Tribuna İnformasiya Agentliyi

“Yazılmış qanunlarla reallıq arasında fərqlər var” – Gömrükdə yeni qaydalar

30 İyun

“Gömrük prosedurunun sadələşdirilməsilə bağlı prezident tərəfindən verilən sərəncam pozitiv addım olsa da, onun həyata keçirilməsi sözügedən komitəyə yeni bir idarəetmə fəlsəfəsinin gətirilməsini də vacib edir ki, sərəncamın effektivliyini görə bilək”.

Bu sözləri Yenicag.az-a açıqlamasında prezidentin “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsilə bağlı sərəncamına münasibət bildirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib:

“Sərəncamdan sonra yaxın dövrdə komitəyə yeni nəfəsin gətirilməsi idarəetmənin dəyişməsindən asılı olacaq. Gömrük Komitəsi isə uzun illərdir düşünür ki, iş adamlarının başı üzərində sanki qılınc kimi dayanmalı, qorxu mühiti yaratmalıdır. Həmin qorxu mühiti aradan qaldırılmalı və komitə öz tarixi vəzifəsinə doğru geri dönməlidir. Çünki gömrüyün yaranmasının əsas qayəsi daxili bazarın qorunmasına xidmət göstərməkdən ibarət olub. Azərbaycanda isə komitə daxili bazarın qorunması ilə yanaşı daha ciddi nəzarətedici funksiyanı da öz üzərinə götürüb. Belə olan halda, daxildə istehsal edilməyən məhsulların ölkəyə gətirilməsində ciddi problemlər yaranır. Bu aradan qaldırılmalı, daxildə istehsal olunmayan və xaricdən gətirilən məhsula daha az gömrük dərəcəsi, daha sərbəst keçid şərtləri tətbiq olunmalıdır”.

Bu mənada ekspert verilən sərəncamı pozitiv adlandırsa da, gömrük sahəsində yazılmış qanunlarla reallıq arasında fərqlərin olduğunu da diqqətə çatdırıb:

“Əslində gömrük və vergi orqanlarında tənzimləmə və islahat aparılması iqtisadiyyatda pozitiv dinamikaya malik olmaq üçün ən vacib şərtlərdən biridir. Müstəqillikdən indiyədək gömrüklə bağlı həmişə problemlər yaşanıb. Gömrük Komitəsi iş adamlarının ən çox narazı olduğu qurumlardan biri olub. İndi burada həm rəhbərlikdə dəyişiklik baş verib, həm də prezidentin son sərəncamı ilə prosedurların sadələşdirilməsi, yaşıl xətlərin yaradılması, qonşu ölkələrin gömrük orqanları ilə birbaşa əlaqələrin qurulması, iş adamlarına daha rahat keçidlərin təmin olunması kimi məsələlər nəzərdə tutulub. Amma sərəncam özü-özlüyündə pozitiv olsa da, təəssüf ki, Azərbaycanda yazılmış qanunlarla reallıq arasında da fərqlər olur. Yəni qanun və sərəncamların verilməsilə yanaşı, həm də iş qaydaları da dəyişməlidir. Gömrük Komitəsi əslində iş adamlarının ən yaxın dostuna çevrilməlidir. Obrazlı desək, qorxulu orqan deyil, ən yaxın dost və köməkçi olmalıdır. Yəni elə olmalıdır ki, iş adamları gömrük komitələrilə rahat şəkildə ünsiyyət qura bilsin”.

N. Cəfərliyə görə əsas problem Gömrük Komitəsinin bir çox hallarda qiymətləndirmə apararkən özünün daxili qaydalarına uyğun hərəkət etməsindən qaynaqlanır:

“Məsələn komitə xaricdən gətirilən avtomobillər üçün özünün qiymət cədvəlini “kəşf edib”. Avtomobilləri komitə özü qiymətləndirərək, ondan gömrük rüsumu və vergi dərəcələri hesablayır ki, bu da doğru yanaşma deyil. Bundan başqa, gömrük rüsumlarında 0 faizdən 15 faizə qədər fərq var. Belə böyük fərqin olması isə insan faktorunu önə çəkir. Yaxşı olardı ki, sərəncamdan irəli gələn nəticələrlə paralel olaraq, Gömrük Komitəsində dediyim istiqamətdə dəyişikliklərə də gedilsin. Məhz bu mövcud olan böyük fərqi aradan qaldırılmasına xidmət edə bilər.

Burada sadələşdirilmiş faiz dərəcəsi olmalıdır. Mövcud olan 15 pilləlik faiz dərəcəsi doğru deyil. Ən çoxu iki pilləli gömrük dərəcəsi olmalıdır. Ölkə daxilində istehsal olunan məhsullar xaricdən gətirilirsə, təxminən 10 faiz, daxildə istehsal olunmayan məhsullar idxal edildikdə isə 3-5 faizlik gömrük rüsumu tətbiq olunmalıdır. Belə olan halda daxili bazarda rəqabət mühiti yaranar və qiymətlər aşağı düşər. 15 pilləli faiz dərəcəsi isə özü-özlüyündə korrupsiya faktoruna yol açır, iş adamlarının normal fəaliyyətinə çətinlik yaradır”.

Qeyd edək ki, prezident İlham Əliyev gömrük prosedurlarının sadələşdirilməsini nəzərdə tutan “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, idxal olunan malların elektron formada əvvəlcədən bəyan edilməsi sistemini tətbiq edəcək icraçı orqanlar müəyyənləşdirilib. İcraçı orqanlar qismində isə Dövlət Gömrük Komitəsi, Vergilər və Maliyyə Nazirlikləri çıxış edəcək.