Xalq artisti Operativ Qərargaha səsləndi: – “Teatrların bağlı qalması gələcəyimizə xəyanətdir”backend

Xalq artisti Operativ Qərargaha səsləndi: – “Teatrların bağlı qalması gələcəyimizə xəyanətdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlər Kabineti yanında Operativ Qərargahın son brifinqində teatr, kinoteatr və konsert zallarının fəaliyyətinin bərpa olunmayacağı açıqlanıb.

Buna isə bir çox sənət adamları öz etirazını bildirib. Mədəniyyət Nazirliyinin sözçüsü Məryəm Qafarzadə bildirib ki, artıq Mədəniyyət Nazirliyi tərəfindən teatr-konsert müəssisələrinin fəaliyyətinin bərpa olunması barədə Operativ Qərargaha müraciət edilib.
“Ümid edirik ki, tezliklə teatr səhnələrində və kinoteatrlarda yenidən tamaşaçıların alqış səsləri eşidiləcək və ölkəmizin mədəni həyatı öz axarına düşəcək”, – deyə o bildirib.

Məsələ ilə bağlı Xalq artisti Əbdül Mahmudov (Şeyx Əbdül) Cebhe.info-ya açıqlamasında bildirib ki, restoranların fəaliyyət göstərib teatrların bağlı saxlanılması xalqa qarşı xəyanətdir:

“Əgər bu boyda restoranlar, gecə klubları açılırsa, orada minlərlə adam iştirak edirsə, teatr niyə açılmasın? Ən böyük teatr 200-300 nəfər adam tutur və adi vaxtda onsuz o teatrlar dolu olmur. Qapıları illərlə bağlamısansa, bunu hamı üçün et. Niyə birini açıb, digərini bağlayırsan? İndi camaatı məcbur edib kütləvi şəkildə vaksin vurdururlar. Yaxşı, onda vaksin olunma bitməyibsə, onda digər yerləri niyə açırlar ki? O yerdə ki, bizə görünməyən məmurların məkanları var, onu açırlar. O yer ki, xalqa məxsusdur, onu talan qoyurlar. İstəyirlər ki, xalqın mənəviyyatı, milli ruhu ölsün. Xalqı var edən onun milli-mənəvi dəyərləridir. Teatrların bağlı qalması gələcəyimizə xəyanətdir. Bu dövlət səviyyəsində təşkil olunan xəyanətdir”.

O, vaksinasiya müqabilində xalqa pul verilməsi təklifi ilə də çıxış edib:
“Ümumiyyətlə, TƏBİB nədir? Kimə məxsusdur ora? Televiziyaya çıxıb yalan danışır, milləti aldadırlar. Mən TƏBİB-də rəhbərliyində işləyən adamlar barədə bir kəlmə yaxşı söz eşitməmişəm. Bu xəstəlik müalicə olunan xəstəlik deyil. Nə oyun oynayırlar camaatla? Əgər istəyirsinizsə, hamı vaksin vurdursun, onda TƏBİB çıxıb desin ki, ay Azərbaycan xalqı, kim vaksin vurdursa, hərəyə ayda 100 manat pul verəcəyik. Vaksin olunanlara pul versinlər. Gör camaat onda peyvənd olunurlar, ya yox”.