Tribuna İnformasiya Agentliyi

Vudi Allen ilk dəfə “La Skala”da opera səhnələşdirdi

09 İyul

Amerika kinorejissoru Vudi Allen Milanın opera səhnəsində debüt edib

“La Skala” teatrında onun quruluşunda Cakomo Puççininin (1858-1924) bir aktdan ibarət “Canni Skikki” operasının premyerası olub. “Canni Skikki” bəstəkarın “Plaş” və “Ancelika bacı” operalarının da daxil olduğu triptixini tamamlayır.

Dante Aligyerinin (1265-1321) “İlahi komediya” əsərindən ilhamlanan Vudi Allen təqribən 10 il əvvəl bu əsəri Los-Anceles Opera Teatrında səhnələşdirib. Rejissor tamaşanı bütünlüklə İtaliya səhnəsinə uyğunlaşdırıb. Rejissor XIII əsrdə baş verən hadisələri ötən əsrə keçirərək neorealist filmlər üslubunda varlı adamın əhvalatını təqdim edib. O, ölüm yatağında bütün var-dövlətini monastıra bağışlayaraq yoxsul qohumlarını əməlli başlı qəzəbləndirir. Allen italyan tamaşaçılar üçün əsərin finalını da bir qədər dəyişib. Bu da onun özünəməxsus yumor hissini və filmləri üçün səciyyəvi olan istehzanı son dərəcə gözəl əks etdirir.

Allen deyib: “Əgər kimsə mənə “La Skala”da rejissor kimi çalışacağımı desəydi, bunu sərsəm və tamamilə qeyri-real ideya adlandırardım”. O, “La Skala”da teatrın istedadlı tələbələri ilə işləyib. Yeri gəlmişkən, teatr səhnələri Allen üçün yenilik deyil. O, öz karyerasına dramaturq kimi başlayıb, pyesləri Brodveydə müvəffəqiyyətlə oynanılıb. Allen çox vaxt aktyor kimi də çıxış edib.

Təqribən 60 film, o cümlədən Oskar mükafatına layiq görülmüş “Enni Holl” (1977) filmini çəkmiş 83 yaşlı rejissor nail olduqları ilə kifayətlənmək niyyətində deyil. O bildirib ki, iki həftə sonra yeni filminin çəkilişləri başlayacaq. Rejissorun sonuncu filminin geniş ekranlara çıxması oktyabr ayına planlaşdırılıb.