“Vidadi Muradov büdcə hesabına evinə 800 min xərc çəkdi” – “Onunla can-ciyər olmuşuq…”backend

“Vidadi Muradov büdcə hesabına evinə 800 min xərc çəkdi” – “Onunla can-ciyər olmuşuq…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“”Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri, mərhum Vidadi Muradov büdcə vəsaitləri hesabına paytaxtın Həsən Əliyev küçəsində yerləşən evinin təmirinə təxminən 800 min manat vəsait xərcləmişdi”.

TİA.AZ “Azadlıq” radiosuna istinadən xəbər verir ki, bunu dekabrın 9-da davam etdirilən məhkəmədə ifadə verən təqsirləndirilən, V.Muradovla iş birliyində olmuş Yaşar Ələkbərov bildirib.

Yaşar Ələkbərov “Azərxalça”nın müxtəlif bölgələrdə yerləşən 13 müəssisəsinin inşası və təmiriylə məşğul olmuş şirkətin icraçı direktorudur. Deyib ki, “Azərxalça” tender keçirmədən onlarla müqavilə bağlayıb. Onların regionlarda bu qurumun tabeliyindəki müəssisələrdə təmir-tikinti işlərini həyata keçirməsi üçün şirkətin hesabına milyonlarla vəsait köçürülüb. Onun sözlərinə görə, Muradovun evini də elə həmin vəsait hesabına 800 min manatlıq təmir ediblər.

Cinayət işinin materiallarında göstərilib ki, köçürülən vəsaitlərin bir hissəsinin yeyintisinin nəticəsi olaraq, müəssisələrdə təmir-tikinti zamanı ciddi çatışmazlıqlar olub. Şirkət rəhbəri bu iddia ilə razılaşmasa da, prokuror çatışmazlıqları onun yadına salıb. Məsələn, “Azərxalça”nın Şabrandakı yerli müəssisəsində nasosların quraşdırılması sənəd üzərində əksini tapıb. Amma gerçəkdə ora nasoslar qoyulmayıb.

Şahid istintaqa ifadəsində deyib ki, Muradov onlara qanunsuz göstərişlər verirdi. O, məhkəmədə bu göstərişlərin nədən ibarət olduğunu deməsə də, istintaqdakı ifadəsini təsdiqlədiyini söyləyib.

Y.Muradov həm də “Azər-İlmə” MMC-nin rəhbəri olub. O, həm də bu şirkətdən istifadə edərək “Azərxalça”ya ayrılmış vəsaitlərin yeyintisində suçlanır. Cinayət işində iddia olunur ki, o, “Azər-İlmə” MMC-nin Bakıda yerləşən inzibati binasını dövlət şirkəti olan “Azərxalça” ASC üçün bazar qiymətlərindən daha yüksək qiymətə icarəyə götürməklə öz şirkətinə pul köçürüb.

“Azər-İlmə”də direktor olmuş Xaqani Talıbov da məhkəmədə dindirilib. Məlum olub ki, o, şirkətdə aşpaz, çayçı işləyirmiş. Prokuror ondan soruşub ki, bəs necə oldu, Y.Muradov şirkətinə çayçını direktor təyin etmək qərarına gəldi? “Vidadi Muradovla qohum deyiləm, amma qohumdan da yaxın idik. Belə deyək, can-ciyər idik. Buna görə də kömək elədi, direktor oldum….“, – Talıbov belə izah verib.

Dindirmə zamanı üzə çıxıb ki, Vidadi Muradovun oğlu Aydın Muradov da şirkətdə direktor müavini olub.

“Necə oldu ki, Vidadi Muradov oğlunu yox, Sizi heç ali təhsiliniz də olmadan direktor təyin etdi, oğlu isə Sizin müavininiz oldu?”, – prokurorun bu sualına Talıbovun cavabı belə olub: “Dediyim kimi, mərhumla can-ciyər idik, ona görə də məni direktor təyin etdi. Hazırda da direktor işləyirəm…”.

Xatırladaq ki, 21 milyon 673 min manatlıq mənimsəmə, 640 min manat vergidən yayınma kimi əməllərdə suçlanan Vidadi Muradov 2021-ci ilin yanvarında həbs olunub. Onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilən Muradov noyabrın 1-də ev dustaqlığına buraxılıb. Noyabrın 5-də isə vəfat edib.