Vəzifəli şəxslərə cərimənin iki dəfə artırılması ilə nəyə nail olmaq olar? (ŞƏRH)backend

Vəzifəli şəxslərə cərimənin iki dəfə artırılması ilə nəyə nail olmaq olar? (ŞƏRH)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“İnzibati metodlarla əmək qanunvericiliyini pozan vəzifəli şəxslərə qarşı mübarizədə bəzi nailiyyətlər əldə etmək olar. Ancaq bu, kifayət deyil. Kölgə iqtisadiyyatının qarşısını almaq üçün ilk növbədə institusional addımlar atılmalıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı alim Nazim Bəydəmirli İnzibati Xətalar Məcəlləsinə əmək qanunvericiliyini pozan vəzifəli şəxslərə tətbiq edilən cərimənin iki dəfəyə qədər artırılması təklifinin reallaşması fonunda bu sahədə şəffaflığın nə dərəcədə təmin edilib-edilməyəcəyinə münasibət bildirərkən deyib. Ekspertin fikrincə, öncə kölgə iqtisadiyyatının yaranmasına rəvac verən səbəblər aradan götürülməlidir:
“Əmək müqaviləsi olmadan işlətməyə görə əvvəllər də cərimələr mövcud olub. İndi cərimə məbləği ikiqat artırılır. Bu cür inzibati metodlarla kölgə iqtisadiyyatına qarşı mübarizədə bəzi nailiyyətlər əldə etmək olar. Ancaq kölgə iqtisadiyyatını aradan qaldırmaq üçün müxtəlif institusional addımlar atılmalıdır”.
N. Bəydəmirli düşünür ki, bu istiqamətdə Gürcüstan modelindən istifadə etsək, ciddi nailiyyətlər əldə edə bilərik:
“Gürcüstanda əmək haqqından toplanan vergi və sığorta haqları birləşdirildi, nəticədə iki dəfə azaldıldı. Azərbaycanda isə iş sahibləri vergi, sığorta və icbari tibbi sığorta haqqı ilə birlikdə 27 faiz vergi ödəyir”.
Həmsöhbətimiz qeyd edir ki, pensiya qanunvericiliyi və əmək qanunvericiliyinə yenidən baxılmalıdır:
“Hər ikisi mükəmməl deyil. Sahibkarın ödədiyi vergi, sığorta haqları üzrə məbləğ azaldılmalıdır. İndiki halda isə sahibkar az vergi və sosial sığorta ödəmək üçün işçiylə anlaşmaya gedərək, ona minimum əmək haqqı yazır, amma faktiki əlavə maaş verir. Azərbaycanda özəl sektorda bu praktika geniş yayılıb. Mövcud durumda bunun başqa yolu da yoxdur. Bu da əmək haqqından tutulan vergi və ödənişlərin çox yüksək olmasından irəli gəlir. Vergi və ödənişlər az qala əmək haqqı fondunun 42 faizini təşkil edir. Gürcüstanda isə 20 faizdir”.
Qeyd edək ki, Azərbaycanda əmək qanunvericiliyini pozan vəzifəli şəxslər üçün yeni cərimələr tətbiq ediləcək. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilib. Belə ki, Məcəlləyə yeni 539.1-1-ci maddənin əlavə edilməsi istənilir.
Sənəddə bildirilir ki, əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının icra edilməməsinə görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 2000 manat məbləğində cərimə edilir.