Xalqının ölməz və əbədiyaşar Lideri!backend

Xalqının ölməz və əbədiyaşar Lideri!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin deputatı Məşhur Məmmədov yazır:

Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci il dönümünü qeyd etməyə hazırlaşır. Bu dəfə daha fərqli əhval-ruhiyyədə. Bu da təsadüfi deyil…

Hər il ürək ağrısıyla Şuşa itkisini yad edib, Ümummilli Liderin anadan olmasının ildönümünü qeyd edirdik. Amma bu il Ulu Öndərin layiqli davamçısı, ölkə Prezidenti, Müzəffər Ordumuzun Ali Baş Komandanı cənab İlham Əliyev “dəmir yumruq” əməliyyatı adı altında Vətən Müharibəsində Şuşamızı 28 illik ayrılıqdan sonra özümüzə qaytardı. Şuşanı geri alma əməliyyatı hərb tarixinə qızıl hərflərlə yazıldı. Cənab Prezident, Ali Baş Komandan Şuşanın işğaldan azad olunması xəbərini atasının, dahi rəhbərin məzarını ziyarət etdikdən sonra verməsi və vüqarla, qürurla “atam Heydər Əlihevin vəsiyyətini yerinə yetirdim”, – deməsi Şuşanın ulu öndər Heydər Əliyev üçün nə qədər qiymətli olduğunu bir daha sübut etdi. Demək, Ulu Öndər də bu dünyadan ürəyində Şuşa nisgili köç edibmiş.

Təsadüfi deyil ki, ömrünün son günlərində, 2003-cü il oktyabrın 1-də dahi rəhbərimiz Azərbaycan xalqına müraciətində cənab İlham Əliyevi nəzərdə tutub demişdi: “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək”.
Artıq Azərbaycan xalqının xilaskarı sayılan dahi şəxsiyyətin ruhu şaddır. Şuşa Azərbaycandır!
Şuşanı Azərbaycana Heydər Əliyevin oğlu cənab İlham Əliyev yenidən bəxş edib. Müzəffər Ordumuzda təmsil olunan peşəkar hərbçilər də vaxtilə Heydər Əliyevin SSRİ-nin müxtəlif şəhərlərinə oxumaq, peşəkar hərbçi olmaq üçün göndərdiyi sadə ailələr arasından çıxmış oğullar idi.

Heydər Əliyevin dövlət və xalq üçün etdikləri o qədər çoxdur ki, saymaqla bitməz. Yeni müstəqillik yoluna qədəm qoyan Azərbaycanda dövlətçiliyi qoruyub saxlamaq üçün ölkə rəhbərliyinə təcrübəli, qətiyyətli siyasi liderin gətirilməsi olduqca vacib idi və xalqımız haqlı olaraq böyük oğluna müraciət etdi. Heydər Əliyev milyonlarla insanın arzularını ifadə edərək 1993-cü ildə Bakıya gəldi və onun Azərbaycanda siyasi hakimiyyətinin tamamilə fərqli, həlledici bir dövrü başlandı.

İlk gündən müdrik rəhbər xalqa arxalandı, xalq da ona dəstək verdi və onun ətrafında həmrəylik nümayiş etdirdi. Azərbaycan məhz Heydər Əliyevin rəhbərliyi altında iqtisadiyyatı dirçəltməklə, ordunu gücləndirməklə sözün əsl mənasında intibah dövrünə qədəm qoydu.

Qədirbilən Azərbaycan xalqı öz liderini unutmur, onun ideyalarına sadiq qalır, həmişə ehtiramla yad edirlər. May ayı hafizəmizə ulu öndər Heydər Əliyevin anadan olduğu ay kimi daxil olub. Bu, həmişə belə qalacaq, xalqımız heç vaxt ümummilli liderini unutmayacaq, onun xatirəsini ürəklərində, əməllərində, övladlarına sevərək verdikləri adlarda yaşadacaqlar.

Ruhu şad olsun!