Tribuna İnformasiya Agentliyi

“Yeni qanun hazırlanır, orqan bankı yaradılacaq” – Rəşad Mahmudovdan ilginc açıqlamalar

10 Noyabr
“Bu il psixoloji həddi aşdıq, ilk dəfə səhiyyəyə bu qədər vəsait ayrılacaq”
“Sığorta sisteminin tətbiqi dövləti böyük xərclərdən xilas edəcək”
“Dializə girmiş xəstənin yoluxucu xəstəliklə qarışlaşma ehtimalı yüksəlir”
Bu gün orqan çatışmazlığından əziyyət çəkən insanlar üçün transplantasiya bir xilas yoludur. Bəs Azərbaycanda bu sahədə hansı uğurlar əldə edilib, hansı problemlər həllini gözləyir?
 Millət vəkili, ürək-damar cərrahı, tibb üzrə elmlər doktoru, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə heyətinin sədri Rəşad Mahmudov Medicina.az-a müsahibəsində bu məsələlərlə bağlı olduqca maraqlı məlumatlar verib, səhiyyə ilə bağlı yeni qanun layihələrindən söz açıb. TİA.AZ müsahibəni oxuculara təqdim edir:

-Rəşad doktor, Azərbaycanda bu gün orqan köçürmələri sahəsində vəziyyəti necə qiymətləndirmək olar? 
– İnsan orqan və toxumalarının transplantasiyası hər zaman dövlətimiz və səhiyyəmiz üçün aktual məsələ olub. Bu mövzuda həm cəmiyyətdə, həm qanunvericilik orqanında, həm icra orqanı olan Səhiyyə Nazirliyində və əlaqələndirici orqanlarda davamlı şəkildə müzakirələr gedir. Səhiyyəmiz artıq Azərbaycan tibb işçisinin gücünü real nəticələrlə ortaya qoyub. Ümumiyyətlə, postsovet məkanında 1974-cü illərdən başlayan böyrək transplantasiyası mərkəzlərindən biri də Azərbaycan olub. Mərhum akademik Mirməmməd Cavadzadə sovet səhiyyə tarixində xüsusi bir yerə malikdir. Azərbaycanın əslində, bu gün müzakirə etdiyi mövzular tibb və səhiyyəmiz üçün yeni deyil. Amma daha sonra bəlli səbəblərlə əlaqədar – SSRİ-nin süquta uğraması, keçid dövründə dövlətimizin qarşılaşdığı problemlərlə əlaqədar bəzi individual və yüksək texnologiyalı proseduralarda ləngimələr oldu, bəlkə də mütəxəssislərin həvəsləri azaldı. Amma şükürlər olsun ki, 2000-ci illərin əvvəlindən etibarən Azərbaycanda səhiyyədə yeni bir qığılcım başladı. Bunun da ən böyük səbəbi 1990-2000-ci illər arasında xaricə göndərilmiş Azərbaycan gənclərinin artıq yavaş-yavaş geriyə dönməsi ilə bağlı idi. Hamıya məlumdur ki. 2005-ci illərdən etibarən Azərbaycanda transplantologiya sahəsində yenidən müzakirələrin qızışmağa başlaması ilə 2009-cu ildə ilk dəfə Cənubi Qafqazda canlıdan canlıya qaraciyər transplantasiyası ilk dəfə Azərbaycanda oldu. Ölkəmizdə qaraciyər transplantasiyasının sayı artıq 100-ü keçir. Hazırda birgə fəaliyyət göstərdiyimiz komandaların etdiyi böyük transplantasiyalarının sayı 400-ə yaxınlaşır. Son illər fərqli xəstəxanalarda, eləcə də ölkəmizin bölgələrində belə transplantasiya ilə əlaqədar əməliyyatlar həyata keçirildi. Mənim millət vəkili seçildiyim Astara rayonunda 2015-ci ildə ananın qızına verdiyi orqan sahəsində qız öz sağlamlığına qovuşdu. Beləliklə, Azərbaycanın ən ucqar, sərhəddəki bir xəstəxanasında maddi-texnoloji baza bu əməliyyatı həyata keçirməyə imkan verdi. Bu əməliyyatı edənlər azərbaycanlı həkimləri idi.
Ancaq nə qədər belə yüksək, gözəl nəticə verən cərrahiyyədən danışsaq da, bu gün sayılan bu rəqəmlərlə ehtiyacı olan xəstələrin arasında olan disbalans dövlətdə ən üstdən ən aşağıya qədər hər kəsi narahat edir. Bu məsələnin həlli ilə əlaqədar fasiləsiz müzakirələr aparılır. Bu müzakirələrin ən çox aparıldığı yerlərdən biri də Milli Məclisin Səhiyyə komitəsidir. Azərbaycanda “İnsan orqan və toxumalarının transplantasiyası haqqında”  qanun  1999-cu ildə qəbul edilib və ulu öndər Heydər Əliyev tərəfindən təsdiqlənib. Bu gün artıq bu qanun layihəsi ilə bağlı geniş tərkibli, yüksək ixtisaslı kadrların, beynəlxalq ekspertlərin, eləcə də parlamentin Səhiyyə Komitəsinin birgə dinləmələri keçirilir. Necə edə bilərik ki, gələcəkdə icbari tibbi sığorta sistemi tam fəaliyyətə başladığı zaman hər bir vətəndaş ehtiyac olduğu anda transplantasiya ilə əlaqədar keçiriləcək əməliyyatda sadəcə, xəstəsini və xəstəliyini fikirləşsin? Çünki bu əməliyyatlar ailələrə çox yüksək maddi yük gətirən əməliyyatlardır.
Bu gün Səhiyyə Komitəsində hazırlanan qanun dünyanın aparıcı ölkələrinin ən ali qanunlarına bərabər səviyyədə tutulacaq bir qanundur. Ümid edirik ki, bir neçə oxunuşdan sonra bu qanun təsdiqlənəcək. Bu qanun qəbul olunarsa, Səhiyyə Nazirliyi və digər icra strukturlarının, eləcə də həkimlərin işini rahatlaşdıracaq.
-Bu gün hansı orqanların transplantasiyasına daha çox ehtiyac var? 
–  Ən çox ehtiyac duyulan transplantasiyalardan biri böyrək transplantasiyasıdır. Böyrək transplantasiyası həyata keçirilməyən xəstələrin həyatı dializ sayəsində uzadıla bilər. Əvvəllər böyürək çatışmazlığı olan xəstə həftədə 3 dəfə rayonlardan Bakıya gəlib hansısa xəstəxanada, mərkəzdə dializ olması lazım idisə, bu gün Azərbaycanda elə bir rayon yoxdur ki, orada dövlət tərəfindən vətəndaşlar dializ xidməti ilə təmin olunmasın. Bu həqiqəti görməyimiz lazımdır. Ancaq həftədə 3-4 dəfə 2-3 saat dializ aparatına bağlı şəkildə həyatını yaşaması bir insan üçün psixoloji baxımdan çox ağırdır. Eləcə də bir dövlət üçün bir insana ömür boyu həftədə 3-4 dəfə bu xidməti göstərilməsi həm maddi, həm də fiziki yükdür. Dializə girmiş böyrək xəstəsinin dializ proqramına bağlı hepatitlər və bir çox yoluxucu xəstəliklə qarışlaşma ehtimalı yüksəlir. Bu, dünyada tibbə məlumdur. Bu da öz növbəsində daha sonrakı mərhələlərdə həmin xəstələrdə ciddi qaraciyər və digər orqan çatışmazlıqlarına, eləcə də xroniki böyrək çatışmazlığına bağlı hormonal sistemin pozğunluğu, ürək-damar xəstəlikləri qat-qat yüksəlir. Bu xəstələrin beyin insultları keçirmək ehtimalı normal xəstələrdən qat-qat çox olur. Eləcə də dializ üçün lazım olan damar yollarının bərpası, onların fəsadlaşmasına bağlı illik 15-20 faizlik bir xəstənin sağlamlığında problem yaranma ehtimalı var.
Bu gün dövlətin hər bir dializ alan vətəndaş üçün il ərzində büdcədən ayırdığı vəsait 25-27 min manatdır. Bu, sadəcə dializ üçün istifadə edilir. Lakin böyrək transplantasiyası olduğu zaman xəstə ilk növbədə sağlamlığına qovuşur. Dövlət də ilk növbədə vətəndaşının sağlamlığına qovuşması üçün əlindən gələni edir. Bu gün böyrək köçürülmüş xəstə tam həyata qayıdır. Böyrək çatışmazlığı olan xəstə istirahətə gedəndə belə bir yerdə 2 gündən artıq qala bilməz, çünki dializdən keçməlidir. Belə xəstələr 50 il də yaşasa, həyatında uzunmüddətli plan qura bilmir. Bu xəstə böyrək transplantasiya ilə tamamən aparat və xəstəxanalardan təcrid edə, sağlam bir həyat və ölkə üçün iş görə bilən bir vətəndaşa çevrilə bilir. O insanın ailə üzərindəki yükü də qalxır. Bununla birlikdə, həm də artıq yoluxucu xəstəliklər üçün bir mənbəyə çevrilməz. Bu da əslində, yeni səhiyyə yükü və səhiyyə xərcləridir. Həmin xəstənin sığortası olduğu zaman xərcini sığorta şirkəti, yaxud dövlət və ailə çəkir.
Dünya Səhiyyə Təşkilatı iqtisadi rəqəmləri ortaya qoyub. Bütün problemləri bir tərəfə qoyuram, bir xəstə dializə getdiyi zaman bunun üçün bir müddət yoxdur. Sosial, psixoloji, tibbi problemləri bir kənara qoyuram, bir xəstə üçün illik dializ proqramı 25 min manata başa gəlirsə, dövlət üçün 5 ildə ən azı 125 min manatlıq bir xərcdir. Azərbaycanda bu gün bir böyrək transplantasiya ilə əlaqədar əməliyyatın keçirilməsi, orqanın alınması və xəstəxanada köçürülməsi də daxil olmaqla, 15-20 min manatdır. Əslində, 10 min dollardan aşağı rəqəmlər dünya üçün normal və çox aşağı bir rəqəm kimi qəbul olunur. Böyrək köçürülən xəstə il ərzində xüsusi dərmanlar qəbul etməlidir, bu da orta hesabla 2-3 min manat xərc tələb edir. Beş ildə bu dərmanlar üçün əlavə 15 min manat lazımdır. Bir tərəfdə sağlam həyat və dövlətə yük gətirmədən 30 min manatla 5 ildə bir insanın normal yaşayışını təmin etmək mümkündürsə,  Xəstəyə bir dəfə orqan köçürüləcək və hər 5 ildə əlavə 125 min manat xərclənməyəcək. Orqan transplantasiyası edə bilmədiyimiz zaman problemli həyat yaşayan insan, dövlət üçün də hər il 125-150 min manat xərc məsələsi var. Mən digər məsələləri saymıram. Bu xəstələr dializə görə reanimasiyalara düşür,  eyni zamanda infeksiya düşdüyü zaman bununla əlaqədar dövlət yenidən xərc çəkməli olur. Hələ ailənin üzərinə düşən yükü demirəm.
-Ölkəmizdə qaraciyər transplantasiyasının həyata keçirilməsi sahəsində hansı işlər görülüb?  
– Bu gün qonşu ölkələrdən belə Azərbaycana gələrək qaraciyər transplantasiyası etdirirlərsə, səhiyyəmizin bu sahədəki uğurunu qəbul etmək lazımdır. Bəzən hansısa sahənin inkişafı ilə əlaqədar suallar içərisində düşünmək lazım gəlsə də, Azərbaycan bu gün bəzi yüksək texnologiyalı əməliyyatların tətbiqi və nəticələrinə görə postsovet məkanında ən qabaqcıl yerlərdən birini tutur. Qaraciyər transplantasiyasına ehtiyacı olan xəstənin böyrək çatışmazlığı olan xəstədən fərqli olaraq yaşaması üçün heç bir alternativi yoxdur. Bu xəstələr üçün bir dializ aparatı yoxdur ki, həmin orqanın funksiyasını həyata keçirsin. Qaraciyərlə bağlı tək çarə onun transplantasiyasıdır.
İndiyə qədər Azərbaycanda 100-ə qədər qaraciyər transplantasiyası həyata keçirilib. Dünya statistikasına əsasən nüfuzlu tibbi mərkəzlərinin transplantasiya həyata keçirilmiş xəstələrin 80 faizini yaşatmaq ehtimalı var.  Bu baxımdan Azərbaycan bu sahədə çox böyük uğur əldə edib. Ancaq bu xəstələrə qaraciyər transplantasiya olmadığı zaman dünya tibb reallığına görə onların 100 faizi həyatlarını itirməyə məhkumdur.  Qaraciyər transplantasiyası həyata keçirilən xəstələrin hər 100-dən 80-85-i yaşayır. Həm də həyatlarının sonuna qədər normal bir həyat yaşayır. Əvvəllər çalışdığım xəstəxanada 2009-cu ildə qaraciyər transplantasiya olub, bu ölkənin ictimai-siyasi həyatında çox aktiv olan insanlar var. O insanlar yarımçıq bir həyat sürmürlər. Övladı olmayan xəstələr arasında transplantasiyadan sonra ikinci övladını gözləyən xəstələrimiz var. Sosial şəbəkələrdən bəlkə də izlədiniz, transplantasiya olunmuş xəstələrlə həkimlər arasında futbol yarışı oldu. Yəni transplantasiya əslində, dünyada ümidini itirmiş yeni həyatın bəxşi qədər önəmlidir.
-Bu günə qədər Azərbaycanda ürək transplantasiyasının həyata keçirilməməsinin səbəbi nədir?  
-Böyrək və qaraciyərdən fərqli olaraq, ürək elə bir orqandır ki, onun bir xəstədən başqa bir xəstəyə köçürülməsi üçün digər insanın beyin ölümü keçirməsi lazımdır. Çünki bu gün böyrək transplantasiyasında bir qohum, yaxın öz orqanını xəstəyə verir. Yaxud qaraciyər transplantasiyası zamanı qaraciyərin bir parçası götürülür. Bu gün tibb göstərir ki, normal keçən əməliyyat zamanı  bu orqanların verilməsi insana heç bir problem yaratmır. Amma ürək köçürülməsi üçün beyin ölümü olmalıdır. Əslində, Milli Məclisdə, parlamentin Səhiyyə Komitəsində davamlı şəkildə müzakirəyə çıxarılan insan orqan və toxumalarının transplantasiyası haqqında qanun layihəsində əsas məqam cərrahi olaraq Azərbaycan səhiyyəsinin bu işi görüb-görməməsi ilə əlaqədar deyil. Burada məsələ həyatını itirmiş insanların orqanlarını alaraq orqan bankı yaradılması və ehtiyacı olan vətəndaşlara köçürülməsidir. İstər dünya  fəlsəfəsinə, istərsə də dinlərə baxdığımız zaman həyatını itirən bir insanın orqanlarını bağışlamasına əngəl olan düşüncə tərzi yoxdur. Hətta “Quran”da surə var ki, bir insana həyat verəcək bir addım bütün bəşəriyyəti xilas etməyə bərabərdir. Bu gün islam ölkələrinə baxırıq, beyin ölümü keçirən insanlardan ürək köçürmələri ilə bağlı bir problem yoxdur. Nə islamda, nə xristianlıqda, nə musəvilikdə buna mane olan nəsə yoxdur. Bu halda sual ortaya çıxır ki, problem nə ilə bağlıdır? Azərbaycan qanunvericiliyində boşluq var, yoxsa bilmədiyimiz başqa bir problem var? Əslində, 1999-cu ildə yazılmış və bu gün üzərində  insan orqan və toxumalarının transplantasiya haqqında qanunda beyin ölümündən sonra orqan köçürülməsi ilə bağlı heç bir əngəl yoxdur. Bəs nə üçün biz bunu edə bilmirik? Mən həm də uzun illərdir ki, ürək-damar xəstəlikləri ilə əlaqədar mütəxəssis olaraq dünyada bununla bağlı keçirilən mötəbər tədbirlərdə iştirakçı və təşkilatçı kimi çıxış etmişəm. Bu gün Azərbaycan cəmiyyətində həyatını itirmiş və ya reanimasiyada beyin ölümü keçirmiş insanın orqanının bağışlanması ilə əlaqədar məsələ həm də cəmiyyətin psixoloji məsələsidir. Biz də bu cəmiyyətin üzvləriyik. Düşünürəm ki, biz bəlkə də KİV-lərdə yetərincə məlumat verə bilmirik. Bir insanın bir gün yaxınını itirməsi qaçılmazdır və hər gün hamımızın qarşısına çıxır. Bu, labüddür. Bəşəriyyət olduğu müddətdə bu, olub və bundan sonra da olacaq, geci-tezi var. Mənim gördüyüm psixoloji məqam nədir? Yaxını həyatını itirmək təhlükəsi ilə qarşılaşan insanın reaksiyası necədir? Bu  halda bizim cəmiyyətdə bir az ağır reaksiya var. Həkimlər və tibb müəssisələri bu halla üzləşmiş ailələrlə həyatını itirmiş və ya beyin ölümü yaxınlarının orqanlarından bir neçə insanın yaşaması üçün istifadə edilə biləcəyi barədə söhbət etməyə cürət belə edə bilmirlər. Cəmiyyət içərisindən baxdığım zaman əsas problemlərdən biri budur. Bunun olması üçün əslində, biz həmin anda deyil, KİV-lər vasitəsilə öncədən cəmiyyətə sağlam bir şəkildə çatdırmalıyıq. Məsələlərə həm peşəkar, həm dini, həm ictimai baxımdan problemə aydınlıq gətirməliyik. Məsələyə aydınlıq gətirmək sadəcə, bir saatlıq bir veriliş, proqramla olmur. Damlı şəkildə bu iş təbliq olunmalıdır. Cəmiyyətdə bu düşüncəni yaratmaq üçün ətrafımızda nümunələr var. Mən 15 il Türkiyədə təhsil aldığım və fəaliyyət göstərdiyim dövrdə qardaş ölkədə bu işin necə vüsət tapdığının şahidiyəm. “Eurotrans” adlanan və bütün statistikanın olduğu bir portal var. O portalda səhiyyənin real dəyərləri verilir. Təxminən 3 il Türkiyənin Ağ dəniz regionu transplantasiya  və bu sahədə aparılan işlər üzrə Avropada lider oldu. Bu, nə ilə bağlı idi? 5-10 il əvvəl proqram başlamışdı. Bu proqramla əvvəlcə illərlə insanlar maarifləndirildi, kadrlar yetişdirildi, sistem quruldu. Çünki bu, tək bir cərrahın görəcəyi iş deyil. Sistematik bir şəkildə orqan və toxuma transplantasiyası koordinasiya mərkəzlərinin iştirakı ilə həyata keçirilir. Orqanın götürülməsi işində əslində, orqan və toxuma köçürən cərrah iştirak etmir.  Buna dünya səhiyyə etikası da icazə vermir. Çünki birdən həyatını itirməkdə olan insanın həyatı ilə bağlı xırda bir ümid yaranar və bu halda həkim digər xəstəsinin həyatını xilas etmək üçün uyğun olmayan bir qərar qəbul edə bilər. Bu ehtimalı sıfıra endirmək üçün orqanın götürülməsi prosesində orqan köçürəcək həkimin iştirak etmək hüququ yoxdur. Sadəcə, ümumi fikirlərini söyləyə bilər.
-Xəstəxanalarımızın texniki imkanları bu gün beyin ölümü diaqnozunu qoymağa imkan verirmi?
– Bu gün Azərbaycandakı texnologiyalar və tibb imkan verir ki, dünyada istifadə olunan klinik protokollarla çox sadə və heç bir şübhə yaratmadan müzakirəsiz bir şəkildə beyin ölümü diaqnozu qoyulsun. Səhiyyəmiz buna qadirdir. Amma bunun üçün mütləq bütün reanimasiyaların və ölkədə reanimasiya xidməti verən bütün mərkəzlər, ixtisaslaşmış həkimlər tərəfindən beyin ölümü diaqnozunun zamanında qoyulması və bu diaqnoz qoyulduqdan sonra ehtimala görə onun orqanları istifadə oluna biləcəksə, o xəstəni bir neçə gün yaşada bilməsi lazımdır. O xəstənin beyni yaşamasa da, orqanların yaşaması lazımdır. O müddət ərzində koordinasiya mərkəzlərinə məlumat verilməlidir. Koordinasiya mərkəzləri transplantapsiyaya ehtiyacı olan mərkəzlərlə əlaqə qurmalıdır. Beləliklə, uyğun alıcı və verici varsa, ondan sonra koordinasiya mərkəzləri xüsusi psixoloqlar və ekspertlərin vasitəsi ilə xəstənin yaxınları ilə müzakirələrə başlamalıdır.
Həyatını itirmiş xəstənin orqanının alışı və satışı dünyada birmənalı qadağandır. Düzgün bir sistem qurulan zaman beyin ölümü keçirmiş insanın orqanları üçün ayrıca bir ödəmə olmur.
-Üzərində işlənilən yeni qanunda Azərbaycanda bu sistemin qurulması əksini tapıb? 
– Qanunda bu sistemin tənzimlənməsi ilə bağlı artıq incəliklərin müzakirəsi aparılır. Bu qanun qəbul olunduqdan sonra əsas icraedici orqan olan Səhiyyə Nazirliyi buna uyğun şəkildə sistemin həm koodinasiya mərkəzlərinin, həm reanimasiyaların təşkili, həm uyğun insana uyğun orqanın verilməsi, həm də yüksək texnologiyalı bu əməliyyatların  təşkili və tətbiqi ilə əlaqədar məsələləri təşkil etməlidir.
Yeri gəlmişkən, 2019-cu il üçün dövlət büdcəsinin müzakirələrində yaşamış olduğum sevinc hissi var, bunu paylaşmaq istəyirəm.  Gələn ilin dövlət büdcəsi layihəsində bütün sahələrə ayırmalarda bir artım var. Amma səhiyyə sahəsində artım 42 faiz nəzərdə tutulub. Mən bir həkim kimi deyə bilərəm ki, Azərbaycan Cümhuriyyətinin və Azərbaycan dövlətinin 100-cü ilində bu, böyük bir tarixi hadisədir. Səhiyyəmizdə bu gün eradan əvvəl və eradan sonra deyilən bir tarix başladı. Prezidentimizin rəhbərliyi altında sovet dövründən qalan və səhiyyəyə qarış olan düşüncə ilə bağlı bir dəyişiklik oldu. Bölgədə çoxysaylı siyasi və iqtisadi böhranların olduğu bir zamanda bütün sahələrə nisbətdə səhiyyəyə ayrılan vəsait bu qədər yüksəldildi. Bundan əvvəl, icbari tibbi sığortaya qısa müddət ərzində 240 milyon manata yaxın əlavə bir büdcə nəzərdə tutulub. Ən əsası Azərbaycan səhiyyə büdcəsində psixoloji baryer olan 1 milyard manat səviyyəsinin aşılması gələcək səhiyyəmizin inkişaf yolu ilə bağlı indidən dövlətimizin reallığı və siyasəti ortaya qoymasıdır.
Bu gün dövlət hər il əlavə 300 böyrək çatışmazlığı ilə üzləşən xəstələrin xərcini üzərinə götürür. Bu 300 nəfəri böyrək çatışmazlığı olduqdan sonra doğru diaqnozla və zamanında dializə salmadan transplantasiya əməliyyatından keçirərsə, bu, müsbət bir tendensiya olar. Transplantasiya ilə əlaqədar hər xəstəyə 30-40 min xərcləndiyini və bunun gələcəkdəki yükləri azaldacağını nəzərə almalıyıq. Çünki bu ilin xəstələri transplantasiya əməliyyatı olmursa, gələn ilin xəstələrinin üzərinə əlavə olunur və xəstələrin sayı silsilə şəkildə artır. Qanun və büdcənin bizə verdiyi imkanlarla bu gün bəlkə də 15 milyon manata ölkəmizdə nəinki 300, il ərzində 1000 xəstəyə böyrək köçürülməsinin xərclərini də dövlət üzərinə götürə bilər. Dövlətimiz buna qadirdir və bunun üzərində işlər gedir. Bu, həm də dövlətin gələcək illər üçün 15 milyon manatın qat-qat üzərində xərclərinin qarşısını almaq olar.
-Yəni, yeni qanunun qəbulundan sonra sistemin formalaşması ilə donor bankı yaranacaq? 
– Qan bankı necədir? Qan köçürülməsi də bir baxımdan transplantasiya, bir tolxumanın bir başqasına köçürülməsidir. Biz qan verən zaman “bu qanı mütləq qohumumuza verək” deyirikmi? Artıq sovet zamanından başlayan və bu gün də ənənə şəklində davam edən dövlətin məqsədli təşviqatı sayəsində insanlar istəkləri ilə öz orqanlarından bir parça olan qanı verirlər. Bu qanın ehtiyacı olana veriləcəyi barədə də şübhə keçirmirlər.  Çünki dövlətin Qan Mərkəzi var və həmin mərkəzdəki qandan həyatı təhlükə vəziyyətində olan insanların ehtiyacları üçün istifadə olunur. Bu, dünyada ən müqəddəs işlərdən biridir. Qan verən də, qandan istifadə edən də, bu qan vasitəsi ilə xəstənin həyatını qurtaran səhiyyə işçisi də məmnundur.
Orqan bankı da əslində belə bir şeydir. Biz hər birimiz orqan bankının yaradılması üçün bütün gücümüzü qoymalıyıq. Bəlkə bu gün nəslimizdə ehtiyac yoxdur. Amma bu gün olmasa belə, bu sistemin formalaşması ənənə halına gəldiyi zaman 100 il sonra övladlarımızın birinin ehtiyacı olan məqamda o sistemdəki orqandan, orqan bankından çox rahat şəkildə istifadə edə bilsin. Ona görə bunun adı orqan bankıdır. Yeni qanun çərçivəsində sistem formalaşdıqda orqan bankı yaranacaq.
Yeri gəlmişkən, ABŞ-da orqan transplantasiyası ən yüksək şəkildə qurulub. Buna baxmayaraq,  ABŞ-da həyatını itirmiş və beyin ölümü keçirmiş insanlardan tədarük edilən orqanlar ehtiyacı olan xəstələrin cəmi 15-20 faizinə çatır. Əslində dünyada beyin ölümü ürək transplantasiyası üçün vazkeçilməz məqamlardan biridir. Bir ölkədə orqan transplantasyiası ilə bağlı sistem tam qurulan zaman qaraciyər və böyrəklə bağlı ehtiyacın 20 faizini qarşılaya bilər.
Yerdə qalan ehtiyac qohum və yaxınlar hesabına ödənilir. Çünki xəstə, ailəsi üzərində əməliyyatın maddi yükü olmadığı, icbari tibbi sığorta ödəməni etdiyi zaman ailənin üzərində sadəcə, bir orqanı verməkdən başqa bir yük qalmır. Əslində bu halda donor bankı avtomatik ailə və nəsil olur. Nəsillər də 80 faiz öz problemini özü həll edir.
-Ancaq kənar insanlara orqan bağışlamağa icazə verilməməsi belə xəstələr üçün imkanları azaltmır ki? 
– Keçən ay bizim xəstəxanada – Mərkəzi Gömrük Hospitalında 15 böyrək köçürməsi olub. Mən bu gün Dövlət Gömrük Komitəsinin Tibb İdarəsinin Elm və tədqiqat tədris mərkəzinə həm rəhbərlik edirəm, həm də öz sahəmlə əlaqədar elmi işlərin aparılması, rezidentlərin və həkimlərin yetişdirilməsi üçün davamlı bir şəkildə aktiv fəaliyyət də göstəririk. Elmi fəaliyyətin içərisində peşəkar tətbiqi işlər var, bunlar bir-biri ilə əlaqədardır. Bu işləri görərkən xəstəxanada son bir ayda 15 böyük transplantasiyası olduğunu nəzərə alsaq, bu gün həkimə gələn bir xəstə orqan verəcək qohumu deyil, başqa birisi ilə gəldiyi zaman hüquqi tərəfdən suallar ortaya çıxır. Həkim və xəstəxana özünü necə sığortalaya bilər ki, burada hər hansı qeyri-leqal, etik olmayan məsələlər yoxdur. Bununla əlaqədar hazırda bizim komandanın tətbiq etdiyi bir sistem var.
Yeri gəlmişkən, əslində Azərbaycan qanunvericiliyində qohum olmayan, kənar insanların xəstələrə orqan verməsini tam əngəlləyən bir maddə yoxdur. 2009-cu ildə biz ekspertlərlə böyük bir tədbir keçirdik və orada bəlli oldu ki, buna əngəl yoxdur.  Ancaq əngəlin olmaması xəstəxanaların belə əməliyyatları edə biləcəyi anlamına gəlmir. Həkimlər və xəstəxanalar özlərini sığortalamaq istəyir. Bu problemin həlli istiqamətində  bir çox Avropa ölkələrində bəlli müddətdə olan bir metod vardı. Söhbət çarpaz transplantasiyadan gedir. Bu, nə deməkdir? Eyni gündə iki xəstə böyrək transplantasiyası ilə bağlı xəstəxanaya müraciət edir. Anası, qardaşı, bacısı xəstəyə orqan verməyə hazırdır, amma heç birinin orqanı uyğun deyil. Uyğun olmadığı zaman onlar çarəsiz qalır. Əgər başqa insandan xəstəyə orqan köçürülməsinə həkim və xəstəxana da icazə vermirsə, insanlar üçün çox ağır psixoloji məqam yaranır. İkinci bir ailə də xəstəxanaya eyni vəziyyətdə gəlir. Mircəlal Kazıminin həyata keçirdiyi əməliyyatlar içərisində ailələr üçün sevindirici olan belə hallar var. O xəstələr  və ailələri xəstəxanada olarkən məlum olub ki, anası öz balasına orqan vermək istəyir, uyğun deyil, amma digər xəstəyə uyğundur. Digər ailədən də bu xəstəyə orqanın uyğun olduğu ortaya çıxıb. Bu dəfə hər iki ailənin və hər iki xəstənin iştirakı ilə belə bir qərar verilir ki, eyni gündə əməliyyat keçiriləcək, sadəcə, birinin valideyni digərinə, digərinin valideyni o birinə öz orqanını hədiyyə edəcək. Bu, rəsmiləşdirilərək notariusdan keçirildikdən sonra humanist addım atıldı. Bu, əslində dünya səhiyyəsində istifadə edilən metodlardan biridir.  Biz buna çarpaz orqan bağışlanması deyirik.
Düşünürəm ki, gələcəkdə həm orqan bankı, həm də çarpaz orqan bağışlanmasından istifadə etməklə orqan transplantasiyasına ehtiyacı olan xəstələrin böyük bir hissəsinin problemi həll oluna bilər. Eləcə də icbari tibbi sığorta və transplantasiya ilə əlaqədar xüsusi dövlət proqramının dövriyyəyə girməsi, maddi və maliyyə problemlərinin həll olunması ilə gələcəyə daha ümidlə baxa bilirik. Əslində Azərbaycan dövləti və səhiyyəsi bununla yeni 100 ilə qədəm qoyur.