Virtual qumarın qadağan olunmasının şok sirri – bəzi məmurlar və varlı balaları…backend

Virtual qumarın qadağan olunmasının şok sirri – bəzi məmurlar və varlı balaları…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 27-də Azərbaycan parlamenti “Telekommunikasiya haqqında” Qanuna düzəlişi qəbul edib. Düzəliş virtual məkanda lotereya və idman mərc saytlarına girişi qadağan edir. Qanuna edilən düzəlişə əsasən, internet provayderləri və rabitə operatorları telekommunikasiya xidmətləri vasitəsilə azart oyunların təşkilinin və keçirilməsinin qarşısını almalıdırlar. Buraya azart oyunların təşkili və ya bilet satışı, azart oyunlarda iştirak, o cümlədən xarici lotereya təşkilatçılarına və idman mərc oyunlarının operatorlarına ölkədə virtual mühitə çıxış daxildir.

Ölkə əhalisinin böyük əksəriyyətinin heç bir məlumatı olmadığı virtual qumar oyunlarına girişin qadağan edilməsinin ciddi səbəbləri var. Belə ki, son illər bəzi məmurlar və varlı övladlarının ciddi maraq göstərdiyi bu oyunlarda xeyli pul uduzanlar var.

İddialara görə, bu gün də bəzi tanınan vəzifə sahibləri qumar və mərc oyunlarına ciddi maraq göstərirlər. Onların külli miqdarda pul uduzduqları hakimiyyətə də bəlli olub. Eləcə də varlı övladları internet üzərindəki qumar oyunlarında xeyli pul uduzublar. Sosial şəbəkələrdə və müxtəlif internet portallarında qanunsuz mərc oyunlarının geniş təbliğatı gedir.

Bəxt çarxını fırlatmaq tələsinə internetdəki “Milyonçu olmaq istəyirsən?” “İndi qeydiyyatdan keç, varlan”, “Oyna və qazan” kimi təşviqedici reklamlar üzərindən düşmək su içmək qədər asandır. İnternetdə “1xBet”, “MotsBet”, “Vulkanbet”, “22bet”, “PinUpbet” oyunlarının reklamları yetərincədir. İstifadəçi bu platformalara pul köçürərək, mərc etməyə başlayır. Qalanı isə texniki məsələdir. Pullar xaricdəki hesablara gedir və azart həvəskarı çox vaxt da udmuş olsa belə, hesabında olan pula sahib çıxa bilmir. Təhlükəsizlik məsələləri ilə əlaqəli hesabdan pul çıxarılması bloklanır. Belə saytların internetdə geniş yayılmasının da səbəbi sadədir. Dünyanın dörd bir tərəfindən axan pullar hesabına geniş reklam kampaniyası aparılır, aylıq reklam müqabilində səhifələrə müəyyən məbləğdə pul ödənilir.

Azərbaycanda qumarxana-kazino biznesi 1998-ci ildən rəsmi şəkildə qadağan olunub. O zamandan sonra ölkədə ara-sıra kazinoların “səsi” eşidilirdi, hüquq-mühafizə orqanları əməliyyat keçirib belə oyunları təşkil edənləri ifşa edirdilər. 2011-ci ildə isə ölkədə ilk və yeganə qanuni idman mərc oyunu “ToPaz” fəaliyyətə başlayıb. “Caspian Tech” QSC-nin ticarət nişanı olan “ToPaz” portalı dövlət təminatlıdır və qanuni hesab olunur. Digər bütün mərc və onlayn platformalardakı oyunlar isə qanundankənardır. Bu gün Azərbaycanda qumar oyunlarında külli miqdarda pul itirənlərin sayı kifayət qədərdir.

Bir neçə gün əvvəl Milli Məclisdə “Turizm haqqında” yeni hazırlanan qanun layihəsinin müzakirəsi zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev təklif edib ki, kazinoların Azərbaycanda açılmasına icazə verilsin. Sitat: “Rusiyada bu, müəyyən əraziləri əhatə edir. Azərbaycanda da belə edə bilərik. Məsələn, Qarabağda, Zəngəzurda kazinoların açılmasına icazə verə, bununla da turist cəlb edə bilərik. Digər tərəfdən, Nargin adasında buna icazə verə bilərik. Turist axınını cəlb etmək üçün xidmət sahəsində fəaliyyətlər təkmilləşdirilməlidir”.

Qüdrət Həsənquliyevin bu təklifini süngü ilə qarşılayanlar çoxluqdadır. Deputatın bu təklifindən 1 həftə sonra Azərbaycan parlamentində “Telekommunikasiya haqqında” Qanuna düzəliş edildi. Bəs bu düzəliş nəyi dəyişəcək?

Ümumiyyətlə, qumarxanalar ləğv edilməlidir, yoxsa müəyyən şərtlər daxilində belə oyunlara icazə verilməlidir?

Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz bu barədə mətbuata açıqlamasında bildirib ki, qanunvericiliyə görə, ölkədə bu tip fəaliyyətlər qadağandır: “Kimlərsə onlayn mühitdə qumar, mərc, müxtəlif kazino oyunları ilə bağlı reklam yayır və təbliğat aparır. İstər onlayn, istərsə də oflayn mühitdə belə hərəkətlər qanunvericiliyə ziddir. Burada cinayət məsuliyyəti yaradan məqamlar var. Xüsusən internet azyaşlılar üçün əlçatan olduğuna görə belə oyunların reklamı daha ciddi məsuliyyət yaradır”.

Osman Gündüz qeyd edib ki, bu məsələ Azərbaycanda bir sıra aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülməlidir: “Azərbaycan Reklamçılar İttifaqı, Daxili İşlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, eləcə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi monitorinqlər aparmalıdırlar. Xüsusilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi monitorinq aparıb nəticəni bəlli qurumlara təqdim etməlidir ki, Azərbaycan qanunvericiliyi ilə belə fəaliyyətlərin qarşısı alınsın. Bu fəaliyyət gizli deyil və aşkar formada aparılır. Hesab edirəm ki, aidiyyəti orqanlar bu cür onlayn oyunların, eləcə də reklamların fərqindədirlər”.

DİA.AZ-ın məlumatına görə, “Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Prezidentin 25 oktyabr 2016-cı il tarixli, 1086 saylı fərmanının icrası ilə bağlı mütəmadi olaraq monitorinqlər aparılır: “Bildiyim qədər bu monitorinqləri Daxili İşlər Nazirliyi aparır və Azərbaycanda akkreditasiya olunmadan idman mərc oyunlarını təşkil edən şəxslər ətrafında tədbirlər həyata keçirilir. İnternet şəbəkəsində akkreditasiya olunmadan idman mərc oyunlarını təşkil edən şəxslər müəyyən edildikdə barələrində Cinayət Məcəlləsinin Lotereyaların və idman mərc oyunlarının təşkili və ya keçirilməsi qaydalarının pozulması maddəsi ilə cinayət işi başlanır. Bu maddənin 1.2-ci bəndinə əsasən, qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman mərc oyunlarının təşkili və ya keçirilməsi fiziki və ya hüquqi şəxslərə, yaxud dövlətə xeyli miqdarda ziyan vurduqda, habelə xeyli miqdarda gəlir əldə etməklə törədilirsə, məsuliyyətə cəlb olunmuş şəxs cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) 3 misli miqdarında cərimə və ya 1 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Hüquqşünas deyir ki, internet üzərindən kazino oyunları təşkil edən saytların serverləri xarici ölkələrdə yerləşir və internet üzərindən idarə olunur. Bu baxımdan həmin oyunları təşkil edənlərin cəzalandırılması çətin məsələdir: “Qanuna edilən düzəlişlərdən sonra ”Lotereyaların və idman mərc oyunlarının təşkili və ya keçirilməsi qaydalarının pozulması” maddəsində cərimələrin miqdarı kəskin şəkildə artırılıb. Qumar oyunlarının təşkilinə və keçirilməsinə görə inzibati xətanın törədilməsinə alət olmuş predmet, habelə qumar oyunlarına qoyulmuş pul vəsaitləri və ya digər əmlak, uduş fondu, həmçinin qumar oyunu nəticəsində əldə edilmiş gəlir müsadirə edilməklə fiziki şəxslər 5 min manat məbləğdə, vəzifəli şəxslər 10 min manat məbləğdə, hüquqi şəxslər 50 min manat məbləğdə cərimə ediləcək. Azərbaycan Respublikasının ərazisindən qumar oyunlarında iştirak üçün imkanın yaradılması, o cümlədən qumar oyunlarının oynanıldığı virtual mühitə çıxışın təmin edilməsinə görə fiziki şəxslər 5 min manat, vəzifəli şəxslər 10 min manat, hüquqi şəxslər 50 min manat məbləğdə cərimə ediləcək. Qumar oyunlarında iştirak üçün biletlərin (və ya biletə bərabər tutulan digər iştirak hüququnun) satışının təşkili və (ya) satışına görə fiziki şəxslər 5 min manat məbləğdə, vəzifəli şəxslər 10 min manat məbləğdə, hüquqi şəxslər 50 min manat məbləğdə cərimə ediləcək. Qumar oyunlarında iştirak üçün mərclərin qəbul edilməsi, pul vəsaitlərinin, əşyaların və qeyri-maddi əmlak nemətlərinin qəbulu, köçürülməsi, ödənilməsi, uduşların, mükafatların və ya digər gəlirin verilməsi, bunların təşkili və bunlarla əlaqədar xidmətlərin göstərilməsinə görə fiziki şəxslər 5 min manat məbləğdə, vəzifəli şəxslər 10 min manat məbləğdə, hüquqi şəxslər 50 min manat məbləğdə cərimə ediləcək. Qumar oyunlarının təşkili, keçirilməsi, iştirak üçün biletlərin (və ya biletlə bərabər tutulan digər iştirak hüququnun) satışı, qumar oyunlarında iştirakla bağlı müştərinin ödəniş tapşırıqlarının və ya bank hesabı üzrə digər əməliyyatlarının bank əməliyyatları aparan şəxslər tərəfindən icrasına (aparılmasına) görə fiziki şəxslər 5 min manat məbləğdə, vəzifəli şəxslər 10 min manat məbləğdə, hüquqi şəxslər 50 min manat məbləğdə cərimə ediləcək”.

Hüquqşünas deyir ki, cərimələrin artırılması belə oyunlara marağı azaltmır: “Deputat Qüdrət Həsənquliyevin kazinoların müəyyən məkanlarda açılması təklifinə neqativ yanaşılması cəmiyyətin buna hazır olmaması ilə əlaqəlidir. Dünyada bir çox turizm sahələri olduğu kimi qumar turizmi də var. Yəni varlı insanlar var ki, dünyanın gəzməli-görməli yerlərini görmək arzusu ilə azartlı oyunlara maraqlarını bir arada həyata keçirmək istəyirlər. Qonşu Gürcüstanda bu istəklər nəzərə alınır və müəyyən şərtlər daxilində kazinolara icazə verilir. Əgər ölkədən bu istiqamətdə pul axınının qarşısını almaq istəyiriksə, bu məsələyə bir qədər fərqli yanaşma ortaya qoyulmalı idi. Cərimələr, qadağalar vəziyyətdən çıxış yolu deyil, üstəlik, müəyyən mənada ziyanlı tərəfləri də var. Məmurlar, onların övladları qumar oynamaq istəyirlərsə, niyə Gürcüstana getməli və orada uduzmalıdırlar? Bu baxımdan məsələyə bir daha baxılması zərurəti var”.

Qeyd edək ki, ölkədə bəzi mərc saytları bloklansa da, hazırda “MostBet” və “1xBet” kimi geniş istifadəçi kütləsi olan saytların girişinə heç bir məhdudiyyət yoxdur.