Tribuna İnformasiya Agentliyi

“Xırdalan” pivəsindən ev udan şəxs: “Evi ala bilmirəm” – VİDEO

17 Mart

Göygöl rayon sakini Nofəl Həsənov iddia edir ki, “Carlsberg Azerbaijan” şirkətinin “Xırdalan” markalı pivələr vasitəsilə uduşa qoyduğu evi udsa da, şirkət evi ona verməkdən boyun qaçırır.
Yeniavaz.com-a açıqlama verən Nofəl Həsənov deyir: “Evi qazanmaq üçün hər gün 20 pivə alıb açırdıq. Bir dəfə də açanda gördük ki, evi udmuşuq. Uduşu da götürüb getdim Gəncədə bir marketə və satıcıya göstərdim. Satıcı da şirkətlə danışdı və telefonu mənə verdi. Mənə dedilər ki, sabah şəxsiyyət vəsiqəni və uduşlu qapağı götür, gəl bizim şirkətə. İki saat sonra da mənə zəng vurdular ki, boş yerə əziyyət çəkib gəlmə, evi başqası udub. Mən də dedim ki, sizi məhkəməyə verəcəm. Dedilər, özün bil. Mən də şirkəti məhkəməyə verdim. Məhkəməyə gəlmədilər. Bir aydan sonra məni çağırdılar şirkətə, bu dəfə də dedilər ki, sən vaxtında deməmisən. Görürlər ki, çoban adamam, məni fırladırlar”. Qeyd edək ki, mövzu ilə əlaqədar şirkətin Gəncə nümayəndəliyi ilə əlaqə saxlasaq da, onlar mövzudan xəbərsiz olduqlarını bildirdilər. “Carlsberg Azerbaijan” şirkətinin rəsmi saytında əlaqə üçün verilən nömrə ilə əlaqə saxlamaq istəsək də, şirkətin telefon borcu ilə əlaqədar nömrənin bağlı olduğunu öyrəndik.