Tribuna İnformasiya Agentliyi

Yağış suları Zabrat sakinlərini çətin vəziyyətə salıb – VİDEO

21 Dekabr

Su aydınlıqdır deyirlər, amma Zabrat 1 qəsəbəsində, daha dəqiq desək “kərpic zavodu” deyilən ərazidə yağan yağış suyu sakinlərin həyətini, elə həyatını da əsl cəhənnəmə çevirib.

Səhər evindən çıxıb işə gedə bilməyən, övladını məktəbə, bağçaya apara bilməyən  sakinlər deyirlər ki, hər yağış yağanda bu vəziyyətlə qarşılaşırlar.

Məsələyə aydınlıq gətirmək Baku TV-nin əməkdaşları qəsəbə nümayəndəliyinə üz tutublar.

Zabrat kənd qəsəbə nümayəndəsi ofisdə olmadığından müxbirlər suallara telefon zəngi vasitəsilə cavab tapmağa cəhd ediblər.

İcra Hakimiyyəti başçısının nümayəndəsi İlqar Süleymanov deyir ki, bu onların səlahiyyətinə aid deyil.

“Ərazidə kanalizasiya xətləri yoxdur, bu isə “Azərsu” ASC-nin vəzifə borcudur”, – deyə o bildirib.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə telefon zənginə cavab vermədi.

Biz ərazidə baş verən vəziyyəti göstərdik. Ümid edirik aidiyyəti qurumlar ən qısa vaxtda sakinlərin probleminin həllinə kömək edər.