Yaponiya, Seneqal, yoxsa Kolumbiya – qrup oyunları bu gün bitirbackend

Yaponiya, Seneqal, yoxsa Kolumbiya – qrup oyunları bu gün bitir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün H və G qrupunda da son oyunlar keçiriləcək və bununla da qrup mərhələsinə yekun vurulacaq.  Saat 18:00-da  H qrupunda Yaponiya – Polşa və  Seneqal – Kolumbiya qarşılaşması başlayacaq. Saat 22:00-da isə G qrupunda son oyunların- İngiltərə və Belçika, Panama və Tunis oyunun startı veriləcək.

Polşa evə, Yaponiya davam…

Bu qrupdakı Polşanın taleyi məlumdur: Adam Navakın hər iki oyunda uduzan komandası evə qayıdır. Amma digər üç komanda “pley-off” şanslarını saxlayır. Yaponiyanın  4, Seneqalın 4, Kolumbiyanin isə 3 xalı var. Bu səbəbdən bu gün hər üç komanda qələbə üçün vuruşacaqlar.

Əgər Yaponiya bu oyunda heç-heçə edərsə, Seneqal və ya Kolumbiya qalib gəlirsə, o halda növbəti mərhələyə Yaponiya və ikinci görüşün qalibi çıxacaq. Seneqal, Kolumbiya, Yaponiya  heç-heçə edərlərsə, o halda Yaponiya yenə mərhələ adlayan tərəf olacaq. Çünki o komandaların birinə qalib gəlib, biri ilə isə heç-heçə edib. Seneqal qalib gələrsə, Yaponiya heç-heçə və ya uduzarsa, yenə gündoğan ölkənin təmsilçiləri gülən tərəf  olacaqlar. Belə bir mürəkkəb kombinasiyalarla üzləşməmək üçün isə hamı qələbəyə oynayacaq.

Polşa sifətini qorumaq istəyərsə, bunun mənası yox. Əksinə, Yaponiyanın qarşısında əngəl olmasalar, daha ədalətli olar.

Polşa bu mundialda komandaya olan ümidləri heç etdi. Polşa sonuncu dəfə dünya çempionatında 2006-cı ildə iştirak etmişdi və bu mundiala uzun fasilədən sonra, amma böyük ümidlərlə gəlmişdi. Bu ümid səbəbsiz də deyildi.

DÇ 2018  Polşa ile ilgili görsel sonucu

Polşa seçmə mərhələdə E qrupunda 25 xalla bu qrupda lider oldular. Komandanın kapitanı Robert Levandovski isə keçirilən 10 görüşdə 16 qol vuraraq Avropa zonası üzrə DÇ təsnifat mərhələsinin ən məhsuldar futbolçu kimi adını tarixə yazdırdı. Polşa mundial hazırlıqları çərçivəsində dörd  sınaq oyununda yalnız  Nigeriyaya 0:1 hesabı ilə uduzmuşdu. Digər oyunlarda – Cənubi Koreyaya 3:2, Litva ilə oyunda isə 4:0 hesabı ilə qalib gəlmişdi. Çili ilə oyunda isə 2:2 bərabərliyə nail olmuşdu.

Amma həmin  Polşanı bu mundialda görmədik. İlk oyunda Seneqala 1:2 hesablı məğlub olanda sonra Kolumbiya ilə qarşılaşmada da daha rüsvayçı  nəticə qeydə alındı: 0:3. Bu, 2013-cü ildən bəri çalışan baş məşqçi Adam Navak üçün də, onun komandası üçün də mundialın sonu demək idi…

Qrupun iddiasız komandası olduğu deyilən Yaponiya millisi isə 4 xala sahibdir və “pley-off”a çıxmağa çox yaxındır. Yaponiya indiyədək iştirak etdiyi beş mundialda yalnız iki dəfə- 2002 və 2010-cu illərdə qrup mərhələsini keçə bilib. Yaponiyanın baş məşqçisi Akira Nisino bu posta 2018-ci ilin aprelində təyinat alıb. O, yığmanın baş məşqçisi postunda Vahid Halilhodziçi əvəzləyib. 63 yaşlı mütəxəssis 1996-cı il Atlanta Yay Olimpiya Oyunlarında Yaponiya yığmasına rəhbərlik edib. Bununla yanaşı, Nisino “Qamba Osaka” ilə birlikdə klublararası dünya çempionatının yarımfinalına qədər irəliləyə bilib. Heyətində əsasən, Almaniyanın müxtəlif klublarında oynayan futbolçulardan təşkil  olunmuş Yaponiya millisi Kolumbiyanı ilk oyunda məğlub edib, güclü Seneqal millisinə qarşı oyunda isə əzmkar heç-heçəyə(2:2) nail olub. Bu gün Polşa son oyunda qələbə qazanmağa çalışacaq, amma Yaponiya da asan yem olmayacaq…

DÇ 2018 Seneqal Kolumbiya ile ilgili görsel sonucu

Seneqal, yoxsa Kolumbiya?

Seneqal ikinci dəfədir ki, mundialda iştirak edir və özünü təhlükəli rəqib kimi tanıtmağı bacarıb. Yada salaq ki, Seneqal ilk dəfə mundiala 2002-ci ildə qatılıb və  1/4 finala qədər irəliləyib.

Seneqalın xüsusilə hücum xəttində Mame Biram Diuf (“Stok Siti”, İngiltərə), Balde Keyta (“Monako”, Fransa), Sadio Mane (“Liverpul”, İngiltərə), Mbaye Nyanq (“Torino”, İtaliya) kimi futbolçular var və onlar istənilən komanda üçün təhlükədirlər. Seneqal məhsuldar oyun nümayiş etdirir. Qapısından üç top buraxsa da, afrikalılar rəqiblərini  4 dəfə məyus edə biliblər. Əgər Yaponiya millisinin əzmkar oyunu olmasaydı, Seneqal artıq növbəti mərhələ oyunu barədə  düşünəcəkdi. Bu gün onların rəqibləri ilk oyunda büdrəyən, ikinci oyunda isə Polşa üzərində inamlı qələbə qazanan Kolumbiya millisidir. Kolumbiyanın yarımmüdafiə (Xuan Kuadrado – “Yuventus”, Xames Rodriqes – “Bavariya”) və hücum xətti (Karlos Bakka-” Vilyarreal”, Radamel Falkao- “ Monako”, Luis Muriel -” Sevilya”) çox güclü futbolçulardan təşkil olunub. Bu komandalar yalnız bir dəfə Kolumbiyada keçirilən yoldaşlıq görüşündə qarşılaşıblar və oyun heç-heçə (2:2) bitib.

Bu gün Kolumbiya və Seneqal arasında görüş mundialın ən gərgin oyunlarından biri ola bilər… 

Bu gün G qrupunda qarşılaşacaq İngiltərə və Belçika artıq növbəti mərhələyə vəsiqə qazanıb. Hər iki komandanın aktivində  6 xal var. Panama və Tunis isə xal qazanmayıb.

Belçika millisi bu mundialın ən iddialı komandaları sırasında göstərilir. Bu komanda elə seçmə mərhələdə olduğu kimi, çox məhsuldar oynayır. 2014-cü il  Braziliya mundialında Belçika qrupda 9 xal toplaya bilmişdi. Əlcəzair, Rusiya və Koreya yığması ilə bir qrupda mübarizə aparan belçikalılar pley-off mərhələsində ABŞ-ı yalnız əlavə olunmuş vaxtda uda bildi. 1/4 mərhələsində isə 8-ci dəqiqədə Argentina millisindən qol “yeyən” belçikalılar oyunun taleyini dəyişə bilmədilər.

Seçmə mərhələdə Belçika millisi Yunanıstan, Bosniya, Estoniya, Kipr və Cəbəllütariklə bir qrupda mübarizə aparıb.  “Qırmızı ilbizlər” qrup mərhələsində 9 oyunda meydanlardan qalib ayrıldılar. Yalnız öz meydanlarında yunanlarla oyunda heç-heçə etdilər. Rəqib qapılardan 43 top keçirən Belçika, qapısından cəmi 6 top buraxdı. Nəticədə 30 mümkün xaldan 28-ini aktivlərinə yazdırdılar.

Belçikanın yer aldığı qrupda növbəti mərhələyə xüsusi çətinlik olmadan keçəcəyi gözlənilirdi. Bu gözləntilər isə tam doğruldu.

Braziliya mundialındakı uğursuzluqdan sonra İngiltərənin bu çempionatda işləri hələ ki yaxşı gedir. Yada salaq ki, ötən çempionatda İngiltərə İtaliya və Uruqvaya məğlub oldu, Kosta-Rika ilə heç-heç edərək qrupdan erkən evə döndü.

2016-cı ilin sentyabrından yığmaya rəhbərlik edən yerli məşqçi Qaret Sautqeyt maraqlı və əsasən gənclərdən ibarət komanda yaradıb.

Belçika və İngiltərə bu mundialadək iki dəfə bir qrupda mübarizə aparıblar. 1954-cü il mundialında və 1980 Avropa çempionatında.  1954-cü ildə komandalar heç-heçə oynayıb. Avropa çempionatın qrup mərhələsində də oyun 1:1 hesabı ilə başa satıb. 1990-cı il mundialında isə 1/8 finalda İngiltərə 1:0 hesabı ilə qalib gəlib. Bundan başqa, komandalar düz 18 dəfə yoldaşlıq görüşündə qarşılaşıblar. Ümumilikdə keçirilən 21 qarşılaşmanın 15-də ingilislər qalib gəlib, yalnız 1 görüşdə məğlub olublar, 5 oyunda isə qalib müəyyənləşməyib.

DÇ 2018  Kolumbiya ile ilgili görsel sonucu

İngilislər bu mundialın hələ ki ən məhsuldar komandası hesab edilir. Panama ilə oyun 6:1 hesabı ilə ingilislərin xeyrinə başa çatıb. Həmin oyunda iki top vuran Harri Keyn 5 qolla bombardirlər siyahısına başçılıq edir.

Belçikanın futbolçusu Romelu Lukakunun hesabında isə 4 top var. Yeri gəlmişkən, Tunislə matçda  zədələnən 25 yaşlı hücumçunun bu gün meydana çıxacağı gözlənilir. Amma mümkündür ki, baş məşqçi qarşıdakı mühüm oyun ərəfəsi ona istirahət də versin. Bu gün komandaların açıq futbol oynayacağı o qədərdə real deyil. Amma iki güclü rəqibin qarşılaşmasının maraqlı oyun göstərəcəyinə inanmaq olar.

***

Panama və Tunis oyunu isə heç nəyi həll etmir. Hər iki komanda çalışacaq ki, mundialı qələbə ilə başa vurub ölkəsinə qayıtsın.

Nazim SABİROĞLU,