Yaşayış minimumu – 2022-ci ildə 300 manatla dolana bilərikmi? – Ekspertlərbackend

Yaşayış minimumu – 2022-ci ildə 300 manatla dolana bilərikmi? – Ekspertlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Azərbaycanda minimum aylıq əməkhaqqı artırılıb.

Belə ki, Prezidentin imzaladığı Sərəncama əsasən, 2022-ci il yanvarın 1-dən minimum aylıq əməkhaqqının məbləği 300 manat müəyyən edilib.
İqtisadçıların bəziləri hesab edirlər ki, bu məbləğ bir nəfər üçün kifayət etmir.
Belə ki, qida 160, təhsil 40, geyim və ya istirahət 80, digər xərclər 120 manat olarsa, ümumilikdə minimum xərclər 400 manat təşkil edir.
Məsələ ilə bağlı Bakupost.az -a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda minimum istehlak zənbili, minimum əməkhaqqı və yaşayış minimumun hesablama qaydalarında müəyyən problemlər var:
“Köhnə indikatorlarla hesablanmış minimum istehlak zənbili minimum əməkhaqqının təyinində mühüm rol oynayır. Ən son 2016-2017-ci illərdə yenilənən indikatorlar artıq köhnəlib. Lakin bundan sonra həm qiymətlərdə, həm də insanların tələbatında kifayət qədər dəyişikliklər olub. Bu minimum istehlak zənbili və yaşayış minimumun ayrı-ayrı hesablanması özü də ayrı problemdir. Bu anlayışların birləşdirilməsi və yeni hesablama qaydalarının tətbiq edilməsi daha doğrudur. Bu zaman 4 nəfərlik Azərbaycan ailəsinin xərclərinin hesablanması qaydasının gətirilməsi daha doğru olar. Bir çox ölkələrdə məhz belə hesablamalar aparılır. Azərbaycanda minimum istehlak zənbilinə, yaşayış minimumuna başqa indikatorlar da daxil edilməlidir. Məsələn, internet, təhsil, əyləncə xərcləri ilə bağlı yeni indikatorlkarın əlavə edilməsi vacibdir ki, bu zaman hesablamalar daha doğru aparılsın. Belə hesablamalar aparılarkən ölkədə yaşayış minimumunda və minimum istehlak zənbilində xeyli arta biləcəyi ehtimalı var”.
İqtisadçı-ekspert vurğulayıb ki, indi statistika siyasiləşib deyə hesablamalar başqa cür aparılır:
“Yəni, bizdə beynəlxalq standartlara uyğun yaşayış minimum hesablansa kasıbların, həddindən artıq aşağı vəziyyətdə yaşayan insanların faiz dərəcəsi kifayət qədər yüksələ bilər. Amma bizdə rəsmi rəqəmlərə görə bu, 5 % civarındadır. Yeni yanaşma tətbiq olunsa, mənə elə gəlir ki, minimum yaşayış səviyyəsi və minimum istehlak zənbilində xeyli artım müşahidə edə bilərik. O zaman bir nəfərin aylıq xərclərinin indiki kimi daha aşağı rəqəmlərlə yox, daha yüksək rəqəmlərlə hesablanması mümkün ola bilər”.
İqtisadçı-ekspert Elşad Məmmədov mövzuya münasibət bildirərkən qeyd edib ki, 300-400 manat elə vəsait deyil ki, onunla insanlar özlərinin inkişafına, investisiyalara istiqamətlənə bilsin:
“Mənim fikrimcə, qeyd etdiyiniz məbləğlər məhz minimal istehlak zənbilinin təmin edilməsinə imkan verə bilər. Təsadüfi deyil ki, Azərbaycanda əhalinin xərclərinin strukturuna nəzər saldıqda məhz ərzağa istiqamətlənmiş xərclərin böyük paya malik olduğunu görə bilərik. Amma bununla yanaşı unutmayaq ki, Azərbaycanda son üç il müddəti ərzində əməkhaqqı fondu iki dəfə artıb. Ona görə obyektivlik naminə bu istiqamətdə son illərdə müsbətə doğru dəyişikliklər də var. Əgər bu artımlar sosial xərclərdə, müavinətlərdə, pensiyalarda, əməkhaqqlarında olmasaydı, bu gün Azərbaycanda çox ciddi sosial problemlər yaşana bilərdi”.