Tribuna İnformasiya Agentliyi

Yasamal sakini ev aldığı MTK-dan narazıdır

14 Aprel

Zaur Nəcəfov: “Yeni köçdüyümüz binaya su, elektrik sayğacları çəkilmir, yüksək məbləğdə kommunal xərclər tələb olunur”

Bakı şəhəri, Yasamal rayonu Ə.Haqverdiyev küçəsi 48, mənzil 17-də yaşayan Nəcəfov Zaur Ənvər oğlu redaksiyamıza gələrək şikayətlənib. Bakı sakini bildirib ki, ötən ilin noyabr ayından etibarən adı çəkilən binaya köçsələr də, binanın su, elektrik enerjisi sayğacları çəkilməyib. Buna baxmayaraq binanın komendantı bina sakinlərindən yüksək məbləğdə kommunal ödənişlər tələb edir:

“Problemlə bağlı dəfələrlə aidiyyəti orqanlara, o cümlədən İqtisadiyyat Nazirliyinə, Vergilər Nazirliyinə, müraciət etmişəm. Lakin bütün müraciətlərim nəticəsiz qalıb. Yalnız Yasamal Rayon Polis Şöbəsindən bildirilib ki, tikinti obyektinin sifarişçisi  Cavid Ağazadə və komendantla bağlı verdiyim şikayət ərizəsinə baxılıb. Bildirilib ki, bu iş məhkəmə aidiyyətli olduğu hüquqlarımın bərpası üçün məhkəməyə müraciət edə bilərəm”.

Şikayətçi məsələ ilə bağlı İqtisadiyyat Nazirliyindən də cavab aldığını, lakin bu cavabın onu qane etmədiyini deyib:

“Nazirlikdən mənə bildirilib: ”Yeni tikilən binada binanın idarə edilməsini həyata keçirən qurum tərəfindən mənzillərə elektrik enerjisi və su sayğaclarının quraşdırılmaması, eyni zamanda elektrik enerjisindən və sudan istifadə üzrə ödənilmiş xidmət haqlarına görə ödəniş qəbzlərinin təqdim edilməməsi barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçılarının Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin “Qaynar xətti” nə daxil olmuş 30 mart 2018-ci il tarixli müraciətinizə “Vətəndaşların müraciətləri haqqında” Qanunun tələblərinə uyğun olaraq aidiyyəti üzrə baxılıb.

Bununla əlaqədar olaraq bildiririk ki, müraciətinizi elektrik enerjisindən və sudan istifadə üzrə ödənilmiş xidmət haqlarına görə ödəniş qəbzlərinin təqdim edilməməsi ilə bağı hissəsi mahiyyəti üzrə baxılması üçün “Vətəndaşları müraciəti haqqında” Qanununun 7.10 maddəsinə əsasən aprelin 3-də ASİMDX-05-01 -3-188 nömrəli məktubla aidiyyəti üzrə Vergilər Nazirliyinə göndərilib”.

Həmçinin nazirlikdən bildirilib ki, “Elektroenergetika haqqında” qanunun 8-ci maddəsinə və “Su təchizatı və tullantı suları haqqında” qanunun 23-cü maddəsinin 4-cü hissəsinə əsasən yaşayış binaları o cümlədən mənzillər elektrik xətlərinə, su təchizatı sisteminə tam həcmdə qoşulduqdan və sayğaclarla təchiz edildikdən sonra istismara qəbul üçün dövlət qəbul komissiyasına təqdim edilə bilər. Mənzilin suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə STKM-in vəsaiti hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə istehlakçının öz vəsaiti hesabına həyata keçirilir.

Nazirlikdən o da bildirilib ki, yalnız fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir.

Zaur Nəcəfov yaşadığı problemlə bağlı aidiyyəti orqanlardan köməklik istəyib.

Qeyd edək ki, bu məsələdə adı keçən şəxs və ya qurumların da mövqeyini dərc etməyə hazırıq.
Musavat.com