“YAXŞI Kİ, XARİCİ SİYASƏTDƏ BU “QARA SƏHİFƏ” QAPANDI” – Zülfüqarovdan yeni nazirlə bağlı açıqlamabackend

“YAXŞI Kİ, XARİCİ SİYASƏTDƏ BU “QARA SƏHİFƏ” QAPANDI” – Zülfüqarovdan yeni nazirlə bağlı açıqlama

“Yeni Xarici işlər naziri Ceyhun Bayramovu təbrik edirəm, uğurlar arzulayıram. Yaxşı oldu ki, Azərbaycanının xarici siyasət sahəsində bu “qara səhifə” qapandı. Keçmiş nazirin dövründə baş verən çatışmazlıqlara, bəzi hallarda cinayətlərin davam etməsinə son qoyuldu”.

Bu sözləri “Azpolitika.info”-ya açıqlamasında keçmiş Xarici işlər naziri Tofiq Zülfüqarov Ceyhun Bayramovun yeni Xarici işlər naziri təyin olunmasına münasibət bildirərkən deyib.

“Yeni nazirin üzərində böyük məsuliyyət, vəzifələr düşür. Ümid edirəm ki, Azərbaycan XİN sistemində ciddi islahatlar aparılacaq. Problemlər həllini tapacaq”-deyə keçmiş nazir fikirlərinə əlavə edib.

Prezidentin kadr seçiminə gəlincə, Tofiq Zülfüqarov yeni nazirin çox təcrübəli menecer olduğunu düşünür: “Bu dəbdə olan sözdür, yəni kadrlarla işləmək bacarığı var”.

O, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlardan nazirin bixəbər olması haqda narahatlıqlarla bağlı deyib: Bildiyim qədər bu cür məsələlər əvvəlcə geniş müzakirə olunur, sonra qərar qəbul edilir. Bu baxımdan cənab prezident bu məsələnin incəliklərini bilən insandır. Burda çox böyük problem görmürəm. Yaxın dövrdə təzə nazir biliklər və təcrübə qazana bilər”.

Keçmiş nazir bu peşəyə dair müəyyən stereotiplər formalaşdığını, onların həqiqətdən uzaq olduğunu da qeyd edir. O hər peşədə ağıl, iradə, vətənpərvərlik, biliklər tələb olunduğunu deyir, diplomatik işin incəliklərini, xüsusən də protokol qaydalarını bir-iki aya öyrənməyin mümkünlüyünü vurğulayıb.

Bəzi diplomatların xarici xüsusi xidmət orqanlarının təsiri altına düşməsi ilə bağlı Prezidentin dedikləri fikirlərə münasibət bildirən T. Zülfüqarov belə halları istisna etmədiyini bildirib: “Məndə konkret faktlar yoxdur, amma bəzi tendensiyaları, kənar təsirləri, fərqli konsepsiyaları biz də müşahidə edirdik. Yəqin ki, belə əməllərlə məşğul olan şəxslər müəyyən edilərək ifşa olunub cəzalandırılacaqlar”.

“Özünüzü yenidən diplomatik xidmətdə görürsünüzmü” sualına cavabında keçmiş nazir buna hazır olduğunu söylədi: “Mənim təqaüd yaşıma hələ var. Əgər uyğun görülərsə, yenidən bu sahədə dövlətə, Vətənə xidmət etməyə hazıram”.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki