Vüqar Oruc: Bazar hələ ki, ciddi bir təhlükə ilə üzləşməyibbackend

Vüqar Oruc: Bazar hələ ki, ciddi bir təhlükə ilə üzləşməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda Azərbaycanda  mövcud olan müharibə, eyni zamanda pandemiya şəraiti iqtisadiyyatın bütün sahələrinə olduğu kimi, əmlak bazarına da təsirsiz ötüşmür. TİA.AZ “VECON CONSULTING” MMC-nin təsisçi və direktoru, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini Vüqar Orucun ölkənin əmlak bazarının mövcud vəziyyəti ilə bağlı müsahibəsini təqdim edir.

Daşınmaz əmlak bazarının hazırkı vəziyyətini necə qiymətləndirmək olar?

Müharibə şəraitində olan bütün ölkələrdə bu proses daşınmaz əmlak bazarına təsirsiz ötüşmür. Hər hansı bir mənzil almaq, fərdi yaşayış yeri əldə etmək istəyən, yaxud da ölkənin istirahət məkanlarına investisiya qoymaq fikrində olan vətəndaşlarımız təbii ki, müharibə dövrünün çətinliklərini nəzərə alıb bu planları təxirə salaraq bir müddət  gözləmə mövqeyində dayana bilər. Gözləyər ki, əmlakla bağlı təhlükə aradan qalxsın, ondan sonra öz planlarını həyata keçirib qərar versin. Bu təbii prosesdir. Ərazisində müharibə olan hər bir ölkənin keçdiyi bu prosesdən bizim ölkə də keçir. Hazırda daşınmaz əmlak bazarında alqı-satqı faktları çox deyil. Ölkədə qismən səfərbərlik elan edilib, ölkənin əhalisi cəbhədən xəbərlər gözləyir. Belə bir şəaritdə nəzəri və pisxoloji baxımdan hər hansı bir əmlakın alqı-satqısı ilə bağlı addım atılması bir az gözlənilən deyil.

Bütün bunlara baxmayaraq qarşıda böyük perspektivlər var. Tanrının köməyi və ordumuzun şücaəti ilə torpaqlarımız azad olunduqdan sonra həmin ərazilərdə yenidənqurma-bərpa işləri başlayacaq, yeni turizm məzrkəzləri yaranacaq. Həmin ərazilərin təbiətinin gözəl olduğunu nəzərə alsaq bu baxımdan işğaldan azad edilən torpaqlarımız ölkəmiz üçün böyük sərmayə bazasıdır. Həmin ərazilər həm yerli, həm də xarici investorları cəlb edə bilər. Bu eyni zamanda daşınmaz əmlak bazarında çox ciddi dinamikanın meydana gəlməsinə təkan ola bilər. Bütün bu və ya digər perspektivlər gözləniləndir. Hazırda təbii ki, gözləmə mövqeyi var,  bazarda kiçik sövdələşmələr olsa da,ötən aya yaxud əvvəlki dövrə nisbətdə müəyyən qədər bu istiqamətdə  azalma hiss olunur.

Kirayə mənzil bazarında mövcud vəziyyət necədir?

Kirayə bazarında ciddi dəyişiklik demək olar ki, yoxdur. Ona görə ki, hətta müharibə gedən ərazilərdən yaşlı və hərəkət imkanı məhdud olan insanları çıxaran ailələr olsa da onlar birbaşa mərkəzə -Bakıya yox,  həmin rayonlara yaxın ərazilərə üz tutur. Yəni Bakıya böyük bir axın olduğunu demək mümkün deyil və müharibə hər hansı ciddi dəyişikliyə səbəb olmayıb. Kirayə mənzil bazarında adətən ilin bu aylarında ali təhsil ocaqları açıldığı və regionlardan Bakıya tələbələrin axını olduğu üçün kirayə mənzil bazarında mühüm canlanma müşahidə edilirdi. Hazırda onlayn (distant təhsil) tədris həyata keçirildiyinə görə, pandemiya ilə əlaqədar kirayə mənzil bazarında çox ciddi problemlər var. Bəzi ekspertlər canlanmanın olduğunu desə də, bu, həqiqətə uyğun deyil. Bizim rieltor dostlarımız var ki, əvvəllər iki otaqlı mənzili məmnuniyyətlə onlar 450-500 AZN-ə kirayə verirdisə,  hazırda ixtisaslaşmış əmlak saytlarında həmin tipli mənzillərə  330—350 AZN-ə rast gəlinir. Kirayə mənzil bazarında nisbətən ucuzlaşma müşahidə edilir. Eyni zamanda kirayə mənzil bazarında faktların sayı azalıb. Bəzi istisnalar var. Müəyyən işlərlə bağlı şəhərə gələnlər var ki, hansı ki, onlar üçün kirayə mənzil əldə etmək mühümdür. Başqa problemlərlə bağlı mərkəzə üz tutanlar var, onlar da kirayə bazarına müraciət edir. Demək olmaz ki, kirayə bazarı tamamilə sıradan çıxıb. Sadəcə olaraq həm alqı-satqı, həm də kirayə bazarı heç də yaxşı olmayan dövrünü yaşayır. Təbii ki, torpaqlarımız işğaldan azad olunandan sonra bizim bu sahədə uzunmüddətli perspektivə hesablanan gözləntilərimiz var.

 

Müharibə şəraitinin evlərin qiymətinə hər hansı təsiri olub?

Azərbaycan cəmiyyətində belə bir tendensiya var ki, bu müharibə uzunmüddətli olmayacaq. 90-cı illərdə ordu tam qurulmamışdı, könüllü dəstələr çox vaxt mərkəzə tabe olmurdular və insanlarda da orduya güvən yox idi. İndi çox şükürlər ki, ordu yenidən qurulub, dövlətimiz daha da güclənib. Hazırda hamı səbrlə prosesin uğurla bitməsini gözləyir. Bu baxımdan evlərin qiymətinin ucuzlaşması demək olar ki, müşahidə edilmir. Qiymətlərin enməsi yalnız hər hansı şəxs fərdi sürətdə öz əmlakını satmaq istəyirsə ekspozisiya müddətini gözləməyərək öz əmlakını tez bir zamanda satmaq istədiyi üçün daha ucuz qiymətə təklif etməsi variantında mümkündür. Məsələn, mənzilini 150 min AZN-nə təklif edən şəxs görür ki, bazarda alqı-satqı faktları azalıb, bu zaman təklif qiymətindən 5-10% güzəşt edə bilər. Belə halların biz kütləvi sürətdə olduğunu deyə bilmərik. Çünki hamı gözəl bilir ki, tez bir zamanda bu müharibə yekunlaşacaq və bu müharibədən ölkəmiz güclü çıxacaq. Bazarda da müharibəyə qədər biz müşahidə edirdik ki, böyük obyektlər var və bu obyektlərin satışının reallaşdırılması imkanları daha məhdud idi. Belə ki, pandemiya və bu səbəbdən baş verən iqtisadi problemlər – bunlar hamısı ümumi iqtisadiyyata,  o cümlədən daşınmaz əmlak bazarına təsir göstərmişdi. Ümumiyyətlə, 2020-ci ilin əvvəllərində bazarda təklif olunan obyektlər hazırda 10-15%, hətta 20% daha ucuz təklif edilir. Bunu biz müharibə ilə əlaqələndirə bilmərik. Ona görə ki, beynəlxalq maliyyə böhranı, ardıcıl baş verən devalvasiyalar, pandemiya və ondan irəli gələn iqtisadi böhranın təsiri bu sahədə daha çox hiss edildi desək yanılmarıq. Müharibə yalnız alqı-satqı faktlarının sayının azalmasına təsir göstərə bilər. Bazar hələ ki, ciddi bir təhlükə ilə üzləşməyib. Bu fikirlər Bakıdakı əmlak bazarına aiddir. Rayonlarda isə fərqli situasiya müşahidə edilir. Ola bilər ki, satışda olan fərdi yaşayış evi də düşmənin hücumundan zərər görsün təbii ki, əmlakın satışına təsir göstərən amil kimi belə bir ehtimalı qeyd edə bilərik. İndi bazarla bağlı birmənalı fikir bildirmək hələ tezdir. Müharibə yekunlaşandan sonra onun təsirini biz daha aydın görə və  təhlil edə biləcəyik .

Müəllif:Aynur Qəniyeva