Tribuna İnformasiya Agentliyi

Xanım deputat yenidən ailə həyatı qurub – Azərbaycanda

01 Oktyabr

“3 il olar ki, ikinci dəfə ailə həyatı qurmuşam. 40 yaşım olanda  həyat yoldaşımı itirdim. Rövşəni itirəndə təkcə həyat yoldaşımı yox, həmfikrimi, həmdərdimi itirdim. Bu çox çətin məsələdir. Özü pis xəstə olduğunu hiss edirdi. Mənə deyirdi ki, “mən öləndən sonra sən təkcə tənha qalmayacaqsan, həm də boşluq hiss edəcəksən””.
TİA.AZ  xəbər verir ki, bunu Modern.az-a müsahibəsində millət vəkili Aytən Mustafayeva deyib. O, bildirib ki, o mərhum həyat yoldaşı, AMEA-nın İnsan Hüquqları İnstititunun rəhbəri Rövşən Mustafayevin ölümünü belə yaxına buraxa bilməyib:
“Ona nəsə olacağını qəbul edə bilmirdim. Ancaq Allahın işini bilmək olmur. İkinci əməliyyata hazırlaşırdıq… Saat 7-də əməliyyat olmalı idi, saat 4-də hər şey bitdi… Bu həyatın mənə göstərdiyi ən böyük dərsdir… Nə edirsən et, əgər Allahın qərarı varsa, qabağında hər şey acizdir”.
O, deyib ki, həyat yoldaşı vəfat edəndə oğlanlarının birinin 19, o birinin 14 yaşı olub: “Böyük oğlum çalışırdı ki, institustu tez qurtarsın və diplomu atasının 50 illiyinə təqdim etsin. Ancaq atası 50 yaşına qalmadı. 49 yaşının içində rəhmətə getdi. Rövşənin dünyadan getməsi hamımız üçün zərbə idi. Nə isə… Bu həyatdır…
Böyük oğlum burda iş qurub. Bir ildir ki, Bakıdadır. Kiçik oğlum isə Londonda memarlığı bitirib. Ancaq övladlarım da mənim kimi xaricdə qala bilmirlər. Biz nəsillikcə Bakıya bağlı insanlarıq. Atam Sovetlər dövründə Sovet səfirliyində  tərcüməçi kimi çalışıb. İxtisasca şərqşünas olub. 5 yaşımdan Türkiyədə oxumuşam. Atam əsl  türk ləhcəsi ilə danışırdı. Atamın adı İnqilab idi, ancaq  türklərin inqilab sözündən xoşları gəlmədiyi üçün ona Mustafa bəy deyə müraciət edirdilər”.