Xəzərin mühafizəsində birgə olmalıyıq-FOTObackend

Xəzərin mühafizəsində birgə olmalıyıq-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xəzər günü” ilə əlaqədar Xəzər dənizinin Azərbaycana aid şimaldan cənuba qədər sahil zolağının təmizlənməsi işləri davam edir.

Belə tədbirlərdən biri bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) və “Xəzər” televiziyasının təşəbbüsü ilə Abşeron Milli Parkının Xəzərsahili sanitariya-mühafizə zonasında baş tutub.

Tədbirin keçirilməsində məqsəd Xəzər dənizinin ekoloji durumunun yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və Xəzərin unikal dəyərlərinin mühafizəsində cəmiyyətin bütün təbəqələri ilə əməkdaşlığı gücləndirməkdir.

Nazirliyin mətbuat xidmətindən TİA.AZ-a bildiriblər ki, karantin rejiminin qaydalarına əməl olunmaqla keçirilən aksiyada ETSN-in, “Xəzər” televiziyasının və Su Nəqliyyatında Polis idarəsinin əməkdaşları, BMT-nin İnkişaf Proqramının, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin, “Nargis” jurnalının, “EkoSfera” Sosial-Ekoloji Mərkəzinin nümayəndələri, müasir kreativ incəsənət təmsilçiləri və ekokönüllülər iştirak ediblər.

Xəzərin çirklənmədən qorunmasına, balıq ehtiyatlarının bərpasına və mühafizəsinə diqqət çəkən aksiya zamanı 10 hektara yaxın ərazi plastik və digər məişət tullantılarından təmizlənib, tullantılar çeşidlənərək aidiyyəti üzrə daşınıb.

“Xəzər günü”nə həsr olunmuş tədbir sonra Abşeron Milli Parkında davam edib.

Burada iştirakçılara “Özün yarat” müsabiqəsinin yaradıcılıq nümunələri, “Nargis” jurnalının ekoloji layihələrinin təsvirləri, müasir rəssamların instalyasiya janrında tullantılardan yaratdığı kreativ incəsənət nümunələri, təbii resurslardan alınan təbiət kollajları nümayiş etdirilib.

Xatırladaq ki, 2006-cı il avqustun 12-də Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası qüvvəyə mindikdən sonra hər il 12 avqust “Xəzər günü” kimi qeyd olunur.