Videogörüntüləri yayılan qadın deputat prokurorluğa veriləcək – Videobackend

Videogörüntüləri yayılan qadın deputat prokurorluğa veriləcək – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzi Seçki Komissiyasının ilkin nəticələrinə görə, 92 saylı Zərdab-Ucar seçki dairəsindən qalib olan Jalə Əliyevanın sosial şəbəkələrdə yayılan videosu ilə əlaqədar prokurorluğa müraciət olunacaq.

Söhbət 2005-ci ildən deputat olan Jalə Əliyevanın budəfəki seçkidən sonra keçirilən bir məclisdə öz tərəfdarlarına etdiyi təşəkkür videosundan gedir. Yayılan görüntülərdə “seçkidə onun üçün sinəsini qabağa verib döyüşən, vuruşan, yeri gələndə kiminsə başına papka atan, kiminsə telefonunu əlindən alıb yerə çırpma həddinə gələn” adamlara təşəkkür edir. O, bu əməllərə yol verən şəxslər kimi, məclisdə olanlardan Rəna, Yusif, Rizvanənin adını çəkir, onlara minnətdarlıq edir.

Bidəfəki parlament seçkilərində 92 saylı Zərdab-Ucar seçki dairəsində Jalə Əliyevanın rəqibi olan vəkil Adəm Məmmədov isə hesab edir ki, məhz bu videoda səslənən fikirlərə görə deputat da, həmin əməllərə yol verən şəxslər də cinayət məsuliyyətinə cəlb olunmalıdır. A.Məmmədov Bizimyol.info-ya açıqlamasında bildirib ki, bununla əlaqədar artıq şikayəti hazırlayıb və prokurorluğa göndərəcək.

Vəkilin sözlərinə görə, seçki prosesində adamların başına papka çırpmaq, telefonlarını əllərindən alıb yerə vurmaq cinayət əməlidir: “Bu, xuliqanlıqdır, başqa adı yoxdur. 14 ildir qanunverici orqanda təmsil olunan şəxs isə bu cür əməllərə yol verən adamlara təşəkkür edir. Biabırçılıqdır bu…”

Yayılan videogörüntülərdə Jalə Əliyevanın çıxışını yada salan vəkil bildirir ki, rəqibi həmin çıxışıyla təşkil olunmuş bütün qanun pozuntuları və saxtakarlıqların arxasında özü durduğunu etiraf etiraf etmiş oldu: “Çox guman ki, 14 il qanunverici orqanda sadəcə, əyləşən Jalə Əliyevanın qanunlardan xəbəri yoxdur və etirafının gələcəkdə yaradaca biləcəyi hüquqi məsuliyyətinin fərqində deyil. Həmin məclisdə başına yığdığı 15-20 adamdöyən, telefon qıran, dava-dalaş, qarışıqlıq salana güvənib, yenidən zərdablılar adından danışacağını düşünürsə, ya zərdablıları düzgün dəyərləndirmir, ya qanunları görməzdən gəlir, ya da mən Adəm Məmmədovun peşəkar vəkilliyini şübhə altına alır.

Bəlkə də opponentimin güvəndikləri ona bu qədər cəsarət verib. Ancaq əmin olsun ki, hüquqi müstəvidə belə olsa, bu davamın sonunadək arxasındayam”.

Jalə Əliyeva yayılan görüntüləri barədə yeniavaz.com-a danışıb. Deyib ki, həmin video seçkinin ertəsi gün – fevralın 10-da keçirilən məclisdə çəkilib. Amma onlar o məclisdə seçkidə qələbəni yox, ev sahibinin övladının ad gününü qeyd ediblər.

O, həmçinin iddia edib ki, məclisdə səsləndirdiyi fikirlər səsvermə gününə aid deyil, təbliğat-təşviqat dövründə yaşanıb. J.Əliyevanın iddiasına görə, qarşı tərəf onunla görüşə öyrədilmiş adam göndərib, mediaya informasiya ötürməyə çalışıb: “Buna görə də mənim tərəfdarlarım etiraz etdilər. O görüntülərdə də mən həmin o öyrədilmiş blogerə etiraz edənlərə təşəkkürlərimi bildirirdim. Yəni, burada söhbət seçki günündən yox, təbliğat kampaniyası ərəfəsində baş vermiş bir hadisədən gedir. Orada “başına papka atmaq” ifadəsini isə məcazi mənada işlətmişəm. Papkanı, sadəcə, qız yuxarıya qaldırmaqla o təxribatçıya “çıx get buradan” demək istəyir. Mən də seçkinin ilkin nəticələri elan olunduqdan sonra evdəki toplantıda həmin gənc tərəfdarlarıma təşəkkür edirəm. Həmin uşaqlar da mən onların adını çəkirəm deyə, seviniblər və götürüb o hissəni öz statuslarına yerləşdiriblər”.

Adəm Məmmədov ölkənin məşhur vəkillərindəndir. O, telekanallarda hüquqa aid proqramları aparmaqla yanaşı, bir sıra səs-küylü işlərdə vəkillik edib.