Vətən müharibəsinin yeganə xanım şəhidinin anım günüdürbackend

Vətən müharibəsinin yeganə xanım şəhidinin anım günüdür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
TİA.AZ xəbər verir ki, xanım şəhidimiz 2020-ci ilin 23 oktyabrında Qubadlı döyüşləri zamanı şəhid olub.

Arəstə Baxışova 1989-cu il mayın 4-də Xaçmaz şəhərində anadan olub. Atası baş leytenant Kərim Baxışov Fövqəladə Hallar Nazirliyində Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb və Arəstənin dörd yaşı olanda vəfat edib.
Arəstə Baxışova 1995-2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 nömrəli tam orta məktəbdə təhsil alıb. 2004-2008-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Kollecində “İngilis dili” üzrə təhsil alıb.
2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Hərbi Hospitalında tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən N saylı hərbi hissəsində operator vəzifəsində xidmət edib.
Azərbaycan Ordusunun çavuşu olan hərbi feldşer Arəstə Baxışova 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanındanca tibbi yardım göstərib. Oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub. Biləcəri qəsəbəsinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Arəstə Baxışova ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Ölümündən sonra – 2021-ci il mayın 12-də Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən ingilis tibb bacısı Florens Naytingelin şərəfinə təsis olunan “Florence Nightingale” medalı ilə təltif edilib.
Arəstə Baxışovanın Mərdan adlı oğlu və Zəhra adlı qızı yadigar qalıb.
2020-ci ildə Vətən müharibəsi başlayanda Arəstə anasına zəng edib könüllü olaraq cəbhəyə gedəcəyini bildirmişdi. Arəstənin cəbhədəki vəzifəsi yaralı əsgərlərə ilk tibbi yardım göstərib onları döyüş bölgəsindən uzaqlaşdırmaq olub. Onlarla yaralı əsgər onun göstərdiyi düzgün ilk tibbi yardım sayəsində həyatda qalıb, bu gün ailəsinə qovuşub.
Allah bütün şəhidlərimizi rəhmət eləsin!