Xaçmaz avtovağzalı sərnişinlərə xidmət etmirbackend

Xaçmaz avtovağzalı sərnişinlərə xidmət etmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən əsrin 80-ci illərində Xaçmazda yeni avtovağzal binası tikilib istifadəyə veriləndə, rayon sakinləri şükür etmişdilər ki, nəhayət, bu rayonun da yaxşı bir avtovağzal binası ərsəyə gəldi. İnsafən, yeni avtovağzal binası münasib bir yerdə tikilmişdi.

Amma rayon sakinlərinin bu sevinci uzun sürmədi, 90-cı illərin ikinci yarısında dövlət büdcəsinin pulları hesabına inşa edilən təzə avtovağzal binasını özəlləşdirdilər və orada “Aygün” şadlıq sarayı açdılar.

Bundan sonra sərnişinlər avtobusları qışın soyuğunda və yayın istisində çöldə gözləməli oldular. Bu biabırçılıq bir neçə il davam etdi. Nəhayət, Xaçmaz şəhərinin çıxacağında yeni üçmərtəbəli bir avtovağzal binası inşa edildi. Deyilənə görə, bu avtovağzal binası da özəldir və hansısa şəxsə məxsusdur.

Lakin bu bir neçə mərtəbəli müasir bina sakinlərə xidmət etmir. Yəni, binanın qapılarından içəri kimsə keçmir. Çünki sərnişinlər üçün “nəzərdə tutulmayıb”. Orada nə bilet satılır, nə də yayın günəşindən,  payız və qışın yağışından, soyuğundan qorunmaq üçün heç bir şərait yaradılmayıb. Sərnişinlər yenə də avtobusları çöldə, perronda gözləməyə məhkumdurlar.

Bilet satışı məsələsi isə belədir: avtobus dayanacağa daxil olan kimi sərnişinlər avtobusa minib gözləyirlər. Avtobusun sərnişinlərlə dolana qədər gözləmək vacibdir. Çünki avtobuslar vaxt rejimində işləmirlər. Avtobus sərnişinlə dolmasa, qoyulan əlavə oturacaqlara da bir neçə nəfəri əyləşdirilməsə, maşın yerindən tərpənən deyil.

Gediş haqqının yığılması isə başqa həngamədir. Xaçmazdan Bakıya məsafə 157 km-dir, biletin qiyməti 3 manat 80 qəpik təşkil edir. Amma, hər sərnişindən 5 manatdan pul yığılır. Bəzən də elə olur ki, “pulyığan” nəsə səhvə yol verir, bu zaman yeni hoqqa başlayır. Bir-bir sərnişinlərdən soruşulur ki, “pulu verməyən kimdir”. “Səhv düzəldilməyənədək” sərnişinlə dolu avtobus gözləməlidir.

Bir sözlə, biabırçılıqdır və belə vəziyyət illərdir davam edir. Bu məsələyə nə yerli hakimiyyət orqanları, nə də avtovağzalların tabe olduğu qurum (əgər belə bir qurum varsa) müdaxilə edir.

musavat.com