Tribuna İnformasiya Agentliyi

“Xalq Sığorta” uçurumun kənarında – yarım milyonluq zərər

15 May

“Xalq Sığorta” 2018-ci ilin 1-ci rübünün maliyyə göstəricilərini açıqlayıb.  Tia.az şirkətin maliyyə göstəricilərinə istinadən xəbər verir ki, bu ilin yanvar-mart dövründə “Xalq Sığorta”nın cəmi gəlirləri 1 milyon 271 min manat, cəmi xərcləri isə 1 milyon 817 min manat təşkil edib. Başqa sözlə, sığorta şirkəti birinci rübü 546 min 676 manat xalis zərər ilə başa vurub.

İlk rübdə şirkətin topladığı sığorta haqları 1 milyon 524 min manat, sığorta ödənişləri isə 647 min manat   təşkil edib.

“Xalq Sığorta” Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim etdiyi ilkin məlumatda, ilk rübdə 1 milyon 271 min manat sığorta haqları hesabladığını bildirmişdi. Şirkət ötən ilin ilk rübündə 1 milyon 667 min manat sığorta haqları topladığı məlumatını təqdim etmişdi.

Ötən ilin ilk rübü ilə müqayisədə “Xalq Sığorta”nın topladığı sığorta haqları azaldığından və gəlirin 452 min manatı ehtiyata çevrildiyindən şirkətin zərəri yaranıb.

“Xalq Sığorta” dövlət qiymətli kağızlarına (istiqrazlara) investisiyasını 2 dəfəyə yaxın artırıb. İlin əvvəlində 5 milyon 865 min manat olmuş portfel Mart ayının sonunda 10 milyon 880 min manata qalxıb.

Qeyd edək ki, 2016-cı illə müqayisədə “Xalq Sığorta”nın xalis mənfəəti 3,5 dəfə azalmışdı. 2016-cı ildə 5 milyon 333 min manat xalis mənfəət əldə etmiş şirkət, 2017-ci ili 1 milyon 507 min manat xalis mənfəət ilə başa vurmuşdu.

 

Şirkətin maliyyə hesabatı ilə tam olaraq buradan tanış olmaq mümkündür:

http://www.xalqsigorta.az/uploads/media/default/0001/01/1255742e635ede22a37ba5cb236376bc7856e687.pdf