Virusdan daha təhlükəli: Müflisləşmə və səfalət – TƏHLİLbackend

Virusdan daha təhlükəli: Müflisləşmə və səfalət – TƏHLİL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlər Kabinetinin ölkədə tətbiq edilən karantin rejiminin qaydalarına dair Qərarına əsasən, 30 sentyabradək iri ticarət mərkəzlərinin fəaliyyətinə icazə verilməyib.

Bu gedişat onsuz da pandemiyadan ən çox əziyyət çəkən kiçik və orta sahibkarlığa daha da böyük zərbə ola bilər. Yəni əhalinin varlı və kasıb təbəqəsi arasında əlaqələndirici funksiyanı yerinə yetirən kiçik və orta sahibkarların müflisləşməsi, planların sıradan çıxması ilə nəticələnə bilər. Bu da əhalinin qəti qütbləşməsi və qütblər arasında uçurumun yaranması ilə nəticələnər.

Nəticədə isə cəmiyyət arasında bölünmə, ortaya ciddi problemlər qoya bilər.

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Rəşad Həsənov Cebhe.info-ya açıqlamasında deyib ki, gəlirlərin azalması, bir sıra ailələrin müflisləşməsi, əhalinin sosial rifahının daha da pisləşməsi, eyni zamanda onların sağlam qida, sağlam səhiyyə xidmətlərinə çıxış imkanlarının azalması nəticəsində daha ciddi risk qrupunun formalaşması baş verə bilər:

“Cəmiyyətdə qütbləşmə və təbəqələşmə ən sərt formada çoxdan gedib. Cəmiyyət arasındakı uçurum kifayət qədər dərinləşib. Aşağı gəlirli təbəqə ilə yüksək gəlirli təbəqə arasında çox kəskin fərq var. Təbii ki, iri ticarət mərkəzlərinin fəaliyyətinin dayandırılması sahibkarlıq mühiti üçün müəyyən çətinliklər yaradır.

Xüsusən də onlar pərakəndə ticarətlə məşğul olan kiçik və orta sahibkarlardır. İstənilən halda bu arzuedilən deyil. Tənzimləmənin, nəzarətin gücləndirməsi yolu ilə bu müəssisələrin fəaliyyətinin təmin edilməsi, həmin sahibkarlııq subyektlərinin, orada muzdla çalışanların ailələrinin rifahının indiki halda pandemiyanın təzyiqlərindən qorunmasında müsbət təsir göstərə bilər. Amma görünən ondan ibarətdir ki, hökumət kütləvi fəaliyyətlər istiqamətində risklərin olduğu sahələrdə daha ehtiyatlı olmağa çalışır. Amma metronun açılması, marşrutlarda müşahidə olunan sıxlıq heç də ticarət mərkəzindən təhlükəsiz deyil, hətta daha təhlükəlidir.

Görünən odur ki, tənzimləmə və nəzarətin gücləndirilməsi və istiqamətdə qaydalara əməl edilmə təşəbbüslərinin artırılmasındansa, hökumət asan yolla kəsib doğramaq, beləliklə də, fəaliyyəti məhdudlaşdırmaq kimi istiqamətlərə əl atır. Nəticədə də effektini görə bilmirik. Avtobuslarda yoluxma riski çox olduğu halda və ya yoluxma riski böyük olan bəzi mərkəzlərin fəaliyyətinə icazə verildiyi halda, yoluxma riski çox az olan ticarət mərkəzlərinin fəaliyyətinə icazə verilmir. Eyni zamanda indiki halda, əgər hər hansı bir fəaliyyət istiqamətinin məhdudlaşdırılması haqqında qərar qəbul edilirsə, həmin istiqamətlər birbaşa dövlət dəstəyi ilə müdafiə olunmalı və onların likvidliyinin təmin olunması istiqamətində tədbirlər həyata keçirilməlidir.

Bu məsələdə də ciddi irəliləyiş yoxdur. Qəbul edilən dəstək proqramları da çox az əhatə dairəsinə malik idi. Bu baxımdan da düşünürəm ki, gəlirlərin azalması, bir sıra ailələrin müflisləşməsi, əhalinin sosial rifahının daha da pisləşməsi, eyni zamanda onların sağlam qida, sağlam səhiyyə xidmətlərinə çıxış imkanlarının azalması nəticəsində daha ciddi risk qrupunun formalaşması baş verə bilər. Ona görə də qərar qəbul edərkən daha geniş təhlillər aparılaraq qəbul edilməlidir. Yəni hər hansı fəaliyyət istiqamətinə diskriminativ yanaşma doğru deyil”.

R. Həsənov bu sosial uçurumun cəmiyyətdə necə siyasi problemlər yarada biləcəyindən də danışıb:

“Məsələyə siyasi tərəfdən də münasibət bildirərək demək istəyirəm ki, bütün bu problemlər cəmiyyətdə heç bir ciddi etiraza səbəb olmayacaq. Təcrübə göstərir ki, 20 il ərzində bu qədər kəskin təbəqələşməni həzm edən cəmiyyətdə qısamüddətdə baş verən kataklizmlərin hər hansı bir effekt yaratmaq imkanları məhduddur.

Müəyyən lokal sosial qruplarda etirazlar ortaya çıxsa da, bu çox rahat şəkildə neytrallaşdırılır. Bizdə, ümumiyyətlə, götürəndə əhalinin siyasi savadlılığı aşağıdır və öz hüquqlarını müdafiə etməsi zəifdir. İndividual proseslərə şəxsi maraqlar aspektindən yanaşma çox geniş yayılıb. Buna görə də düşünmürəm ki, qütbləşmə ciddi nəyəsə səbəb olsun. Yəni 20 ildə bu cəmiyyətdə milyaderlərlə yanaşı, işə gedib çatınca son pulunu da xərcləyən insanlar yaşayırsa və bunu həzm edirsə, qısamüddətli problemləri də həzm edəcək. Kiçik sosial qrupların isə etirazları olub və olacaq da. Bu isə heç nəyi dəyişmir. “Mall”-arın sahibləri kiçik sahibkar deyil və onlar elə də əziyyət çəkməyəcək. Fəaliyyəti bərpa olunandan sonra da satacağı məhsulun üstünə müəyyən qədər də pul qoyub zərərlərini kompensasiya edəcəklər. Lakin kiçik sahibkarlıq üçün vəziyyət çətin olacaq”.