Tribuna İnformasiya Agentliyi

“Xalqın şairi”nin qalibi Şəhriyar oldu – Ev vermədilər

27 İyun

ARB kanalında yayımlanan “Xalqın şairi” layihəsinin əsas mükafatı ilə bağlı xoşagəlməz durum yaranıb. “Qafqazinfo” xəbər verir ki, 10 ay davam edən müsabiqə ötən həftə başa çatıb və gənc şair Şəhriyar Del Gerani müsabiqənin qalibi olub. 

Proqram başlayan zaman birinci yerin qalibinə bağ evi veriləcəyi deyilsə də, sonradan mükafat dəyişdirilib. Layihə rəhbəri Mübariz Əsgərov ev deyil, onun dəyərində pulun 3 yer arasında bölüşdürüləcəyini açıqlayıb.

Layihənin iştirakçısı şair Rauf Qərib bir neçə ay əvvəl müsabiqə ilə bağlı belə bir iddia irəli sürmüşdü:

““Xalqın şairi” layihəsinin rəhbəri Mübariz Əsgərova Şəkidə bir bağ evimin olduğunu, müsabiqəyə o evi qoyacağımı, axırda da qalib məni etməsi gərəkdiyini demişdim, razılaşmışdıq. Həm o reklam tutub pul qazanacaqdı, həm də mən “Xalqın Şairi” olacaqdım. Müsabiqə başlayandan sonra nəsə fikrimi dəyişdim və müsabiqəyə qatılmayacağımı, evi də verməyəcəyimi dedim. Bundan sonra ev verə bilməyəcəklərini anlayıb, öz dost-tanışlarından birini qalib edib, söhbəti bağlamağa çalışdılar, amma hay-küy düşdü”.

 

Hazırda isə iddia olunan məbləğin də qalibə verilmədiyi, ilk üç yerin sahibinə 5 min manat dəyərində pul mükafatı ayrılacağı söylənilir.

Birinci olan şair Şəhriyar Del Gerani “Qafqazinfo”ya açıqlamasında bildirib ki, mükafat onu maraqlandırmır:

“Müsabiqəyə sadəcə maraq xətrinə qoşulmuşdum, mükafat mənim üçün önəmli deyil. Birinci yerə bağ evi qoyulmuşdu. Sonra deyildi ki, ev alınmır, evin dəyərində pul mükafatı veriləcək. Həmin məbləğ 3 yer arasında bölünəcək.

Düzünü desəm, sadəcə proses üçün müsabiqəyə qoşulmuşdum. Ölkədəki bozluğun içərisində maraqlı bir layihə kimi gəlmişdi. Təqdimat hələ olmayıb, bugünlərdə olacaq. Bilmirəm, mükafat nə qədər olacaq. Mənə mükafat maraqsızdır. Lap desələr ki, birinci yerin qalibinə ətçəkən maşın veriləcək, yenə də o müsabiqədə iştirak edərəm”.

“Qafqazinfo” layihənin rəhbəri Mübariz Əsgərovun mövqeyini öyrənməyə çalışsa da, aparıcı telefona cavab verməyib.  ARB TV də məlum məsələyə münasibət bildirməyib.