Xocalı və Xocavəndin bu kəndlərinin adları dəyişdirilirbackend

Xocalı və Xocavəndin bu kəndlərinin adları dəyişdirilir

Noyabrın 13-də  Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, komitə sədri iclasın gündəliyi barədə məlumat verib.
Qeyd edilib ki, gündəliyə ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan “Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında” və “Azərbaycan Respublikası Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında qanun layihələri” daxil edilib. Layihələrə əsasən, Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsi tərkibindəki Quşçubaba kəndi Baharlı kəndi adlandırılır. Ölkəmizin Xocavənd rayonunun Çiraquz kənd inzibati ərazi dairəsi tərkibindəki Tsakuri kəndi Hünərli kəndi adlandırılır.
Qeyd edilib ki,  Xocalı rayonu ərazisində yerləşən Quşçubaba kəndin adı dəyişdirilərək həm coğrafi baxımdan həm də Azərbaycan leksikonuna uyğun olaraq  ölkə Prezidentinin təşəbbüsü ilə Baharlı adı verilib. Bu, Azərbaycanın zəfərini ifadə etmək baxımından böyük önəm daşıyır.
Komitə sədri Xocavənd rayonunun inzibati ərazisinə daxil olan Tsakuri kəndinin adı ilə bağlı bildirib ki, bu kənd qəhrəman ordumuz tərəfindən bu günlərdə işğaldan azad olunub. Dövlət başçısının təşəbbüsü ilə kəndin adı dəyişdirilərək ona Hünərli adı verilib. Bu ad Azərbaycan Ordusunun Vətən müharibəsində nümayiş etdirdiyi gücü, qüdrəti özündə  əks etdirir.
Sonra   deputatlar Məzahir Əfəndiyev və Tahir Rzayev müzakirə olunan məsələlərə münasibət bildirərək qeyd ediblər ki, kəndlərimizə verilən yeni adlar müasir dövrün reallıqlarının gələcək nəsillərə çatdırılması baxımından çox əhəmiyyətlidir.
İclasın sonunda qanun layihələri parlamentin plenar iclasına tövsiyə edilib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki