Yazarlar necə dolanır? – Oxucudan, yoxsa imkanlı tanışlardan?backend

Yazarlar necə dolanır? – Oxucudan, yoxsa imkanlı tanışlardan?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan yazıçı və şairləri, qələm adamları həmişə əsərlərinin, kitablarının hesabına dolanmadıqlarını deyiblər. Onların əksəriyyətinin dolanışığı saytlarda işləməyin hesabınadır. Bəziləri də dövlətin verdiyi təqaüd hesabına dolanırlar. Əlbəttə, bunu bütün yazarlara aid etmək olmur. Bu yaxınlarda ölkədə kitab satışında ilk yerlərdə duran Elxan Elatlının da güzəranının yaxşı olmadığı barədə naşir və yazar Rasim Qaraca sosial şəbəkə hesabında yazmışdı.

Yazıçı və şairlər nəylə dolanırlar? Başqa qazanc yerləri nədir? Hansısa imkanlı şəxslərdən dəstək görürlərmi?

Cebhe.info yazarlar arasında bu mövzuda sorğu keçirib.

Yazıçı Şərif Ağayar Cebhe.info-ya deyib ki, yazarların vəziyyəti acınacaqlıdır:

“Bizdə kitabla dolandığını deyən Çingiz Abdullayevdir, onun da səmimiyyətinə inanmıram. Çünki kitabla dolansa, məntiqlə, o qədər vəzifələrdə işləməz, oturub kitablarını yazar. Lap səmimi olsa belə, istisnalar ümumi vəziyyəti dəyişmir. Bizdə kitab sənayesi lazımi səviyyədə formalaşmadığına görə yazıçı nə qədər gözəl yazır-yazsın, onun bazardan qazanc götürmək imkanı yoxdur. İndi əlavə dəyər vergisinin ləğvi bazar sisteminin, kitab industriyasının formalaşmasında ciddi bir addımdır. Gələcək üçün biz bu istiqamətdə işləməliyik. Əsasən də kitabın regionlara getməsini təmin etməliyik. Biz oxucuya kitab təqdim etmirik, ancaq deyirik, oxucu istəmir.

Biz nə vaxt təqdim etdik, oxucu istəmədi? Buna görə Azərbaycan yazıçısı iqtisadi cəhətdən müstəqil deyil, digər işlərlə dolanıb, ədəbiyyatla hobbi kimi məşğul olur. Bu da nəticəyə öz təsirini göstərir. Bundan əlavə, dövlətin ədəbiyyat siyasəti lazımınca həyata keçirilmir. Az istisnalarla aidiyyəti dövlət qurumlarının və yaradıcı təşkilatların iş prinsipləri çox köhnədir, çağdaş dünya ilə ayaqlaşa bilmir. Xüsusən, imkan və ixtiyar sahibi olan yaşlı insanlar yeni ədəbiyyatın təbliğində, dünyaya çıxmasında maraqlı deyillər. Belə bir acınacaqlı vəziyyətdəyik”.

Gənc yazar Kəramət Böyükçöl isə parklarda kitablarını sataraq dolandığını bildirib:

“Mən parkda, küçədə, sərgilərdə kitablarımı satıb, onunla dolanıram. Başqa heç bir yerdən gəlirim yoxdur. Öz feysbuk profilimdə elan verirəm, kitablarımı satıram. 4 kitabım var, hərəsindən 2 min olmaqla özüm nəşr etdirmişəm. Hər dəfə Elmlər Akademiyasının qarşısındakı parkda və sərgilərdə kitablarımı satıb, dolanışığımı təmin edirəm. Bizi qane etsə də budur, etməsə də”.

Yazar ona maddi dəstək olanların varlığını da qeyd edib:

“Aylıq, sistemli şəkildə kömək edən, pul verən yoxdur. Amma olub ki, biri qiyməti 5 manat olan kitabımı alır, dəstək üçün həmin kitaba 500 manat verir. Təbii ki, ilkin olaraq etirazımı bildirmişəm, onunla güləşəsi deyiləm ki, daha verib. Amma sistemli şəkildə yardım məsələsinə gəlincə, ümumiyyətlə, dost-filan bir müddətdən sonra adamı məyus edir. İlin-günün hansı vaxtıdır ki, dost sənə sistemli şəkildə yardım etrsin? Əgər sistemli şəkildə yardım edirsə, mənim düşüncəmə görə, orada onun özünün də hansısa maraqları olur. Mən də kiminsə maraqlarına uyğun gəlməyən biriyəm. Həyat mənə necə təsir eləyir, o cür də yaşayan adamam. Stabil, bir xətt üzrə siyasətçi deyiləm ki, hansısa oyunun iştirakçısı olum. Yazar necə olarsa, insan daxili ona nə diqtə edərsə, o cür də yaşayır. Mən də elə adamlardanam”.

Yazıçı-kulturoloq Aydın Xan Əbilov Azərbaycanda söz adamlarının həmişə çətinliklə dolandıqlarını deyib:

“Şərqdə, Azərbaycanda və keçmiş MDB ölkələrinin bir çoxunda yazıçılar, intellektual sahənin adamlarının öz əqli mülkiyyət məhsulları hesabına ailəsini və özünü dolandırması çox müşkül məsələdir. Bu, keçmişdə də belə olub, indi də belədir. Biz daha çox asılı məmləkət olduğumuza görə bizim yazıçıların dolanışığı elitar təbəqədən, şahlardan, padşahlardan asılı olub. Ona görə də yazarların əksəriyyəti saray ədəbiyyatı, saray məclislərinin üzvləri olublar. Eyni zamanda, şahlar tərəfindən onlara xüsusi sifariş verilməklə bu sifarişi yerinə yetirəndən sonra müəyyən ənamlar alıb, onun hesabına dolanıblar. Müasir dövrdə də belədir. Azərbaycanda kitab yayımı, nəşri çox bərbad vəziyyətdə olduğuna, daha çox dövlət dotasiyası və müəlliflərin öz maliyyə hesabı ilə kitabları nəşr olunduğuna görə müəlliflərin onun satışından əldə olunan qonorar və faizlə dolanması qeyri-mümkündür. Bizdə belə bir sistem qurulmayıb, qurulsa da, çox zəifdir.

Naşirlər çalışırlar ki, müəliflərin kitablarının satışını təşkil etsinlər, bu, elə də uğurlu alınmır. Müəlliflər öz kitablarına təqdimat mərasimi keçirib dost-tanışa, oxuculara və yaxud tanınmış varlı insanlara satırlar. Bundan da ancaq öz xərclərini çıxarırlar. Ümumiyyətlə, bizdə kitab satışı və yayımı primitiv formada mövcuddur. Az miqdarda Axundov adına Milli Kitabxana və Mədəniyyət Nazirliyinin nəzdindəki Respublika Kitab Mərkəzidir ki, bütövlükdə kitabları müəllifdən əldə edirlər. Onlar da guya müsabiqə yoluyla bunu edirlər, amma bu başqa formada olur. Kitabları alırlar, köçürülmə ilə uzun müddət pullarını verməmək kimi ənənələri var. Bir də adda-budda kitab mağazaları müəlliflərin əsərlərini satırlar. Azərbaycanda açılan yeni kitab mağazaların sayı çox olsa da, orada yerli müəlliflərin əsərləri, demək olar ki, az satılır”.

Yazıçı Azərbaycanda mütaliə mədəniyyətinin məhv olmasından gileylənib:

“Azərbaycanda mütaliə mədəniyyəti yoxdur. Ənənəvi mütaliə vərdişləri məhv edilib. Bizdə heç vaxt kitab oxumaq, təəssüf ki, dəb olmayıb. Respublikada olan nəşriyyatların bir çoxu daha dəbdə olan əsərlərin nəşrində maraqlıdır. İllərlə mübarizə aparıb, ƏDV-ni götürdürə bildik. Düşünürəm ki, ƏDV-nin götürülməsi belə kitabların nə qiymətinə, nə də müəlliflərin özlərini dolanmağına təsiri olsun. Azərbaycan yazıçıları sifarişli kitablar, əsərlər, başqasının adına çap olunan yazılar yazmaqla özünü dolandırır. İkinci, Azərbaycan müəliflərinin bir çoxları bu və digər formada toylarda tamadalıq edən şairlərimiz, şəhid mövzusunda kitablar yazıb icra başçılarından pul alan yazıçılarımız, ən əsası da başqa yerdə çalışıb, işləyir, hobbi olaraq kitab yazmaqla və çap etməklə tanınırlar.

Digər tərəfdən, dövlət tərəfindən maliyyələşən qurumlarda, yarı dövlət, yarı özəl qurumlarda, Azərbaycan Yazıçılar Birliyi, onun jurnallarında çalışan yazarlamız var, eyni zamanda, digər yaradıcı qurumlar-qeyri-hökumət təşkilatları var. Dövlətin birbaşa onlara müəyyən datasiyası var. Dövlət marağındadır ki, yazıçı və şairlər heç olmasa, özlərini dolandıra bilsinlər. Qrant və illik Prezident təqaüdləri, qonorar alanlar var.Dolanışıq formaları bunlardır. Bir çox yazıçılar da var ki, onlar müəyyən tanınmış adamların köməyi ilə birtəhər özünü və ailəsini dolandıra bilirlər. Amma son ildə pandemiya və müharibə şəraiti imkanlı insanların da öz kapitallarını bir əldə cəmləmək və səpələməmək kimi “Hacı Qara” edib, onlar da daha yazıçılara pul ayıra bilmirlər”.

Yazıçı-kulturoloq hesab edir ki, bu çətinliyi elektron kitabların satışının artırılması ilə aradan qaldırmaq olar:

“Çıxış yolu isə alternativ kitab yayımı, yəni elektron kitab və elektron nəşrlərin konversiyalaşdırılması, insanlar kağız kitabla yanaşı, elektron kitabların satışını təşkil etmək və bundan müəyyən faiz qazanc olar. Həm də elektron kitabların auditoriyası daha genişdir”.

Gənc yazarlardan Ayxan Ayvaz da kitabları hesabına dolana bilməyən yazarlardandır:

“Özüm də daxil olmaqla, bizim yazarlar başqa işdə çalışaraq dolanırıq. Çünki başqa cür mümkün deyil. Kitabdan qazanc yoxdur, ya da çox cüzi olduğu üçün onunla ailə dolandırmaq olmur. İmkanlı şəxslərin kömək etməsinə gəldikdə isə bu, mənim ən yaralı yerimdir. Buna messenat deyirlər. Məsələn, keçən əsrdə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev söz adamlarına dəstək olub, kitablarını çıxarıb, qonorar ödəyib. Bizdə messenat olsa, başqa bir yerdə işləməklə, məhz kitab yazmaqla dolana bilərik. Amma təəssüf ki, imkanlı şəxslər müğənnilərə, “manıslar”a, ölkə mədəniyyətinə heç bir xeyri olmayanlara pul xərcləyirlər”.