“Vətəndaş kimsəsiz olduğuna görə əməliyyat edilmir” – İNSANLIQ ÖLÜBMÜ?backend

“Vətəndaş kimsəsiz olduğuna görə əməliyyat edilmir” – İNSANLIQ ÖLÜBMÜ?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İki il əvvəl dizimdə artroz (oynaq xəstəliyi) yaranıb. Qoltuq ağacı ilə gəzirdim. 3 həftə əvvəl yıxılmışam, budum sınıb. O ağrılarla küçə həyatı sürürəm, 2 həftədir ki, bir yaxşı insan məni xəstəxanaya yerləşdirib, ancaq kimsəsiz olduğuma görə əməliyyatımda problem yaranıb. Düzdür, heç bir həkim mənim özümə gəlib demir ki, xəstəxanadan çıx, münasibətləri də normaldır. Ancaq bilirəm ki, məni bura yerləşdirən insandan gəlib məni burdan çıxartmasını tələb edirlər”.

64 yaşlı Akif Əliyev Meydan TV-yə danışır ki, mayor rütbəli keçmiş hərbçidir, Birinci Qarabağ döyüşçüsü olub. Qalmağa yeri yoxdur. Yıxılıb, sol ayağı zədələnib, yeriyə bilmir, əməliyyata ehtiyacı var. İki həftədir ki, Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib. Ayağa qalxması üçün sol bud nahiyəsində əməliyyat aparılmalıdır, ancaq kimsəsiz olduğuna görə xəstəxana rəhbərliyi nəinki onun əməliyyatını həyata keçirmir, əksinə, hər gün xəstəxanadan çıxmasını tələb edir.

Ötən il onu sığınacağa yerləşdirmişdik

Bir neçə il öncə Meydan TV getməyə yeri olmayan və küçə həyatı sürən Akif Əliyevdən videoreportaj hazırlamışdı.

Məhz bu reportajdan sonra o, sosial sığınacağa yerləşdirilmişdi. Sol ayağında problem olan Akif Əliyev vəziyyətinin günbəgün ağırlaşdığını gördükdə necə deyərlər, başının çarəsini qılmaq üçün sığınacağı tərk edib və xəstəxanalara üz tutub. Ancaq heç bir xəstəxana ona yardım göstərməyib və beləcə, o, yenidən küçə həyatı sürməli olub. Bu il iyunun 16-da onu xəstəxanaya yerləşdirənsə “Əl-ələ Validynlər Cəmiyyəti” İctimai Birliyinin sədr müavini Əhməd Rəhmanov olub.

Əhməd Rəhmanov danışır ki, təsadüfən Xətai Rayon Telefon Qovşağının yaxınlığından keçərkən Akif Əliyevi yolun kənarında huşsuz vəziyyətdə görüb. Kömək məqsədilə yaxınlaşıb, su verib, vəziyyətiylə maraqlanıb və onu xəstəxanaya yerləşdirmək qərarına gəlib. Əhməd Rəhmanov:

“Akif dedi ki, getməyə yeri yoxdur. Ona kömək adıyla yaxınlaşan bir gəncsə içərisində sənədləri olan sellofan torbasını götürərək qaçıb. Üzərində yalnız şəxsiyyət vəsiqəsi vardı. Yeriyə bilmirdi, ağrıdan zarıyırdı. Xahiş etdi ki, onu xəstəxanaya yerləşdirim. Mən təcili yardıma zəng vurdum, təcili yardım maşını gəldi, həkim briqadası bildirdi ki, kimsəsiz və evsiz olduğuna görə heç bir xəstəxana onu qəbul etməyəcək. Ona görə özüm də onlarla xəstəxanaya getməli oldum”.

“Xəstəxana qəbul etmək istəmirdi”

Akif Əliyev təcili yardım maşınıyla Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna gətirilib. Ancaq xəstəxana onu qəbul etmək istəməyib. Əhməd Rəhmanov:

“Xəstəxanada müayinə edib dedilər ki, sol budunda sınıq var, implant qoyulmalıdır. Ancaq bu xəstə kimsəsizdirsə, əməliyyat xərcini ödəyən olmayacaqsa, əməliyyat edə bilmərik. Dedim: “Siz xəstəxanaya qəbul edin, mən bu məsələni İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə həll edəcəm”. Bir neçə saatlıq mübahisələrdən sonra nəhayət, qəbul etdilər, ayağın aşağı hissəsindən dizinə qədər kips qoyub palataya yerləşdirdilər. Mənsə agentliyə getdim, qəbul şöbəsində Sevinc adlı xanım işçi ilə danışdım. Sevinc xanım xəstəxanadan əməliyyat barədə arayış gətirməyimi istədi. 3 günlük mübahisə, get-gəldən sonra nəhayət, o arayışı da ala bildim və agentliyə təqdim etdim. Bildirildi ki, 2 gün ərzində cavab veriləcək. Daha sonrakı müraciətlərimdə əvvəl bildirildi ki, sənədə möhür vuran şöbə müdiri məzuniyyətdədir. Daha sonra isə bildirildi ki, vətəndaş kimsəsiz olduğuna görə agentlik heç nə edə bilməz”.

“Tez-tez zəng vurub deyirlər, gəl, apar”

Əhməd Rəhmanov deyir, ona tez-tez zəng olur, Akif Əliyevi xəstəxanadan çıxarması istənilir:

“Deyirlər, necə gətirmisən, eləcə də gəl götür apar… Deyirəm, hara aparım? Müalicə edin, adam ayağa qalxsın, özünüidarəni bərpa etsin, ondan sonra xəstəxananı tərk etsin. Deyirlər, sığortası yoxdur, onsuz da əməliyyat etməyəcəyik, palatada yer tutur. Mən də deyirəm, sizə lazımdırsa, götürün xərəkdə qoyun küçəyə, mən də gəlim küçədən götürüb aparım elə xərəkdəcə qoyum onu Prezident Administrasiyasının binasının qarşısına. Vəziyyət bu yerdədir yəni… Hazırda bu səbəbdən xəstəyə baş çəkməyə gedə bilmirəm”.

Əhməd Rəhmanov deyir, Akif Əliyevi bu vəziyyətdə xəstəxanadan çıxarsa, onu heç sosial sığınacağa da yerləşdirə bilməyəcək. Çünki Sosial Xidmətlər Agentliyindən ona bildirilib ki, özünü fiziki idarə edə bilməyən şəxslər sığınacağa qəbul edilmir.

Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan Meydan TV-yə bildirilib ki, Akif Əliyev iki həftədir ki, xəstəxanaya qəbul edilib, ona hər cür tibbi yardım göstərilib və hazırda xəstəxananın 3-cü mərtəbəsindəki 8-ci palatada müalicəsi davam edir. Bud nahiyəsindəki sınıq birləşdikdən sonra xəstəxanadan buraxılacaq.