Xaricə getmək çətindir, bölgələrdə də isə qiymətlər kəllə-çarxa çıxıb -Vətəndaşlarımız Yeni ili harada qeyd edəcəklər?backend

Xaricə getmək çətindir, bölgələrdə də isə qiymətlər kəllə-çarxa çıxıb –Vətəndaşlarımız Yeni ili harada qeyd edəcəklər?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq Yeni ilə sayılı günlər qalıb. Adətən, bir neçə həftə əvvəldən vətəndaşlar bayramı xarici ölkələrdə və ya regionlarda qeyd etmək üçün turizm şirkətləri ilə razılığa gəlirlər. Maraqlıdır, bu il yerli turistlər hansı ölkələrə, bölgələrə üz tutacaqlar?

TİA.AZ xəbər verir ki, bununla bağlı Sfera.az-a açıqlama verən Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov indiki zamanda xarici ölkəyə getməyin qeyri-münasib olduğunu bildirib. Onun sözlərinə görə, buna səbəb müxtəlif məhdudiyyətlərin olması, sertifikaların alınması, testdən keçmək tələbi və ümumiyyətlə, vahid qaydaların olmamasıdır:

“Hər bir ölkənin özünəməxsus qaydaları var. Biri vaksin olaraq “Sinovac” qəbul etsə də, digəri ancaq “Pfizer” tələb edir. Avropa bizdə vurulan “Pfizer”i qəbul etmir, müəyyən problemlər yaşanır. Bu baxımdan inanmıram ki, əvvəlki illərdəki kimi Yeni ili qeyd etmək üçün xarici ölkələrə çoxlu sayda turist üz tutsun. Aldığımız məlumata görə, bu il vətəndaşlarımız ölkəmizin müxtəlif regionlarında, rayonlarında daha çox istirahət etməyə üstünlük verəcəklər. Lakin bundan istifadə edən işbazlar, bəzi səriştəsiz adamlar qiymətləri kəllə-çarxa qaldırıblar. Bir turizm mütəxəssisi kimi bunun düzgün siyasət olmadığını deyə bilərəm. Qiyməti qaldırmaq turistlərin gələn ilki sayına da təsir edər. Ona görə sahibkarlar elə etməlidir ki, insanlar başqa ölkələrə üz tutmaq məcburiyyətində qalmasınlar. Qiymətləri araşdırsanız görərsiniz ki, digər ölkələrdə bizdəki kimi deyil, ucuzdur. Digər tərəfdən qiymət qalxsa da, xidmət səviyyəsi əksinə, aşağı düşür”.

Müsahibimiz qeyd edib ki, Azərbaycanda otellərlə turizm şirkətlərinin münasibəti də arzuolunan deyil:

“Çünki otellər turizm şirkətlərinə baha qiymətlər təklif edirlər. Bu da indiki zamanda turizmin inkişafına mane olur. Konkret desək, turizm sahəsində çalışan insanlar elə münasib qiymət siyasəti yeritməlidirlər ki, insanlar da bundan faydalana bilsinlər”.

Ekspert hazırda vətəndaşların daha çox hansı regionlara üz tutduqlarını da açıqlayıb:

“Əsasən şimal-şərq bölgəsi – Şahdağ, Quba, şimal-qərb bölgəsi – Qəbələ, Şamaxı, Şəki, İsmayıllı yerli turistlərin üstünlük verdiyi yerlərdir. Eyni zamanda cənub bölgəsinə də gedənlər var, amma birinci sırada qeyd etdiklərimdir. Həmçinin bildirmək istəyirəm ki, bu gün Azərbaycanda otellərin sayı da azdır. Həmin bölgələrdə otellərdə yer tapılmır, bu da vurğuladığım məsələ ilə bağlıdır. Orada otellər, hətta deyərdim ki, 2, 3 ulduzlu otellər inşa olunmalıdır. O zaman insanlar bölgələrə daha çox gedərlər, mənfəət, valyuta bizə qalar”.