Xəzərin suyu Kürə qarışıb, ekoloji problemlər yaranıbbackend

Xəzərin suyu Kürə qarışıb, ekoloji problemlər yaranıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəzərin suyu Kür çayına qarışdığından Neftçala rayonunda ekoloji və aqrar problemlər yaranıb.

“Report”un Aran bürosunun məlumatına görə, xeyli müddətdir ki, Kür çayının Neftçala rayonu ərazisindən küçən hissəsində suyun səviyyəsi kəskin azaldığından Xəzər dənizinin şor suyu çaya qarışıb. Dəniz suyu rayonun Ərəbqardaşbəyli kəndinə çatıb.

Kürün suyu şorlaşdığından rayonun yaşayış məntəqələrində əkin sahələrinin suvarılmasında çətinliklər ortaya çıxıb. Rayonun 20 min nəfərdən çox əhalisi olan Xol zonası adlanan yaşayış məntəqəsində vəziyyət xüsusən ağırdır. Əhali həm içməli su sarıdan, həm də əkin sahələrinin suvarılmasında ciddi çətinliklərlə üzləşib.

Bu il rayonda 8 500 hektarda pambıq əkilməsi proqnozlaşdırılıb. Hazırda yaz aratının olmasına baxmayaraq, Kür çayının suyu şor olduğundan təsərrüfat sahibləri arat ( toxum səpinindən əvvəl əkin sahəsinin şumlanması-red) aparılmasından imtina ediblər.

Bir sözlə, Xəzərin suyu Kürə qarışdığından rayonda vəziyyət kritik həddə çatıb.

Neftçala Rayon İcra Hakimiyyəti başçısının müavini Bürcəli Ağayevin verdiyi məlumata görə, Kür çayında yaranmış suyun şorlaşması ilə əlaqədar olaraq Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə yaradılmış müvafiq komissiya məsələni ciddi şəkildə araşdırır. Bununla əlaqədar olaraq Kür çayından ötürülən suyun əldə olunması, suyun saxlanılaraq əhaliyə verilməsi üçün hansı zəruri tədbirlərin həyata keçirilməsi mütəxəssislər tərəfindən araşdırılır.

Xüsusən ETSN-nin mütəxəssisləri tərəfindən bununla əlaqədar araşdırmalar aparılır və Kür çayının Xəzər dənizinə tökülən hissəsində – deltada suyu yığmaq və limitini müəyyənləşdirib əhaliyə verilməsi ilə əlaqədar mütəxəssis rəyi formalaşdırılır.