Xan Şuşinskinin qızı bütün gizlinləri açdı: “Bağırova demişdilər ki, guya atam…”backend

Xan Şuşinskinin qızı bütün gizlinləri açdı: “Bağırova demişdilər ki, guya atam…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xalq artisti Xan Şuşinskinin qızı, Xan Şuşinski Fondunun rəhbəri Bəyimxanım Verdiyeva Teleqraf.com-a müsahibə verib.
TİA.AZ onunla müsahibəni təqdim edir:
– Bəyimxanım xanım, Şuşaya ikinci dəfə səfər etdiniz. Təəssüratlarınızı eşitmək istərdik…
– İşğaldan azad olunmuş azad Şuşaya ikinci səfərim idi. Şuşa mənim ruhumun, xoşbəxt atalı-analı uşaqlıq, gənclik illərimin, beynimdə xatirələrlə dolu bir şəhərdir. Mənim üçün çox doğma və əzizdir. “Şuşaya gedirik” deyəndə özümü necə hiss etdiyimi yalnız Allah bilir. Sanki balaca uşaq oluram, kövrəlirəm, sevinc göz yaşları tökürəm, həyəcanlanıram. Qarışıq hisslər keçirərəm, hisslərimi söz ilə ifadə edə bilmirəm. Şuşaya “Zəfər yolu” ilə getdik. Bu, çox sevindirici bir haldır. Qısa zaman kəsiyində Qarabağımızda, Şuşamızda xeyli quruculuq, abadlıq işləri aparılır. Heydər Əliyev Fondunun dəstəyi ilə tarixi abidələr, tarixi şəxsiyyətlərin evləri bərpa olunur. İnsan baxdıqca fərəhlənir. Şuşaya çatanda bizi başqa ab-hava qarşıladı. Şuşanın təbiəti, havası çox əsrarəngizdir. Qonaqların sırasında ilk dəfə Şuşaya gedən insanlar var idi. Onlar həsrətlə Şuşanı görmək arzusunda idilər. Bu dəfəki səfərimiz Qeyri-Hökumət təkilatlarına Dövlət Dəstəyi Şurasının xətti ilə idi. QHT-lərin rəhbərləri getmişdilər. Bu tədbiri təşkil etdikləri üçün bir daha minnətdarlığımı bildirirəm. Bir neçə saat da olsa öz doğma vətənimdə, yurdumda oldum. Birbaşa Cıdır düzünə getdik, Gövhər ağa məscidini ziyarət etdik. Sovet dövründə məscidi muzey etmişdilər. Mənim uzun hörüklərim var idi, hətta şəkilimi çəkib, muzeyə vurmuşdular. İndiki kimi yadımdadır. “Bazar başı meydanı”, Xurşidbanu Natəvanın bulağından su gəlir. Qonaqların çoxu bulaqdan su götürdülər. Hər kəs Şuşada çörək bişirilən mağazadan çörək aldı. Çörəyi başqa ləzzətlə yedik ki, Şuşanın çörəyidir. Güllələnmiş abidələrimizi ziyarət etdik. Dahi şəxsiyyətlərimizin işğalçı dövlət tərəfindən xaincəsinə güllələdikləri Üzeyir Hacıbəyovun, Xurşidbanu Natəvanın, Bülbülün heykəlini ziyarət etdik. Çox həyəcanlı idim, bütün uşaqlıq xatirələrim, gözəl günlər film kimi gözümün qarşısından keçirdi.
Mənfur düşmənlərimiz Şuşanın mərkəzində yerləşən mədəniyyət sarayını dağıdıblar. “Güllü bağ”a baxanda bir anlıq uşaqlıq illərimə qayıtdım. Oradan ata evinə getdik. Bizim evimiz dahi bəstəkar Üzeyir Hacıbəyovun evi ilə bitişik idi. Evimiz də mənfur düşmənlər tərəfindən darmadağın, talan edilib. Təbii ki, evimizi o vəziyyətdə görəndə çox kövrəldim. Ümumiyyətlə, doğma Qarabağımızda, Şuşamızda dağılmış yerləri görəndə mənə çox pis təsir edir. Həyətimizdən topraq götürdük, dünyasını dəyişən doğmalarımızın qəbrini ziyarət edib, ora tökəcəyik. Qısa zaman ərzində Üzeyir Hacıbəyovun böyük heykəli qoyulub. Buna isə çox sevindim. Düşünürəm ki, hər şey öz yerini tapacaq. Əsas torpaqlarımız bizimdir, düşmən tapdağından azad edilib. Vətən torpağımızın düşmən tapdağından azad edilməsində xidməti olan, dünyasını dəyişən şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Onlara Allahdan rəhmət diləyir, qazilərimizə can sağlığı arzu edirəm. Bu gün cənab prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında 44 günlük müharibədən qaələbə qazanaraq, qalib xalqın, azad Şuşanın vətəndaşı kimi fəxrlə, qürur hissi ilə doğma torpaqlarımızı ziyarət edirik. Bu, çox sevindirici bir haldır. Şuşaya gedişimiz, doğma yurdumuzu seyr etməyimiz bizim üçün ən böyük xoşbəxtlikdir. Xalqımla fəxr edirəm. Sevinirəm ki, azərbaycanlıyam. 44 günlük müharibə dövründə xalqımız bir yumruq kimi prezidentimizin ətrafında sıx birləşdi. Başda cənab prezidentimiz İlham Əliyev olmaqla vətən uğurunda öz sağlamlığını itirmiş qazilərimizin hər birinə can sağlığı arzu edirəm. Bu günümüzə şükürlər olsun. Şuşadan doymadıq, orada qalmaq istədik. Bu il atamın anadan olmasının 120 illiyi tamam oldu. Atamın yubiley ilində vətən torpağımızın azad olunması onun ruhunu şad elədi. “Şuşaya gedirik” deyəndə sanki bütün dünya mənim oldu. Neçə illərdir ki, bu sözü eşitmək üçün əziyyət çəkmişik. Şükürlər olsun.
Bu günü bizə yaşadan Müzəffər Ali Baş Komandanımız, dünya liderləri arasında böyük nüfuza malik cənab prezident İlham Əliyevə təşəkkür edirəm. Bu müharibədə dilindən, dinindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı bir yumruq kimi cənab İlham Əliyevin ətrafında birləşdi. Bu, bir daha onu göstərdi ki, bizim dövlətimiz nə qədər tolerant ölkədir. Azərbaycanda yaşayan etnik azlıqlar, digər millətlərin nümayəndələri Azərbaycan vətəndaşı olaraq, istər müharibə dövründə, istər də “Xarıbülbül” festivalında bir daha birliyimizi nümayiş etdirdilər. İlk dəfə Şuşada mayda baş tutan “Xarıbülbül” festivalına dəvət almışdım. Sevincimin həddi-hüdudu yox idi, əl-ayağım əsirdi. Bilmirdim, ağlayım, gülüm, yoxsa sevinim. Hisslərimi söz ilə deyə bilmirəm. Festival Heydər Əliyev Fondu tərəfindən çox yüksək, beynəlxalq səviyyədə hazırlanmışdı. Festivalın birinci günündə Azərbaycanda yaşayıb-yaradan müxtəlif ölkələrin nümayəndələri öz sənət nümunələri ilə birləşərək “Qarabağ”, “Şuşa” deyərək konsert proqramı ilə çıxış etdilər. Bu, bir daha dünyaya mesaj idi ki, Azərbaycan xalqı sülhsevər, tolerant bir xalqdır. Millətindən, dinindən, etiqatından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşına çox diqqətlə yanaşılır. Onlar özlərini bu müharibədə təsdiq etdilər. Təbii ki, biz sülhsevər bir dövlətik, xalqıq. Bizim mənfur düşmənlərimiz isə məscidlərimizi, böyük məbədlərimizi talan edib, dağıdıblar. Ancaq bununla onlar tariximizi yox edə bilməzlər. Çox böyük səhvə imza atırlar. Bakıda yerləşən erməni kilsəsi tarixi abidə kimi qorunub saxlanılır. Bu, bizim nə qədər böyük bir xalq olduğumuzu göstərir. Tədbirin ikinci günündə Qarabağda yaşayıb, yaratmış sənət ustadların əsərlərindən ibarət konsert nümunələri təqdim edildi. Atam Xan Şuşinskinin 1930-cu ildə bəstələdiyi, canından artıq sevdiyi doğma vətəni, Qarabağın zümrüd tacı olan Şuşaya həsr etdiyi “Şuşanın dağları” mahnısı onun ifasından səsləndi. Mahnının söz və musiqisi atama aiddir. Festivalda atamın oxuduğu “Şuşanın dağları” mahnısı təqdim edilərkən göydə qartallar uçmağa başladı. Çox maraqlı mənzərə idi, deyərdim ki, bəlkə də atamın ruhu idi, bizim başımızın üzərində dolaşırdı. Təbii ki, orada dahi Üzeyir Hacıbəyov, Bülbül, Rəşid Behbudov, Süleyman Ələsgərov, Vasif Adıgözəlov, Əşrəf Abbasovun, Xan Şuşinski, Cabbar Qaryağdıoğlunun və saysız-hesabsız dahilər yetirmiş Şuşa torpağında yaşayıb-yaratmış dahilərin hər birinin ruhu şad idi.
– Xan Şuşinskinin Şuşada ev muzeyi, heykəli yoxdur, elə deyilmi?
– Bərpa olunan dahi şəxsiyyətlərin abidələri və evləri sırasında Xan Şuşinskinin də evi bərpa olunacaq. Yəqin ki, orada zəngin irsini özündə ehtiva edən muzey yaradılacaq, büstü qoyulacaq.
– Şuşanın işğalından əvvəl orada sonuncu dəfə nə vaxt olmusunuz?
– Şuşada axırıncı dəfə 1979-cu ildə olmuşam. Ailə həyatı qurdum və Gəncədə yaşadım. Ona görə bir müddət Şuşaya gedə bilmədim. Ancaq mənim qəlbim, ruhum Şuşada idi. Atam Şuşanı canından artıq sevirdi, orada axırıncı dəfə 1978-ci ildə olub. Hər yay Şuşaya gedərdik. Evimiz Aslan Qaraşanov küçəsində yerləşirdi. İki mərtəbəli böyük mülk idi, atam mayın sonundan bizi Şuşaya aparırdı, sentyabrın əvvəlində Bakıya qayıdardıq. Bizim Şuşaya gəlişimizlə Bakıdan xeyli qonaqlarımız gələrdilər.
– Evinizin qonaqları kimlər idi?
– Evimizə böyük ustadlar, eləcə də qohumlarımız gəlirdilər. Anam ləziz yeməklər hazırlayardı, öz qonaqpərvərliyimizi göstərərdik. Bir yerdə Cıdır düzünə, İsa bulağına, “Güllü bağ”a gedərdik. “Güllü bağ”ın girişində atamın oturduğu skamya var idi. Hamı deyərdi ki, Xanın skamyasıdır. Parkda yüz nəfər də ayaqüstə qalsa heç kim orada oturmazdı ki, Xan gəlib oturacaq. Xanın Şuşaya gəlişi insanlar üçün böyük bayram idi. Üzeyir Hacıbəyovun ev muzeyinə gələnlər eşidəndə ki, burada dahi sənətkar yaşayır, əlbəttə ki, onlar atamla şəkil çəkdirər, avtoqraf alardılar. “Güllü bağ”da elə gül-çiçəklər var idi ki… Bir dəqiqənin içində göy guruldayar, şimşək çaxar, yağış yağardı, göyqurşağı əmələ gəlib, günəş çıxardı. Güllərin üzərinə düşən şehlərdən elə bir ətir qalxardı ki, o ətri heç yerdə hiss etməmişəm. Şuşanın təbiəti çox gözəldir. Mineral suları, buz kimi bulaqları, qayaları, yaşıl meşələri var. Həyat yoldaşım 1993-cü ildə bizi ailəvi İsveçrənin Sürix şəhərinə apardı. O dedi ki, sizi Şuşanın təbiətinə oxşar şəhərə aparacam. Ancaq Sürixdən Şuşanın ətrini ala bilmədim. Onu demək istəyirəm ki, Şuşa dünyanın ən gözəl təbiəti olan şəhərdir. Atam axırıncı dəfə 1978-ci ildə Şuşada oldu. Xəstələndiyi dövrdə bir daha Şuşaya gedə bilmədi. Vəsiyyət etdi ki, ona Şuşadan Xarıbülbül gətirilsin. Ömrünün son aylarını yaşayırdı, xarıbülbül gətirdilər. Xarıbülbül ilə şəkli də var. Sanki Qarabağın iki böyük rəmzi üz-üzə durub, bir-biri ilə danışırdı.
– Xan Şuşinski 1939-cu ildə Mircəfər Bağırovun göstərişi ilə Bakıya köçüb. Siz o günləri necə xatırlayırsınız?
– Atam 1924-cü ildə Xankəndidə “Qarabağ” adlı xalq çalğı alətlərindən ibarət ansambl yaratmışdı. Özü də gözəl tar çalırdı. Azərbaycanın daxilində konsertlər verirdi, Tiflis şəhərində keçirilən Zaqafqaziya xalqlarının birinci incəsənət olimpiyadasında böyük müvəffəqiyyət qazanmışdı. Birinci yerə layiq görülərək, Qran-pri almışdı. Gəncədə konsertlərdə iştirak edirdi. Hətta 1924-cü ilə Səməd Vurğunla orada tanış olub. Bakıya tez-tez konsertlərə gəlirdi. Xanın konserti böyük anşlaqla qarşılanırdı. O, yalnız Şuşanın sənətkarı deyil, şərq dünyasının dühası idi. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incənəti on günlüyündə iştirak edir. Hər zaman xain xislətli insanlar olub və olmaqdadır. Mircəfər Bağırova xəbər edirlər ki, Xan Şuşinski bu tədbirdə iştirak etmək üçün külli miqdarda pul istəyir. Təbii ki, bu, doğru deyildi. Çünki Azərbaycan mədəniyyətində Xan Şuşinski qədər xeyriyyə konsertləri verən ikinci bir sənətkar olmayıb. Uzun müddət Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası Xan Şuşinskinin konsertləri hesabına fəaliyyət göstərib. Xeyriyyə konsertlərinə görə dəfələrlə fəxri fərmanlar alıb, medallarla mükafatlandırılıb. Bir ayın 25 gününü xeyriyyə tədbirlərində, beş gününü isə toylarda keçirirdi. O dövrdə Üzeyir Hacıbəyov, Səməd Vurğun və Mirzə İbrahimov atamın xətrini çox istəyən insanlar idilər. Onlar atama deyirlər ki, sizə bu qədər fəxri fərmanlar verilib, konsertlər vermisiniz, bunları götürün, Mircəfər Bağırovun yanına gedək. Bütün fəxri fərmanları Mircəfər Bağırovun qarşısına qoyurlar, atam haqqında bütün məlumatları verirlər. Mircəfər Bağırov əmr verir ki, iyirmi dörd saat ərzində atam və əmim Allahyar Cavanşirov ilə birlikdə Bakıya köçürülüb, mənzil ilə təmin olunsunlar. Əmim tarzən olub. Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında fəaliyyətə başlayıblar. Belə çıxır ki, o, xain xislətli adam Xanın Bakıya köçməsini bir az da tezləşdirdi. Özü də bilmədən Xana yaxşılıq etdi. Hər zaman belə insanlar olur. Xan Şuşinski çox mərd, cəsarətli, qorxmaz bir insan olub. O, əslən Qarabağ xanı Pənahəli xanın kötücəsidir. Xan nəslindən olmasına baxmayaraq, sovet dönəmində xan, bəy adına qadağa qoyulduğuna görə, böyük ustadları tərəfindən ona verilən Xan adını səsi, sənəti və şəxsiyyəti ilə doğrultmuşdu. Ona boş yerə “Muğam sənətinin Xanı, Dədə-Qorqudu” deyilmir. O, bir çox ilklərə imza atıb, ilk dəfə simfonik orkestrlə muğamı oxuyub, həmçinin birinci dəfə qadınla dueti atam ifa edib. Üç dueti qızıl fondda saxlanılır. Atam duetləri Sara Qədimova, Şövkət Ələkbərova, Tükəzban İsmayılova ilə oxuyub. O, yeganə sənətkardır ki, muğamlarımıza əlavələr edərək daha da təkmilləşdirib. Təbii ki, muğama əl vurmaq olmaz. Ulu öndər Heydər Əliyev çox uzaq görən siyasətçi idi, ruhu şad olsun. O dövrdə Molla Pənah Vaqifin məqbərəsini Şuşada inşa etdirdi. Şuşadan çoxlu sənətkarlar çıxıb. O zaman Üzeyir Hacıbəyovun da məqbərəsini inşa elətdirə bilərdi, amma Ulu öndər əslən qazaxlı olan Molla Pənah Vaqifin məqbərəsini Şuşada inşa etdirərək açılışına keçmiş SSRİ-nin rəhbərlikdə çalışan şəxslərini dəvət edərək göstərmək istəyirdi ki, bu torpaqlarda Qarabağ xanlığı olub, Molla Pənah Vaqif də onun baş vəziri olub. Bu gün cənab prezidentimiz İlham Əliyev ulu öndərimizin layiqli, uğurlu davamçısı olaraq Molla Pənah Vaqifin məqbərəsini inşa etdirərək atasının vəsiyyətinə sadiq oldu. Ulu öndərimiz 59 yaşında Şuşada Molla Pənah Vaqifin məqbərəsini dəyanətlə inşa etdirdi və onun möhtəşəm açılışını etdi. Ulu öndərin davamçısı cənab prezidentimiz də məhz işğaldan sonra 59 yaşında Molla Pənah Vaqifin məqbərəsinin açılışını etdi.
– Hər bir qarabağlının əhdi var idi ki, torpaqlarımız azad ediləndə onu yerinə yetirəcək. Sizin əhdiniz nə idi?
– O həsrətlə yaşayırdım, müharibə başlayanda 44 gün yuxu nədir bilmədim. Bütün günü səhərdən-axşama telefonlar yanımda idi. Hamıya demişdim ki, Şuşa işğaldan azad olunsa, mənim sevincdən ürəyim partlaya bilər. Mayın 7-dən 8-ə keçən gecə yuxu gördüm, Şuşanın daşlı, kəsəkli yollarında idim, yağış daşları parıldadırdı. Ayağımın altında həmin daşdan var idi, başımı yuxarı qaldıranda Şuşanın Gəncə qapısının yanında olduğumu gördüm. Müğənnimiz Zöhrə Abdullayeva da mənimlə birgə idi. Allah ona rəhmət etsin. O, tərəddüd edirdi, mən isə can atırdım ki, içəri girim. Şuşa işğaldan azad oldu. Mən inana bilmirdim, elə bilirdim ki, yuxuda idim.
– Xan əmi “Şuşanın dağları” mahnısına görə təqiblərə məruz qalıb, mahnının sözlərini dəyişib. O illəri necə xatırlayırsınız? Kimlərlə mübarizə aparırdı?
– Çox çətin dövr idi. O zaman vətəni Şuşaya “Şuşanın dağları” mahnısını həsr etmişdi. Bu mahnı Şuşa haqqında yazılan ilk mahnı idi. Mahnın söz və musiqisi atama aid idi. O mahnıda deyirdi ki, “Şuşanın dağları başı dumanlı”. Sovet dönəmində Şuşanın başının dumanlı olduğunu görərək belə yazmışdı. Atam sətiraltı Azərbaycanın müstəqil bayrağını gələcək nəsillərə bu mahnının sözləri ilə ərməğan etmişdi. Şuşanın dağları başı dumanlı, qırmızı qoftalı yaşıl tumanlı, dərdindən ölməyə çoxdur gümanım…
– “Qarabağ şikəstəsi” nin möhürünü Xan qoyub. Xarıbülbül festifalında xalq artisti Təyyar Bayramovun oğlu Kənan Bayramov “Qarabağ şikəstəsi”ni ifa etdi. Onun ifasını bəyənirsinizmi?
– Mən “Xan Şuşinski” Fondunun rəhbəri olaraq bir neçə dəfə muğam müsabiqələrində münsif olmuşam. Təyyar Bayramov xalqımızın istedadlı sənətkarıdır. Onun səsi, sənəti, pedaqoji fəaliyyətini çox bəyənirik. Təbii ki, onun övladı çox istedadlı bir gəncdir. İlk dəfə münsif heyətində iştirak edərkən onun səsini çox bəyəndim. Xan Şuşinski adına muğam müsabiqəsi keçirilirdi. Müsabiqədə Qran-prini Kənan Bayramov qazandı. Çox sevinirəm ki, bu gün Azərbaycanın belə gəncləri var, muğam sənəti yaşayır. Muğam Azərbaycan xalqının milli sərvətidir. Hər xalq özünün zəngin qədim tarixi və milli-mənəvi dəyərləri ilə tanınır. Bir haşiyəyə də çıxmaq istərdim ki, 1971-ci ildə atam Xan Şuşinski 70 illik yubiley tədbirinin sonunda “Qarabağ şikəstəsi”ni ifa edərək üzünü tamaşçılara tutaraq dedi: “Əzizlərim, mən Azərbaycan xalqının milli-mənəvi sərvəti olan muğamlarımızı, xalq musiqimizi uzun illər yad əllərdən və nəfəslərdən qoruyub, zamanın süzgəcindən keçirərək estafeti gənclərə verirəm. Sizdən bir təvəqqəm var. Muğamı qoruyun”. Bir ustad, korifey sənətkarın övladı olaraq deyə bilərəm ki, ruhun şad olsun, ata, bu gün Azərbaycan muğamı özünün intibah dövrünü yaşayır. Bu gün Azərbaycan muğamının beşiyi başında Azərbaycanın birinci xanımı Mehriban Əliyeva çox dəyanətlə durur. Dünyanın müxtəlif ölkələrində Azərbaycan musiqisini, milli alətlərimizi təbliğ edir. Bu təbliğatın da qələbəmizdə rolu var. Mehriban Əliyeva bu tədbirləri dünya miqyasında keçirərək bizi addım-addım Qarabağa yaxınlaşdırdı. Mən ona görə də ustad sənətkarın övladı, Xan Şuşinski Fondunun rəhbəri olaraq bizim hər birimizin əzizi Mehriban Əliyevaya təşəkkürümü bildirirəm. O, hər zaman sənətkarların qayğısını çəkir və sənətimizi dünyada tanıdır.
– Xanın ikinci nikahından olan övladısınız. Xan əmi siz doğulanadək uzun illər övlad həsrəti çəkib. Atanızı necə xarakterizə edərsiniz?
– Ailədə dörd övladıq, atamın ikinci nikahından dünyaya gəlmişik. Bəli, atamın uzun müddət övladı olmayıb, övlad həsrəti çəkib. Hər zaman deyirdi ki, “Süsən sünbül bitirmişəm, ömrü başa yetirmişəm, balam hanı? mahnısını oxuyanda sanki bu mahnını öz taleyimə oxuyurdum. Hər zaman deyirdi ki, siz mənim hər şeyimsiniz. Mənə anasının adını, qardaşım Aslana atasının, bacılarıma isə bacısının və xalasının adını vermişdi. Onun kimi ata görməmişəm, uşaqla uşaq, böyüklə böyük idi. Heç vaxt xətrimizə dəyməyib, nazımızı çəkirdi. Məni çox ərköyün böyütmüşdü. “Ay qəşəng Ceyran” mahnısını mənə həsr edib. Bizim bir-birimizə qarşı o qədər böyük sevgimiz olub ki, onu sözlə ifadə edə bilmirəm.
– Xalq artisti Alim Qasımov muğama fərqlilik gətirib. Bunu necə qarşılayırsınız?
– Alim Qasımov böyük sənətkar, ustadımızdır. Azərbaycan muğamının böyük təbliğatçısıdır. Ona çox böyük rəğbətimiz var və sənətini çox yüksək qiymətləndiririk. O, böyük sənətkardır. Yalnız Alim Qasımov yox, bizim böyük sənətkarlarımız var, Əlibaba Məmmədov, Canəli Ələkbərov, Arif Babayev, Mənsum İbrahimov böyük sənətkatlarımızdır. Ağaxan Abdullayevə Allah rəhmət etsin. Allah qalan ustadlarımıza can sağlığı versin. Onlar muğamımızın özəyidirlər, dünyada Azərbaycan muğamını təbliğ edən sənətkarlardırlar.