Yeni böhran başladı: Dünya artıq diz üstədir…backend

Yeni böhran başladı: Dünya artıq diz üstədir…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya iqtisadiyyatı növbəti ciddi böhranla, resessiya ilə üzləşib, hətta artıq böhranın içindədir. Dünyada getdicə artan inflyasiya, enerji və ərzaq böhranı, logistik zəncirlərin qırılması, yenilərinin yaranması ilə bağlı problemlər – bütün bunlar 2020-ci ildə kovid bəlasının dünya ölkələri tərəfindən doğru idarə edilməməsinin nəticəsidir.

Bu barədə fikirləri iqtisadçı ekspert Natiq Cəfərli səsləndirib.

O bildirib ki, likvidliyin kəskin artırılması, bazarlara 17 trilyon dollar əlavə vəsaitin axıdılması, qapalı sərhədlər, ən sonda Rusiyanın Ukraynaya qarşı təzavüzü dünya iqtisadiyyatını diz üstə qoyub:

“Dünya dilemma ilə qarşı-qarşıya qalıb – ya kredit faizlərini (MB-ın uçot dərəcəsini artırmaq yolu ilə) artıraraq inflyasiya ilə mübarizə aparmaq, ya da likvidlik bolluğunu davam etdirərək inflyasiyanı daha da yüksəltmək. Görünən odur ki, dünya ölkələri birinci yola üstünlük verir – əksər MB-lar uçot dərəcəsini artırmaq yolu tutublar, bu yol inflyasiyanı cilovlaya bilər, amma iqtisadi aktivliyi boğacaq, iş yerlərini, insanların real gəlirlərini kəskin azaldacaq; bu yol yenə bir çox ölkələrdə sosial gərginliklərə, kütləvi etirazlara, nəticədə siyasi elitaların dəyişməsinə yol açacaq.

Qəribəsi budur ki, hətta ikinci yol seçilsə belə, yenə nəticə eyni olacaq – likvidliyin artması davam etdikcə inflyasiya da yüksələcək, qiymət artımları kütləvi etirazlara, seçkilərdə antielita qüvvələrə səs verməklə dəyişikliklərə səbəb olacaq.

Yəni, kovid səhvləri, hətta cinayətləri artıq dünya ölkələri elitasının boğazına keçmiş ipdir, hər hansı tərəfə çabaladıqca, ip daralır, siyasi “boğulma” çırpıntıları artır”.

Ekspert qeyd edib ki, 21 iyul 2022-ci ildə Avropa Mərkəzi Bankı uçot dərəcəsini 0,25% artıracaq:

“Bu avronu müvəqqəti olaraq nisbətən bahalaşdıracaq, amma 0,25% – inflyasiyaya qalib gəlmək üçün yetərli deyil, deməli, il sonuna qədər yenə faiz artımı olmalıdır. Yaxşı, AMB-ı faiz artımlarını davam etdirsə, fraqmental Avropa iqtisadiyyatının halı necə olacaq?! Yəni, Avropa iqtisadiyyatı fraqmentaldır – ölkələr eyni qaydada inkişaf etməyib, eyni ehtiyatlara malik deyillər, deməli, cənub və şərqi Avropa ölkələri faiz artımından daha çox zərər görəcəklər, iqtisadi daralma yüksələcək. Qərbi və Şimali Avropa ölkələri daha dayanıqlıdırlar, amma orda da iqtisadiyyatın 1%-i belə daralması böyük ölkələr üçün onminlərlə işsiz, onminlərlə müflisləşmiş şirkətlər deməkdir.

27 iyul 2022-ci ildə isə ABŞ-da FES-in (FED) növbəti toplantısı olacaq, zatən aqressiv faiz artımına başlayan FES bu dəfə ən az 0,75%, və ya hətta 1% uçot dərəcəsini artıra bilər: bu isə yenidən dollar indeksinin yüksəlməsinə, dolların bütün valyutalar qarşısında dəyər qazanmasının sürətlənməsinə səbəb olacaq. Doğuracağı nəticə isə ABŞ-da da kredit faizləri bahalaşacaq, bu isə iqtisadi daralma, işsizlik, insanların real gəlirlərinin azalması demək olacaq.

Bir sözlə, dünya siyasi elitası kovid biabırçılığına və Rusiyanın aqressiyasını önləyə bilmədiyinə görə çıxılmaz vəziyyətə düşüb. Bu isə onu deməyə əsas verir ki, yaxın zamanda dünya ölkələrində kardinal şəkildə siyasi idarəetmə elitası dəyişəcək”.