XANKƏNDİ ƏTRAFINDA ÇƏMBƏR DAHA DA DARALDI – EKSPERTDƏN LAÇIN İZAHIbackend

XANKƏNDİ ƏTRAFINDA ÇƏMBƏR DAHA DA DARALDI – EKSPERTDƏN LAÇIN İZAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan tərəfi Laçına nəzarəti tam götürməklə Xankəndi ətrafındakı çəmbəri daha da daraltdı”

Bu sözləri Azərbaycan Ordusunun Laçın şəhərini, Zabux, Sus yaşayış məntəqələrini tam nəzarətə götürməsi haqqında danışarkən siyasi şərhçi Asif Nərimanlı TİA.Az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, artıq laçınlıların öz dədə-baba yurdlarına qayıtması üçün heç bir maneə qalmadı:
“Laçının azad olunmasını bir neçə kontekstdə qiymətləndirmək olar. Hər şeydən öncə bu, Azərbaycanın müharibədən sonra bölgədə əsas söz sahibi olmasının göstəricisidir. Digər tərəfdən Laçın rayonunun kəndləri azad edilsə də dəhlizə görə şəhər Azərbaycan ordusunun nəzarətində deyildi.

Artıq laçınlıların öz dədə-baba yurdlarına qayıtması üçün heç bir maneə qalmadı. Hərbi-strateji baxımdan yanaşsaq, bu bölgə olduqca strateji ərazidir. Belə demək mümkünsə, Qarabağda qalan ermənilərin Ermənistandan çıxışı, o cümlədən, Ermənistan tərəfindən Qarabağa müdaxilə üçün əsas yollardan biri qapanır. Bundan sonra isə yeni marşrut artıq Laçından keçən marşrut qədər əhəmiyyətli ola bilməz. Qarabağdakı ermənilərin işğal dövründə qaz, neft internet kimi kommunikasiya xətləri bu yoldan keçirdi. Bu yolun artıq Azərbaycan ordusunun nəzarətinə keçməsi həm də o kommunikasiyaya nəzarət imkanını gücləndirdi. Digər tərəfdən əvvəlki yolda Rusiya sülhməramlılarının yaxud da erməni separatçılarının qeyri-qanuni yükdaşımaları, yol üzərində qeyri-qanuni fəaliyyətləri var idi ki, artıq yeni yolda bu mümkün olmayacaq. Yekun olaraq hərbi baxımdan Azərbaycan tərəfi Laçına nəzarəti tam götürməklə Xankəndi ətrafındakı çəmbəri daha da daraltdı. Bunun fonunda yaşamaq üçün vacib olan kommunikasiya vasitələrinə nəzarətinin Azərbaycana keçməsini nəzərə alsaq, bu, Qarabağ iqtisadi rayonundakı ermənilərin burda yaşamama seçimini aktuallaşdırır. İndi onlar ya bölgəni tərk etməli ya da Azərbaycan vətəndaşlığını qəbul etməlidir. Ümumilikdə, Laçının azad edilməsi siyasi baxımdan olduqca əhəmiyyətlidir. Çünki Azərbaycan tərəfi müharibədən sonra bir daha göstərdi ki, bu torpaqlar bizimdir və burada yalnız Azərbaycanın tələbləri yerinə yetirilə bilər. 10 Noyabr razılaşmasının altıncı bəndi üzrə ciddi irəliləyiş sayıla bilər. Bundan sonra digər bəndlərin-xüsusən də dördüncü bəndin -(erməni qoşunlarının tam şəkildə bölgədən çıxarılması) icrası ilə bağlı məsələnin aktuallaşacağını düşünürəm”.

Aytac

TİA.Az