Tribuna İnformasiya Agentliyi

Xammalı təbiət olan mişar daşı niyə bahalaşır? (REPORTAJ)

17 İyun
Havalar isindikcə ölkədə tikinti sektorunda canlanma müşahidə edilir. Xüsusilə də tikintinin “çörəyi” hesab edilən sementə və mişar daşına olan tələbat artır. Bu iki tikinti materialının qiyməti isə hələ havalar isinmədən öncə, qış aylarında artmağa başlayıb.
Belə ki, hazırda bazarda 300 marka “Norm” sementinin 1 kisəsi (40 kiloqram) 6 manat 30 qəpiyə, eyni adlı sementin 400 markasının 1 kisəsi isə 7 manatadır. Ekspertlər bunun səbəbini müxtəlif faktorlarla izah edirlər. İstehsalçılar isə əsas gətirirlər ki, xaricdən gətirdikləri xammalın qiyməti bahalaşdığı üçün sementi baha satmalı olurlar…
Bəs xammalı təbiət olan mişar daşı nə üçün bahalaşıb?
Musavat.com-un reportyor qrupu Qızılqayada yerləşən daş karxanasında olub, oradakı vəziyyətlə maraqlanıb.
Əvvəlcə onu qeyd edək ki, ötən il açıqlanan rəsmi rəqəmlərə görə, Azərbaycanda ümumilikdə 585 ədəd daş karxanası fəaliyyət göstərir. Onlar Xəzər, Qaradağ, həmçinin, Abşeron, İmişli, Quba, Şəki, Qazax kimi rayonları əhatə edir.  Qızılqayada kəsilən daşların da qiyməti kifayət qədər bahadır.
Qiymətlərə və karxanada gördüklərimizə keçməzdən öncə onu da qeyd edək ki, ötən ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyi də atmosferi çirkləndirən karxanalara qarşı mübarizəyə başlayıb. Nəticədə bir neçə köhnə avadanlıqlarla işləyən daş karxanasının fəaliyyəti dayandırılıb. Mütəxəssislər hesab edirlər ki, hər il yay aylarında Bakının üzərini alan toz dumanının səbəbi məhz bu karxanalardır. Bəs çörəyini daşdan çıxaranlar bu tozun içərisində necə işləyirlər? Qiyməti artıran qadağalardır, yoxsa toz içərisində çalışanlar?
Əvvəlcə onu qeyd edək ki, daş karxanalarına gedən yollar çox bərbad vəziyyətdədir. Həmin yolları “sedan” tipli maşınla getmək mümkün deyil. Karxanada işləyənlərin sözlərinə görə qış aylarında bu yolları ümumiyyətlə, keçmək mümkün olmur. Ona görə də çox zaman karxana ərazisində olan dəmir vaqonun içərisində gecələməli olurlar.
Bakıda 1 ədədi 45-47 qəpiyə satılan daşların qiyməti yerində 32-33 qəpiyədir. Karxana sahibinin kefi yaxşı olsa, bu daşları 30 qəpiyə də almaq olar.
Karxanada fəhləlik edən Vüsal bildirib ki, karxanalar bağlanandan sonra qiymətdə 1-2 qəpik artım olub: “Burada olan avadanlıqların qiyməti 65-80 min manat arasındadır. Söhbət relslərdən, cız çəkən maşından, kabellərdən, mişarlardan gedir. Bizdə daşı 3 mişarla kəsirik. Yəni ölçülər standart olur. Belə daşlar bazarda baha qiymətə satılır. Alıcısı da var. Çünki daş alan bilir ki, qeyri-standart ölçülü daşı alıb, bir neçə manat qabağa düşəcəksə, sementdə ondan 2-3 qat çox zərər edəcək. Usta məcburdur ki, bütün daşları bir ölçüyə çıxarsın. Daşın biri digərindən balacadırsa, o zaman sementini çox edib, yerini hündürləşdirməlidir. Bu da itkidir. Bura yük maşını gəlir, yüklənir, aparırlar şəhərə.  Maşına 900- 1000 ədəd daşın yüklənməsi təxminən 70-80 manata başa gəlir. Bu pul, fəhlələr arasında bölünür. Adətən 3-4 fəhlə olur. Maşın isə hər daşı 10 qəpiyə daşıyır. Nəticədə 33 qəpiyə yerində satılan daş, bazara 43 qəpiyə çıxır. Əgər maşın durduğu yerdə yer pulu da verirsə, həmin xərci də daşın üstünə gəlir. Nəticədə daş olur 45-50 qəpiyə. Yəni daşın qiymətini qaldıranlar əslində karxanalardan çox, sürücülərdir. Söhbət hələ Bakıdan gedir. Əgər rayonda bu daşların qiyməti 52-55 qəpikdir… Bundan əlavə burada bütün karxanalar işıq limitini keçirlər. İşıqın qiyməti qaldırıldıqdan sonra, qiymətlərdə müəyyən artım oldu”.
Vüsal bildirib ki, qışda da qiymətləri dəyişməz olur: “Kəsəndə kükürdlü daş da çıxır. Yəni daşın rəngi qara olur. Yalnız o daşları bir qədər ucuz qiymətə veririk. Ağ daşları isə qışda da, yayda da eyni qiymətə satırıq. Başqa cür bizə də sərf eləmir”.
Qızılqayada çalışanların çoxu elə yaxınlıqda yaşayan sakinlərdir. Ancaq orada İmişlidən, Cəlilabaddan, Lənkərandan işləyənləri də görünür.`
Onu da qeyd edək ki, Abşeronda kəsilən daşların qiyməti Qızılqaya daşından təxminən 4-5 qəpik ucuzdur. Bu isə həmin daşların kövrək olması ilə bağlıdır. Abşeron daşlarını daha çox hasar çəkilməsində və ya evin içəri divarlarında istifadə edirlər. Həmin daşlara tələbat da yüksək deyil.
İqtisadçı alim Fikrət Yusifov bildirib ki, o, bu cür qiymət artımının baş verməsini son zamanlar tikinti sektorunda yaşanan canlanma ilə əlaqələndirir: “Təbii ki, burada bir neçə faktor var. Həmin faktorlar sırasında işığın limiti məsələsi, nazirliyin apardığı nəzarət də yer alıb. Lakin daşınmada xərclər qalxa bilməz. Çünki son zamanlar yanacağın  qiymətində heç bir dəyişiklik baş verməyib. Qiymət məsələsində monopoliya faktoru da yer alır. Əsas məsələ də elə çox zaman bu olur. Ancaq daş sahəsində monopoliyanın hansı səviyyədə olduğunu konkret söyləyə bilmərəm. Azərbaycanda son zamanlar 400 bina tikilir. Bu, çox böyük rəqəmdir. Yəni devalvasiyadan sonrakı iki ildən fərqli olaraq, artıq  ötən ildən başlayaraq, tikintidə canlanma var. Deməli, daşa olan tələbat da artıb. Bu tələbatın artması da qiymətlərin qalxmasına səbəb ola bilər. Mən əsasən qiymətlərin baha olmasında bu faktoru qabarıq görürəm”.