyektləri kriteriyaları buna da imkan vermir.

İqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun dediyinə görə, bu ildən yalnız mikro sahibkarlar sadələşdirilmiş vergi güzəştindən istifadə edə bilərlər: “Amma Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli, 556 saylı “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü” meyarları haqqında qərarı fərdi sahibkarların sadələşdirilmiş vergidən istifadəsinə imkan vermir. Fərdi sahibkarlıq ilə məşğul olub illik (ardıcıl 12 ay) dövriyyəsi 200 min manatdan az olanların güzəştli vergi dərəcələrindən istifadə imkanları yoxdur. Problem odur ki, Nazirlər Kabinetinin sözügedən qərarına görə mikro sahibkarlar illik dövriyyəsi 200 min manatdan az olan və işçilərin sayı 1-10 arasında olan sahibkarlıq subyektləridir. Bu isə o deməkdir ki, fərdi sahibkarlıqla məşğul olanların işçiləri olmadığı və fərdi fəaliyyət göstərdikləri üçün onlar mikro sahibkarlar hesab olunmurlar”.

Ekspertin fikrincə, qərarda mikro sahibkarların təsnifatı üçün “1” rəqəminin qeyd edilməsi fərdi sahibkarların güzəştdən istifadə imkanlarını məhdudlaşdırır: “Nazirlər Kabinetinin mikro sahibkarlıq subyektləri ilə bağlı bölgüsü beynəlxalq standartlara da uyğun deyil. Belə ki, Avropa Birliyində illik dövriyyəsi 2 milyon avrodan az olan və işçilərin sayı 10-dək olan (< 10) sahibkarlıq subyektləri mikro hesab olunur. Yəni, işçilərin sayı 1-10 arası deyil, 10-dək olanlar mikro hesab olunur. ABŞ-da illik dövriyyəsi 7.5 milyon dollardan az olan və işçilərin sayı 500-dək olanlar kiçik sahibkarlar sayılır. Göründüyü kimi, beynəlxalq standartlarda təsnifat zamanı “1” rəqəmindən istifadə olunmur. Bu baxımdan, təklif edirik ki, Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli, 556 saylı qərarına dəyişiklik edilsin və işçilərin sayı 1-10 arası olanlar deyil, 10-dək olanlar mikro hesab olunsun. Yalnız bu halda fərdi sahibkarların vergi güzəştindən istifadəsi mümkün olacaq. Əks halda, fərdi sahibkarların sadələşdirilmiş vergi sistemindən istifadəsində çətinliklər olacaq”.

DÜNYA