Xarici diplomların tanınması ilə bağlı TKTA-dan vacib AÇIQLAMAbackend

Xarici diplomların tanınması ilə bağlı TKTA-dan vacib AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən TİA.AZ-a verilən məlumata görə agentlik xarici təhsilə aid kvalifikasiyaların tanınması mövzusunda vətəndaşların maarifləndirilməsi məqsədilə mütəmadi olaraq ictimaiyyətə müxtəlif hesabat və məlumatlar təqdim edir.

Bəzi hallarda isə TKTA tərəfindən təqdim edilən məlumatların kütləvi informasiya vasitələrində təhrif olunmuş halda yayımlanmasını müşahidə edirik. Bu məlumatların şərhi zamanı onun məzmununun təhrif olunmadan  paylaşımının önəmli olduğunu vurğulayırıq.

Belə ki, sözügedən hesabatların təqdim edilməsində məqsəd tələbələri və onların yaxınlarını ali təhsil müəssisələrinin fəaliyyəti ilə tanış etmək, onlara bu müəssisələrdə müxtəlif vədlərlə təhsil almağa sövq edən şəxslərə qarşı diqqətli olmağa səsləməkdən ibarətdir.

Məlum olduğu kimi, bu sahədə vasitəçi şirkətlərin xidmətlərindən  istifadə edən bir çox vətəndaşlar çətinliklə və mənfi hallarla üzləşirlər. Belə hallarla rastlaşmamaq üçün vətəndaşlara təhsil müəssisəsini və tədris proqramını (ixtisası) seçməzdən öncə müstəqil olaraq, birbaşa həmin təhsil müəssisəsinin özünə müraciət edərək (rəsmi internet səhifəsi vasitəsilə), qəbul şərtləri, təhsil haqqı, yaşayış xərcləri və digər tələblər barədə ətraflı məlumat əldə etməyi məsləhət görürük.

Eyni zamanda xaricdə təhsil və xaricdə əldə olunmuş ali təhsil ixtisaslarının ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi ilə bağlı ali təhsil müəssisəsi və tədris proqramının (ixtisasın) aid olduğu ölkədə akkreditə olunması, təhsil müddəti ərzində həmin ölkənin və yerli qanunvericiliyin tələblərinə uyğun olaraq dərslərdə iştirak edilməsi, bakalavriat və magistratura ixtisasları arasında uyğunluq olması, tədris dilində ünsiyyət qura bilmək bacarığının olması, təhsilalma formasının yerli qanunvericiliyin tələblərinə uyğunluğu kimi məqamlara da xüsusi diqqət yetirilməlidir.

Bununla yanaşı, vətəndaşlara ali təhsil müəssisəsini seçərkən hər hansı bir əlavə sualla qarşılaşdıqları halda seçim etdikləri müəssisənin yerləşdiyi ölkənin Azərbaycan Respublikasındakı mövcud səlahiyyətli nümayəndəliklərinə müraciət etməyi tövsiyə edirik. Nümayəndəliklərin siyahısı və əlaqə vasitələrini keçidə daxil olaraq əldə edə bilərsiniz.

Qeyd edək ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi xaricdə təhsil sahəsində, o cümlədən xarici diplomların tanınması ilə bağlı heç bir şirkət və fiziki şəxslə əməkdaşlıq etmir. Eləcə də, bu şəxslərin və şirkətlərin fəaliyyətinə görə məsuliyyət daşımır.