Xocalı köçkünü oğluna iş axtarırbackend

Xocalı köçkünü oğluna iş axtarır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qəbul zamanı başçı ”JEK” müdirinə tapşırdı, dedilər oğluma sürücü işi veriləcək, amma əməl etmədilər”

“İcra başçısı tapşırdı, ”JEK” müdiri “baş üstə” deyib oğlumu işə götürəcəyini söylədi. Amma “JEK” müdiri 2 aydır ki, bizi get-gələ salıb”. Bunu Xocalıdan olan məcburi köçkün Tünzalə Həsənova deyir. Onun sözlərinə görə, 2 ay əvvəl Xocalı İcra Hakimiyyətinin başçısı Şahmar Usubov məskunlaşdıqları Goranboyun Ağcakənd qəsəbəsində səyyar görüş keçirib: “Başçının keçirdiyi görüşdə 21 yaşlı oğlum İlkin Həsənova iş verilməsini istədim. Başçı da görüşdə iştirak edən ”JEK” müdiri Seymur müəllimi qaldırdı, tapşırdı ki, oğlum işlə təmin olunsun. Dedilər ki, zibil maşını var, həmin maşını oğluma verib sürücü götürəcəklər. Həmin gündən bu günə qədər Ağcakəndlə “JEK”in yerləşdiyi Başkənd arasında qalmışıq. Hər dəfə taksiyə 5 manat verib gedib gəlməli oluruq. Vəziyyətimiz ağırdır. Seymur müəllim son günlərə qədər bu gün-sabah oğlumu işə götürəcəyini vəd edirdi. İndi də deyir maşını başqa adama verəcəyik. Başçının qəbuluna da getdim, “JEK” müdirinə məktub da yazdılar. Anlamıram ki, niyə şəhid ailəsini qoyub maşını başqa adama verirlər? Adam fəhləyə, kasıba belə münasibət göstərər? Ailəmizdə 4 itkin var. Mənim oğlum niyə işsiz qalmalıdır? Zibil maşınını niyə ayrı adama verirlər ki?”

Tünzalə Həsənova oğlunun işlə təmin olunması üçün müvafiq qurumlardan kömək istəyib: “İcra başçısı ”JEK” müdirinə tapşırıb, məktub da yazıb, amma oğlum işlə təmin olunmur. Xahiş edirəm oğlum işlə təmin olunsun. Məşğulluq İdarəsi işə qarışsın. Bəlkə Seymur müəllimin get-gəlindən qurtaraq”.