Tribuna İnformasiya Agentliyi

Yeni qaydalar qəbiristanlıqlardakı mövcud mənzərəni dəyişə biləcəkmi? – REPORTAJ, FOTOLAR

08 Dekabr

Məlum olduğu kimi, ötən gün Nazirlər Kabineti “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nı təsdiqləyib. Qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Yeni qaydalara əsasən, qəbirlərarası orta məsafə uzun tərəflər üzrə 1 metr, qısa tərəflər üzrə 0,5 metr nəzərdə tutulmalıdır. Ölmüş şəxsin dini qaydalara və yerli şəraitə uyğun olmaqla dəfn edilməsi üçün qəbir yerinin uzunluğu 2 metr, eni 1 metr, dərinliyi 1,4 metr müəyyənləşdirilir.

Ölmüş şəxsin ölçüləri nəzərə alınmaqla, qəbir yerinin ölçüsünün mütənasib qaydada dəyişdirilməsinə yol verilir. Qəbir yeri qazıldıqda, qəbrin dibi qrunt sularının axın səviyyəsindən 0,5 metrdən az olmayan hündürlükdə olmalıdır.

Müvafiq sərəncama uyğun olaraq, dəfn üçün hər bir qəbir üzrə 5 kvadratmetr sahə ayrılması nəzərdə tutulub. Bundan əlavə,  Azərbaycanda qəbir yerlərinin ayrılması ödənişsiz olacağı bildirilir. “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları” ilə qəbir yerlərinin ayrılması proseduru da müəyyənləşib.

Qaydalara əsasən, qəbiristanlıq ərazisindəki qəbir yerləri yaşayış məntəqəsinin əhalisinin dini mənsubiyyətinə və milli adət və ənənələrinə uyğun olaraq, qəbir yerlərinin bu Qaydalarla müəyyən edilmiş ölçüləri nəzərə alınmaqla, seksiyalara ayrılmalıdır və qəbiristanlığın giriş qapısındakı elan lövhəsində aydın görünən və oxunan yerdə bu barədə məlumat yerləşdirilməlidir.

Azərbaycan vətəndaşlarının, Azərbaycanda olan və ya yaşayan, habelə qaçqın statusu alan əcnəbi və ya vətəndaşlığı olmayan və kimsəsiz şəxslərin dəfn olunması üçün qəbir yerləri qəbiristanlığın müdiriyyəti tərəfindən ödənişsiz ayrılır.

Bəs, yeni qaydalar haqqında Bakıda yerləşən qəbiristanlıqları idarə edən şəxslər xəbərdardırlarmı? Nazirlər Kabineti tərəfindən müəyyən edilən yeni standartlar barəsində onlara hər hansı bildiriş gəlibmi?

Bunu suallara aydınlıq gətirmək üçün “Yeni Müsavat”ın müxbiri Nizami rayonu ərazisində yerləşən “8-ci kilometr” qəbiristanlığına baş çəkib. Qəbiristanlığa nəzarət edən şəxslər Nazirlər Kabinetinin qərarından xəbərdar olduqlarını bildirdilər. Lakin onlara hər hansı rəsmi qaydada hər hansı bildiriş gəlməyib.

Onu da öyrəndik ki, “8-ci kilometr” qəbiristanlığında boş torpaq qalmayıb. Bu səbəbdən də hər hansı müraciət qəbul etmirlər.

Qəbiristanlığa nəzarət edən şəxslər qəbul edilən qaydaların əhali tərəfindən birmənalı qarşılanmayacağını bildirdilər: “Artıq bu məzarlıqda boş yer qalmayıb. Kimin qohumlarının yanında boş ərazi varsa, o zaman rəhmətə gedən yaxınını burada dəfn edə bilər. Düşünürük ki, tətbiq olunan qaydalar yeni qəbiristanlıqlara şamil edilməlidir. Biz heç kimə deyə bilmərik ki,dəbdəbəli qəbir yerləri düzəltdirməsinlər”.

Yeni təsdiqlənən qaydalarla bağlı qəbiristanlıqda olan mollarların da fikirlərini aldıq. Adının çəkilməsini istəməyən molla qəbiristanlıqlarla bağlı qəbul edilən dəyişikləri alqışladı: “Dəbdəbəli baş daşları, böyük ərazini əhatə edən məzar yerləri əslində düzgün deyil. Atasının, anasının sağlında qədrini bilməyən oğul, öləndən sonra minlərlə manat xərc çəkib, mərmərdən heykəl düzəltdirir. Özünü qohumların içində “yaxşı övlad” kimi göstərir. Əslində qəbirin üzərində ölünün şəkili belə olmamalıdır. O gün rəhmətə gedən birinə dua oxuyurdum, yaxınları qəbir daşının üstündə çardaq düzəldirib. Çardağın içində su və elektrik xətti çəkdirib. Bir o qalmışdı ki, samovar gətirib, çay da qoysun. Bütün bunlar biabırçılıqdır. Dini baxımdan belə, günahdır. Bu cür israfçılığa ehtiyac yoxdur”.

Qeyd edək ki, hazırda qəbiristanlıqlarda yer olmamasının bir səbəbi də imkanlı şəxslərin bir neçə qəbir yeri alaraq, özü, ailə üzvləri və həyatda olan doğmaları üçün də məzar düzəltməsidir. Həmçinin rəhmətə gedən bir şəxs üçün daha böyük yer alaraq məzarın üzərində çardaq qurulması, ətrafının çəpərlənməsi də bir neçə qəbir yerinin zəbt edilməsinə gətirib çıxarır. Yeni qaydalar da məhz bu problemin aradan qalxmasına yönəlib.

Qəbir daşları sexində çalışan ustalardan biri Mehdiabad qəsəbəsində standart məzarlığın olduğunu bildirdi: “Mehdiabad qəbiristanlığında bu qaydalara əməl olunur. Orada bütün qəbirlər standartdır. Orada dəbdəbəli qəbir sifarişi qəbul olunmur. Bundan əlavə, sağlığında ailəvi məzar yeri almaq mümkün deyil. Bütün qəbirlər bitişik formada ağ daşdan (aqlay daşı) düzəldilir. Qəbir daşının üzərində mərhumun şəkli, adı və doğum tarixi ilə ölüm tarixi qeyd olunur. Bu yaxınlarda bir nəfər rəhmətə gedən qohumun məzarına güllə dolu güldan qoymuşdu. Nəzarətçilər dərhal həmin güldanı oradan götürdülər. Əslində bu cür də olmalıdır”.

“8-ci kilometr” qəbiristanlığında bir qədər müşahidə apardıqdan sonra, burada xeyli boş yerin olduğunun şahidi olduq. Elə qəbirlər var ki, 6-7 nəfərin dəfn edilə biləcəyi qədər yeri zəbt edib.  Belə məzarların sayı onlarladır. Yeni qanunvericilikdə bir qəbir üçün maksimum 4-5 kvadratmetr yer ayrılması nəzərdə tutulur.

Bakıda bir çox qəbiristanlıqlara rəhbərlik edən şəxslər boş torpaqları sanki auksiona çıxarır. Bir neçə nəfərin dəfn edilə bilinəcəyi boş ərazini hasara alaraq, baha qiymətə bir nəfərə satırlar. Əslində isə məzar yerlərinin satılması yeni qaydalara görə qadağandır. Burada nəzərdə tutulan əsas müddəalardan biri də qəbir yerlərinin ödənişsiz olmasıdır. Qəbirlərin standart qaydada qurulması bu sahədə çalışanların büdcəsinə də təsir edəcək.

Ustalar da etiraf etdi ki, yeni qaydalara görə, dəbdəbəli başdaşı sifarişlərinin azalması onların maddi durumuna təsirsiz ötüşməyəcək. Ancaq təbii ki, qeyd olunan məsələdə bu nüans düşünüləcək ən sonuncu məqamdır.

Məğrur MƏRD,
Musavat.com,
Fotolar müəllifindir.