Xaricdə təhsil alanların nəzərinə-Ekspert rəyibackend

Xaricdə təhsil alanların nəzərinə-Ekspert rəyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin I rübü ərzində Azərbaycanda diplomların tanınması üzrə müraciətlərin statistikası açıqlanıb. Ötən dövr ərzində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə 678 müraciət daxil olub ki, bu müraciətlərdən 493-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 185 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Mövzu ilə bağlı TİA.AZ-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, bu statistika ciddi problemlərdən xəbər verir:
“Problemin əsas səbəblərindən biri istər valideynlərin istərsə də təhsil almaq istəyən şəxsin araşdırma etməməsidir. Məsələn, şəxs Türkiyənin hər hansı bir universitetində təhsil almaq istəyir. İlk növbədə həmin universitetin diplomunun ölkədə tanınıb-tanınmamasını araşdırmaq lazımdır. Əgər şəxs bu sahədə fəaliyyət göstərən hər hansı bir şirkətin xidmətindən yararlanırsa, o zaman bu sualı həmin şirkətə verməlidir. Diplomun Azərbaycanda tanınması ilə bağlı suala müsbət cavab aldıqdan sonra həmin universitetə müraciət etmək lazımdır”.

Ekspert vurğulayıb ki, diplomun tanınmasına əsas verən müəyyən meyarlar var ki, həmin meyarlara cavab vermək mütləqdir:
“Digər tərəfdən hansısa xarici universitetdə təhsil aldığını iddia edən şəxsin bəzi kriteriyalara cavab verməsi tələb olunur. Məsələn, bilirik ki, vətəndaş ölkədən çıxdıqda onun pasportuna Gömrük komitəsi tərəfindən möhür vurulur. Tutaq ki, şəxs 2014-2018-ci illərdə xarici ölkədə əyani şəkildə təhsil aldığını iddia edirsə, lakin bu möhür posportunda yoxdursa, diplom tanınmır. İkinci məsələ xarici dil biliyidir. Əgər tədrisin rus dilində aparıldığı bir universitetdə şəxs təhsil aldığını iddia edirsə, lakin rus dili biliyi yoxdursa diplom tanınmır. Çünki Təhsildə Keyfiyyət Təminatı Agentliyinin bu mövzudakı əsas meyarlarından biri xarici dil bilgisidir.
Əgər şəxs yuxarıda qeyd etdiyimiz kriteriyalara uyğun gəlirsə, o zaman ondan ixtisas bilgisi ilə bağlı müsahibə götürülür. Müsahibə də uğurlu keçərsə, təqdim edilən diplom tanınır.
Yaxşı olar ki, xaricdə təhsil almaq istəyən vətəndaşlar dövlətin göndərişi ilə getməyə daha çox üstünlük versinlər, çünki bu üsul hazırda ən etibarlı üsuldur”.

TİA.AZ